Sarkozi cari maraqları naminə ölməkdə olan sistemlərə can verdi
Fransa Senatının aşağı palatası “erməni soyqırımı”nı inkar edənlərə cəza kəsilməsi barədə qanun layihəsini qəbul etdi. Hərçənd, buna “Fransanın ali qanunvericilik orqanı dünyanın böyük bir hissəsi ilə öz ölkəsinin əlaqəsini kəsdi” də deyə bilərik. Bu qərar qüvvəyə minərsə, Fransa məhkəmələri mühacir türkləri (azərbaycanlı və türkiyəli) həbs edərək ya türməyə göndərəcək, ya da ona elə bir cərimə kəsəcək ki, bir də qəddini düzəldə bilməsin. Ən azmanlarını isə deportasiya edəcək. Bu anlamda sözügedən siyasətə “Fransada türksüzləşdirmə siyasətinə başlanğıc” da deyə bilərik.
Fransa dünyanın önəmli ölkələrindəndir. Demokratiya və azadlıqlar tarixində öz imzası olan bir xalq kimi fransızlar bu olaydan təbii ki, təsirlənəcəklər. Bu təsirlər barədə bir qədər sonra. Indi isə biz bu qərarın ortaya çıxmasını şərtləndirən səbəbləri gözdən keçirməyə cəhd edək.
Erməni sevgisimi?..
Əlbəttə, “bu qərar ermənilərin, erməni lobbisinin və rəsmi Irəvanın çörəyinə yağ sürtdü” demək olar. Fransa kimi bir ölkə Ermənistanın və ya erməni lobbisinin təsirində qərarlar qəbul edib Türkiyəni qarşısına almağı asanca icra edirsə, bu, bir qədər düşündürücü vəziyyətdir. Bu qərarın arxasındakı oyun meydançası Ermənistanın ərazisindən çox-çox böyükdür. Elə isə, nə?..
Birincisi, diqqətdən qaçmamalıdır ki, Sarkozi Fransada sağçı qanadın təmsilçisi kimi növbəti prezident seçkilərinə qatılacaq. Rəy sorğuları onun vəziyyətinin xeyli gərgin olduğunu deməyə əsas verir. Görünür, Sarkozi ölkə daxilində populyarlığını artırmaq üçün bu addımdan yararlanmaq istəyib və Türklərin fransızlar üçün yaxşı bir hədəf – rəqib olacağını da nəzərə alıb.
Eyni zamanda, Sarkozi yəhudi əsillidir və Türkiyə ilə Israil arasında baş verənlər bu qərara növbəti bir təkan ola bilər. Yeri gəlmişkən, Israil-Fələstin məsələsində hər zaman Fələstinin mövqeyindən çıxış edən Fransa hökuməti Sarkozinin prezidentliyi dövründə bu mövzuda susmağa üstünlük verib ki, bu da çox ciddi mövqe dəyişikliyi sayıla bilər.
Ikincisi, Türkiyə Avropa Birliyi yolunda qətiyyətlə irəliləyirdi. Hətta iş o yerə çatmışdı ki, rəsmi Ankara qarşı tərəfi subyektiv olmaqda ittiham edirdi. Amma bu qərar vəziyyəti və ölkələr arasındakı statusu birdən-birə dəyişdi. Türkiyə indi Fransa ilə bütün əlaqələrə son qoymuş durumdadır. Bu durumdan məmnun olan ölkələr sırasında təbii ki, Almaniya da var. Yəni, indi Türkiyənin hücum deyil də, müdafiə cəbhəsinə keçməsi onların durumunu xeyli yaxşılaşdırmış kimi görünür. Hərçənd, bu heç də məntiqli çıxış yolu sayıla bilməz.
Avropaya içindən zərbə
Bu qərarın qəbulu ilk növbədə fransız xalqını oyatmalıdır. Söhbət ondan gedir ki, artıq Qərb demokratiyasının başının üstünü qara buludlar almaqdadır. Senatın bu qərarı o deməkdir ki, Fransa hökuməti bir seçki üçün sifarişli qərarlar qəbul edə bilər. Bu, ciddi bir sual yaradır: Fransada hakimiyyətin mənbəyi fransız xalqıdır, yoxsa oradakı erməni lobbisi? Fransanın prezidenti olmaq üçün ermənilərə jest etmək lazımdırsa, o zaman fransız xalqı öz aqibəti barədə düşünməlidir. Fransa demokratiyanın beşiyimidir, məzarımı? Bu suala da fransızlar cavab tapmalıdırlar. Çünki hakimiyyətə gəlmək və ya hakimiyyətdə qalmaq üçün öz xalqını, dövlətini dünyanın güclü və alternativ sivilizasiyası ilə qarşı-qarşıya qoymaq siyasətdə ən aciz, yarıtmaz adamların işidir. Düşmənçiliklərdən faydalanmaq heç bir xalqa və dövlətə, hökumətə və liderə başucalığı gətirməz. Fransızlar bir daha düşünməlidirlər ki, onların hökuməti daha hansı maraqları nəzərə ala bilərlər. Görünür, Sarkozi üçün Qəzzafinin yerini biriləri mütləq doldurmalıdır. Onun niyə fransız seçicisinə arxalanmadığını isə biz araşıdırmayaq. Sadəcə, onu deyək ki, fransız millətçisi kimi fəal olan yəhudi mühacir Sarkozi xeyli məsələ barədə düşünməyə imkan yaradıb.
Türkiyə nə etməli idi?
Bu, qətiyyən min illərdir dövlətçilik və xarici siyasət təcrübəsi olan Türkiyəyə dərs vermək kimi anlaşılmamalıdır. Amma Türkiyənin Fransa ilə münasibətləri kəsməsi bir qədər isterik qərar idi. Əslində, bu qərarı hazırlayanların planlarının bir hissəsi də elə Türkiyənin bu addımı ola bilər. Çünki ən müxtəlif səbəblərdən olsa belə, məqsəd Türkiyə ilə münasibətləri korlamaq və onun bərpası adı altında vaxt qazanmaq idi. Düzdür, bu bir qədər qeyri-populyar qərar olardı. Nəzərdən qaçırmaq olmaz ki, Ərdoğanın bir çox addımları qeyri-populyar olub. Amma sonradan ictimai rəyə hopa bilib. Bir məsələ də var ki, Türkiyə müxalifətinin baş verən hadisəyə ifrat millətçilik mövqeyi sərgiləməyəcəyi və ya bunu AKP hökumətinin tam bacarıqsızlığı kimi təqdim etməyəcəyinə də təminat yox idi. Bu isə daxildə məsələyə dair fikir haçalığı yarada bilərdi. Türkiyə cəmiyyətinin bu cür birbaşa və sadə qərarlarda yox, daha dərin planlarda konsalidasiya əldə edə bilməməsi Fransa ilə bütün münasibətləri kəsmək kimi qərara səbəb olub.
Minsk Qrupunda nə olacaq?
Fransa Ermənistanın tarixi iddialarından birini qəbul etdi. Rəsmi qaydada bu, Ermənistanın qonşularına olan iddialarından başlıcasını təsdiqləmək idi. Belə olan halda, Fransa Qarabağ məsələsində neytral sayıla bilərmi? Əlbəttə ki, xeyr. Rəsmi Bakı bu məsələdə mövqeyini açıq və birmənalı şəkildə ifadə etməlidir. Üstəlik, Fransanın özünün qəbul etdiyi qərar imkan verir ki, bu ölkə Minsk Qrupundan uzaqlaşdırılsın.
Təbii ki, Fransa bu qərarından imtina edərsə, yeni siyasi vəziyyət yarada bilər. Amma buna qədər Azərbaycan və Ermənistan arasındakı danışıqlarda Fransa kimi bir vasitəçinin olması obyektivliyin üzərinə ciddi kölgələr salmış olacaq. Çünki bu qərarla Fransa Azərbaycana da öz münasibətini ifadə etdi, amma rəsmi Bakı eyni gündə Fransa-Azərbaycan arasındakı memorandumu Ilham Əliyevin imzası ilə təsdiqləyərək, baş verənlərin fonunda xeyli anlaqsız göründü. Bu anlaqsızlığın başlıca göstəricisi Türkiyənin qəbul etdiyi qərarı qəbul edə və ya dəstəkləyə bilməməkdir. Ola bilsin ki, bu addımları istəməmək, ya da sadəcə, bacarmamaq rəsmi Bakını daha dərin səhvə yuvarlayıb. Əslində isə, ən yaxşı yol bütün ictimai siyasi spektrin iştirakı ilə parlamentdə dinləmələr təşkil etmək ola bilərdi. Orada qəbul edilən qarar rəsmi Bakının məsuliyyətini xeyli zəiflədər və durumunu yüngülləşdirərdi.
Ermənistan ağ günəmi çıxdı?
Əslində, Fransanın guya “at gedişi” Ermənistanı və erməni xalqını real mat vəziyyətinə salıb. Ermənilərin bütün ümidi ona idi ki, Türkiyə ilə münasibətlər birtəhər düzələr, sərhədlər açılar və Qərbə çıxış imkanı yaranar. Amma Fransanın bu addımı erməniləri ömürlük Rusiya zindanına kilidləmiş oldu.
Bu addım bir tərəfdən də Rusiyanın işinə yaradı. Ona görə ki, Qarabağ məsələsini nəzərə alaraq, Ermənistanla sərhədləri bağlı saxlayan Türkiyə Ermənistan üçün hər an yağlı müştəri rolunda idi. Yəni, hər an yeni şərait yarana bilərdi. Indi isə iş daha sağlam bağlandı. Türkiyə-Ermənistan münasibətləri birbaşa gərginliyə girdi. Indi ABŞ başda olmaqla, Türkiyədən Ermənistana daha xoş münasibət istəyənlərin sözü azaldı. Indi Türkiyə beynəlxalq aləmdə daha ciddi arqumentlərə sahib olacaq. Hazırkı münasibətləri gərginləşdirən qərar verdiyinə görə Fransa ciddi məsuliyyət altına girməklə həm də qınaq obyektinə çevrilə bilər. Yolunu və marağını Türkiyənin təsir zolağından keçirən hər kəs bu reallığı ifadə etməyə məcburdur.
ABŞ-a zərbəmi?
Daha bir ziddiyyətli məqam isə ABŞ-la bağlıdır. Bu qərar Ağ Evin Yaxın Şərq siyasətinə ciddi bir zərbə sayıla bilər. Baş verənlərə münasibət bildirmək Vaşinqton üçün sərt dilemma yaradacaq. Türkiyəni narazı salan hər hansı fikir səsləndirmək bu həssas bölgədə başlanmış işi mənfi təsirlərə məruz qoya bilər. Digər tərəfdən, Fransa ABŞ üçün sadə bir Avropa ölkəsi deyil. Onun qərarlarını da asanlıqla gözardı etmək olmaz. Açıq-aşkar görünür ki, bu, yeni münasibətlər sisteminə keçid cəhdidir. Ən azı, öncəki münasibətləri korlamaq və ya öz təşəbbüsünün təsirinə salmaq cəhdidir.
Bu qərarın yaratdığı reallıqdan ABŞ Türkiyəyə qarşı istifadə edə bilərmi? Yəni Vaşinqton bu tendensiyanın davam edə biləcəyi ehtimalı üzərində özünün köməyini təklif etməklə Türkiyəni hansısa maraqlarından daşındıra bilərmi? Bu, o qədər də ağlabatan görünmür. Ancaq belə bir addım atılarsa, Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxa bilər. Çünki Türkiyə nəinki Türk, hətta bütövlükdə müsəlman dünyasında nüfuz və təsir sahibi olan ölkədir. ABŞ isə Islam dünyası ilə yenicə dil tapmış görünür. Bu anlamda Fransanın bu hərəkəti Irana ciddi dəstək də sayıla bilər. Çünki Türkiyə Iran məsələsində mühüm halqalardan biri idi və indi onun gündəmi tamam başqa məsələdir.
Eyni zamanda, Türkiyə hökuməti hazırkı şəraitdə Qərb blokunda rahat davranmaq imkanlarını itirib. Çünki Fransanın bu qərarı Türkiyə toplumunda anti-Qərb əhvalını təbii olaraq gücləndirib. Beləliklə, Fransa Iran əleyhinə sərt çıxışlar etsə də, bu addımı ilə Irana da nəfəslik vermiş oldu.
Fransa Senatı 1915-ci ildə baş verdiyi iddia olunan və heç bir sənədlə sübuta yetirilməyən qondarma bir akta dair qərar qəbul etməklə təkcə tarixi hadisəyə münsibət bildirmədi, həm də fransız xalqını dünyanın böyük bir mədəniyyəti ilə üz-üzə qoydu və Parisi Avropa demokratiyasının qəbrinə çevirdi.
Seymur Həzi