Sumqayıtda Əliyev üçün TORTparad

Eldar Əzizov 50 metrlik tortdan ölkə başçısına niyə pay göndərməyib?

Icra hakimiyyətinin Əbülfəz Hənifəyev adlı “qoçu”sunun məcaraları

 

Sumqayıtın icra başçısı Eldar Əzizov yerini dəyişsə də, Ilham Əliyevin ad gününə tort bişirtdirmək ənənəsini saxlayıb. O, əsasını Gəncədə qoyduğu bu mənasız tort kampaniyasını Sumqayıtda da davam etdirib. Və dünən Ilham Əliyevin 50 illiyinin şərəfinə sumqayıtlılar 50 metrlik torta “qonaq” edilib.

Həkimlər xəstələri atıb tort qonaqlığına gediblər

Çəkisi 12 ton olan 50 metrlik tort Kimyaçılar Sarayının qarşısına gətirilmişdi. Sarayın qarşısına təxminən 2 min insan toplaşmışdı. Ilham Əliyevin şəninə kəsilən tortdan dadmağa gələnlərin əksəriyyəti büdcə təşkilatlarının işçisi idilər. Mərasim saat 11-ə təyin olunsa da, müəllimlər, şagird və tələbələr 1 saat əvvəldə əraziyə gətirilmişdilər. Gücləndirilmiş iş rejiminə keçən polislər özləriylə dəyənək götürməyi də unutmamışdı.

Sumqayıt 3 saylı şəhər xəstəxanasının işçiləri də ad günü törəninə qatıldığı üçün adıçəkilən müəssisəyə təşrif buyuranlar ya saat 10-a qədər, ya da 13-dən sonra gəlməli idi. Bütün xəstələr tibb bacılarının ümidinə qalmışdı. Analizə 10-dan sonra gələnlər qapının ağzında gözləməyə  məhkum idilər.  
Səhər saat 11-də Eldar Əzizov əshabı ilə Sarayın qarşısına  təşrif buyurdu. “Vətən oğlu” mahnısının sədaları altında jurnalistlərə tortla bağlı açıqlama verən icra başçısı “Tortdan prezidentin payını göndərdinizmi?” sualına o, “Xeyir, bu tort camaat üçün bişirilib” cavabını verdi. Tort kəsiləndən sonra Eldar Əzizov ərazini tərk etdi.

Elə bundan sonra tortdan dadmaq uğrunda gərgin mübarizə başladı. Tort ilə camaat arasında kordon rolunu polis oynayırdı. Bir tərəfdən giriş, digər tərəfdən çıxış yaradılsa da, insanlar topa şəklində torta hücum çəkmək istəyirdilər. Ahıl insanlar asayiş keşikçilərinin müşayiəti ilə torta yaxınlaşır və bir dilim götürüb yola salınırdılar. Tortdan iki dilim götürməyə imkan verilmirdi. Lakin torta nəzarət edənlər arasında tanış-bilişi olanlar bir neçə dilim götürə bilirdilər. Polislər hay-küy qopmasın deyə, özləri də camaata tort paylamağa başlamışdılar.

Şöbə müdirinin tərbiyəsizliyi

Təxminən iki saatdan sonra tort yeyilib qurtardı. Ərazidə var-gəl edən məktəblilər arasında kiçik bir insident yaşandı. “Azadlıq” radiosunun əməkdaşı Maarif Çingizoğlu hadisəni lentə alanda polis və 4-5 mülki geyimli şəxslərin özbaşınalığı ilə üzləşdi. Çəkilişi kameradan silməyi tələb edən asayiş keşikçiləri jurnalisti həbslə hədələdi. Onlar  zorla kameranı Maarif Çingizoğlunun əlindən alındı, son görüntülər silindikdən sonra qaytarıldı. Bu azmış kimi jurnalistin paltosunu da cırdılar.

Dünənki tədbirdə “Azadlıq” qəzetinin əməkdaşları – Vidadi Məmmədov, Namiq Cəfərli və bu yazının müəllifi də mülki geyimli şəxslərin hədə və təzyiqləriylə üzləşdilər. Qəzetimizin əməkdaşlarının fotoaparatı əlindən alındı. Mətbuatın ünvanına təhqiramiz ifadələr işlədən Sumqayıt şəhər icra hakimiyyətinin Əbülfəz adlı şöbə müdiri və onun əlaltıları bizi bayaqdan izlədiklərini söylədilər. Bir dilim üçün əldən-ayaqdan gedən uşaqların şəkillərini çəkmək onların maraq dairəsində olmadığından fotoaparatı əlimizdən aldılar. Çəkiliş üçün icazə aldığımızı onlara söyləsək də, icra hakimiyyətinin işçiləri buna məhəl qoymadılar. Polis rəis müavini Azər Cahangirova yaxınlaşıb, fotoaparatımızı qaytarılmasını istədik. Yalnız bundan sonra icra hakimiyyətinin məsul işçisi bizi mədəniyyət sarayına dəvət edib, bir qədər proflaktik söhbətdən və bir neçə şəkli sildikdən sonra fotoaparatı geri qaytardı.
Əbülfəz adlı şöbə müdirinə gəlincə, “Azadlıq”ın əməkdaşları onunla bağlı Baş Prokurorluğa və DIN-ə müraciət etməyi planlaşdırır.

Ramin DEKO