Afrika haqda çox az oxumuşam. Amma bir dəfə bir etnoqrafik qeydlər keçdi əlimə. Oradakı ştrixlər, incə mətləblər mənə çox maraqlı göründü. Bir anlığa düşündüm ki, bizim haqqımızda yazıblar. Qəbilələrin, kiçik insan qruplarının da “özününkü” və “özgəsi” anlayışları, tabuları, qadağaları var. Mən indi bunu yazanda öz həyat tərzimiz gözümün önünə gəldi. Bir də görürsən ki, biri nəsə deyir və dərhal bütün “qəbilə” düşür onun üstünə. Bir fərq var ki, bizi yemirlər… Buna da şükr! Amma təcrid olunmaq da yeyilmək kimi bir şeydir: sən sanki yoxsan, zəng etmirlər, harasa çağırmırlar, dinləmirlər, maraqlanmırlar.
Mən bir çox situasiyalarla irəlicədən maraqlanmışam və digər dissidentlərin həyatını öyrənmişəm. Sovetlər vaxtı da təcrid olunanlar olub. O vaxt da belə bir şey vardı: bəzi yəhudi mənşəli alimlər Israilə getmək istəyirdilər. Amma rejim onları müxtəlif bəhanələrlə buraxmır, ölkədə saxlayır və təcrid edirdi!..
Maraqlısı budur ki, insanlar bu situasiyadan da çıxış yolu tapırdılar. Özlərini itirmir, öz seminarlarını təşkil edir, hətta bülletenlərini buraxırdılar. Aydındır ki, indi vəziyyət gəlib bu səviyyəyə çata bilməz. Lakin məsəl var, deyirlər ki, şeytan nə ilə zarafat etmir?! Sosiologiyada adətən böyük qrupların tədqiqatı ilə məşğul olurlar. Amma mikro-qruplar da var… Bəzi hallarda onlar böyük qruplardan heç də az maraq kəsb etmir. Belə mikroqruplar yaratmaq və təcrid olunmaq təhlükəsini bu yolla dəf etmək lazımdır. Bu hakimiyyət işini bilir – o, insanı öz mikroqrupları ilə üz-üzə qoyur. Məsələn, elm adamını siyasi qrupla, siyasi institutla üz-üzə qoymaq hələ ən təhlükəli aqibət deyil və bunun nəticələrini yaşamaq mümkündür. Çətinlik onda başlayır ki, tutaq ki, elm adamını elmi mühitlə üz-üzə qoyurlar! Bu halda insan özünün əsas mikro mühitini itirir və böyük sarsıntılar yaşayır. Sovetlər A.Saxarovu bəzi qruplarla ixtilaf qarşısında qoymuşdu – o siyasi baxımdan etibarsız, ictimai baxımdan təhlükəli elan edilmişdi, çünki hakimiyyətlə, siyasi sistemlə tam ixtilafda idi. Amma onu əsas mikromühitlə – elmi mühitlə üz-üzə qoymaq mümkün olmamışdı. Bəlkə də Saxarovu yaşadan bu idi. Mən başqa misallar çəkə bilərəm və belə mikro mühitlərin başqa nümunələrini göstərə bilərəm.
Fəqət, buna lüzum yox. Düşünürəm ki, fikrimi çatdırdım. Bir məsələni ayrıca qeyd etməyə dəyər. Insanları təcrid etməkdə məqsəd onlar üçün tək siyasi, ictimai nəticələri ola biləcək situasiyalar yaratmaq deyil, bu cür situasiyalar həm də psixoloji nəticələr yaradır. Bunlar fərdin sosial statusunu azaltmağa çalışırlar. Sosial status isə insanın bütün ömrü boyu özü üçün qazandığı ən böyük sərvətdir. Bir gündə səni ondan məhrum etmək istəyirlər və təbii, bu, insanda “psixoloji bunt” yaradır. Bunu hərə bir cür yaşayır, dözməyib intihar edənlər, sarsıntı keçirənlər olur. Tarixdə və həyatda belə misallar çoxdur. O qədər insan məhz bu minvalla “sıradan çıxıb” ki…
Mərkəzi Asiya bu dəfə oyana bilmədi…
Qazaxıstan hadisələri tez söndü. Təbii ki, bunun səbəbi etirazların əhalinin digər qruplarının dəstəyini qazana bilməməsindən daha çox, hakimiyyətin öz kəskin reaksiyasını göstərməsi oldu: aksiyalara çıxacaqları təqdirdə onlara atəş açılacağı bildirildi. Etirazlar başlayanda hamı “ərəb baharı”nın Mərkəzi Asiyaya qədəm qoyduğunu düşündü. Inqilab təcrübəsi üçün qazax xalqına uzağa getmək lazım deyil, qonşuluqda Qırğızıstan var – bəzən bizlər bunları unuduruq. N.Nazarbayev sözsüz ki, incə geosiyasi tryukların mahir ustasıdı və bununla heç kim mübahisə etmir, amma o, zamanı saxlamaq iqtidarında deyil, əlahəzrət zaman öz sözünü deyir – Nazarbayev erası da son akkordlar dövrünü yaşayır. Bu, elə dövrdür ki, hamı çaxnaşma içindədir və hamı o günü düşünür – Nazarbayevdən sonra kim olacaq? Ona görə istisna deyil ki, növbəti gərginliklər yaşanacaq. Nazarbayevin varisinin kimliyi haqqında isə hələ yalnız mülahizə söyləmək mümkündür. Amma əlahəzrət zaman bunlara da bir aydınlıq gətirəcək, buna şübhəniz olmasın, çünki Göylərin öz məntiqi var!


