Prokuror qəzet rəhbərinə 5 il həbs cəzası istədi

shirin-ceferliŞirin Cəfərli: «Tənqidə dözümsüz məmurların sifarişilə məhkəmələr bu cür ədalətsiz və qanunsuz qərarlar verir»

“Gündəm-Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərlinin məhkəməsi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb. Bu iş üzrə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyilə keçirilən dünənki məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək, qəzet təsisçisinin 5 il azadlıqdan məhrum olunmasını istəyib.

Qeyd edək ki, Şirin Cəfərli Cinayət Məcəlləsinin 306.2-ci (vəzifəli şəxs tərəfindən məhkəmə qərarının icra olunmaması) maddəsilə ittiham olunur. Qəzetin təsisçisi Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin 2013-cü ilin mayında çıxartdığı hökmü icra etməməkdə təqsirləndirilir. Həmin hökmə əsasən, Şirin Cəfərli CM-nin 213.2.2-ci (külli miqdarda gəlir əldə etməklə vergi ödəməkdən yayınma) maddəsilə təqsirli bilinib iki il sınaq müddəti olmaqla, üç il şərti azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71478 manat ödəməsi barədə qərar çıxarıb. Şirin Cəfərli bu məbləğin 540 manatını ödəyib. Qalan məbləği ödəmədiyinə görə keçən ilin fevralında 500 manat cərimələnib. Bundan sonra – martın 5-də isə Ədliyyə Nazirliyinin Istintaq Idarəsində ona qarşı CM-nin 306-cı maddəsilə cinayət işi başlanıb.

Şirin Cəfərli “Azadlıq”a açıqlamasında bildirib ki, heç bir əsas olmadan üzərinə 70 mindən artıq vergi borcu qoyulmasına dair məhkəmə qərarı kimi, prokurorun bu qədər vəsaiti ödəyə bilmədiyinə görə ona beş il həbs cəzası istəməsi də ədalətsizlikdir. Onun sözlərinə görə, Kəpəz Rayon Məhkəməsi “Gündəm-Xəbər”in 8000 tirajla çap edilib, bütün nüsxələrin də satılması fərziyyəsilə belə həqiqətə uyğun olmayan gəlir hesablayıb. Özü də xərcləri nəzərə almadan. Qəzet satışından – 40 qəpikdən yalnız çap xərci kimi 7 qəpik çıxılıb, qalanı gəlir kimi hesablanıb: “Qəzetçilikdən azacıq anlayışı olan adam bilir ki, bu cür yanaşma kökündən yanlışdır. Heç bir qəzet çap olunduğu qədər satılmır. Üstəlik, satışdan gələn vəsaitin hamısı gəlir deyil, xeyli xərclər var. Belə bir qanunsuz və əsassız qərar əsasında indi də məni həbs eləmək istəyirlər”.

Şirin Cəfərli qeyd edib ki, tənqidə dözümsüzlük nümayiş etdirən məmurların sifarişlərilə məhkəmələr bu cür ədalətsiz və qanunsuz qərarlar qəbul edir.

Şirin Cəfərlinin vəkili Zaur Niftəliyev müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Bu səbəbdən də məhkəmə fevralın 16-na qədər təxirə salınıb.

Aytən