Qanunsuz balıq və çöl quşu ovuna kimlər himayədarlıq edir?
Bu işə məsul şəxs Adil Vəliyev Kəmaləddin Heydərovla Bəylər Əyyubovu ittiham edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETST) Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Şəmkir Rayon Yenikənd və Mingəçevir su anbarı ərazisində bioloji resursların mühafizəsini eləcə də qanunsuz ov edilməsi hallarının qarşısının alınması istiqamətində tədbirlər görmək əvəzinə öz çirkin məqsədlərinə nail olmaq üçün əhalidən pul yığmaqla məşquldur.
Adı çəkilən ərazilərdə yüzlərlə qeyri-qanuni balıq vətəgələri lisenziyası olmadan matorlu katerlərlə Kür çayı hövzəsində olan bioloji resurslarına qənim kəsilib. Şəmkir rayonun Kür qəsəbəsinin Yenikənd Balıqartırma və Meliorasiya Təsərrüfatı zavodunun ərazisindən Mingəcevir Su Anbarı ərazisinə qədər brakonyer dəstələrinə addım başı rast gəlmək mümkündür. Hər bir brakonyer dəstənin arxasında yüksək vəzifə sahiblərinin durduğunu brakonyerlərdən və ekologiya işçilərinin dilindən eşitmək olur.
Bu ərazilərdə ən çox balıq ovuyla Samux rayonun Sünnilər və Hacallar kəndinin sakinləri məşğuldurlar. Bizimlə söhbətində Sünnilər kəndinin Şahlar və Şamo adlı sakinləri bildirdilər ki, onların 1 ədəd matorlu kateri var. Onlar aylıq haqq olaraq Adil Vəliyevə 175 manat pul verirlər. 20 manat isə ərazi ekologiya şöbəsinə ödənilir. Hacallı kəndinin Oruc, Kazım və Tahariz adlı sakinləri isə deyib ki, onların 2 ədəd motorlu, 1 ədəd isə motorsuz qayıqları var. Bu baxımdan digərlərinə baxanda xərcləri daha çoxdur.
Onlar da bildirib ki, hər ay Adil Vəliyevə “vergi” verməli olurlar. Balıqçılarla söhbət zamanı məlum olub ki, motorsuz qayıqlar üçün aylıq “vergi” 100 manat təşkil edir.
Bioloji resursların artırılması və mühafizəsi idarəsinin rəisi Adil Vəliyev isə qəzetimizə açıqlamasında deyib ki, ərazidəki balıq vətəgələri iri çaplı məmurlara məxsusdur. Onun iddiasına görə, əsasən bu işlə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov məşğul olur.
Ərşad