Ceyhun İsgəndərlinin ailəsinə heç bir məlumat verilmir
Hakimiyyətin cəbhəçi ovu davam edir. AXCP GK-nın Nəsimi rayon şöbəsinin üzvü 1993-cü il təvəllüdlü İsgəndərli Ceyhun Hikmət oğlu yanvarın 22-də Yevlax rayonu Qaroğlan kəndində ailəsinin yaşadığı evdən faktiki oğurlanaraq, Yevlax Şəhər Polis İdarəsinə aparılıb. Bu tarixdən etibarən ailəsi Ceyhundan xəbər ala bilməyib. Ceyhunun atası Hikmət İsgəndərlinin dünən “Azadlıq” qəzetinə verdiyi məlumata görə, hadisə yanvarın 22-də axşam saatlarında baş verib: “22 yanvar saat 22-00 radalərində Ceyhun yaşadığımız Yexlax rayon Qaroğlan kəndinin Saleh adlı sahə müvəkkili tərəfindən oğurlanaraq şəhər polis idarəsinə aparılıb. Həmin gün mən işimlə əlaqədar Bakı şəhərində idim. Hadisənin səhəri gün mənə gizli nömrədən zəng edən Ceyhun dedi ki, “ata hazırda Gəncə polisindəyəm və məni narkotiklə şərləyiblər”. Təkcə bunu deyə bildi. Gəncə polisinə getdim, amma Ceyhunla görüşməyə şərait yaratmadılar”.
Atası onu da əlavə etdi ki, Ceyhunun hansı tərbiyə və vərdişlərə malik olması bütün kənd camaatına bəllidir : “Oğlum heç bir zaman narkotik istifadə etməyib. Bundan adım kimi əminəm. Düşünürəm ki, bu həbs Ceyhunun göstərdiyi vətəndaşlıq mövqeyi və ictimai-siyasi fəaliyyətilə bağlıdır”.
Hikmət İsgəndərli onu da qeyd edib ki, Ceyhuna göndərdikləri geyimləri də qəbul etməyiblər.
Qeyd edək ki, AXCP Nəsimi rayon şöbə rəhbərliyindən redaksiyaya verilən məlumatda da Ceyhun İsgəndərlinin fəal sosial şəbəkə istifadəçi olduğu təsdiqlənib. Partiyanın rayon şöbəsi cəbhəçi gəncin məhz siyasi baxışlarına görə hakimiyyətin hədəfinə tuş gəldiyi qənaətindədir.