Putinin qiyamət günü başlayır

Rusiya diktatoru Şimali Qafqaza niyə qoşun yeridir?

Rusiyada parlament seçkilərindən sonrakı silkələnmə “Ərəb baharı”na bənzəmədi. Burada narazılıq bir qədər sivil, oxumuş-yazmış adamların tərzində özünü göstərdi. Xalq etirazını ifadə edərkən hökumətin qurduğu tələ də gözdən  qaçmadı. Putinin indiki situasiyada radikallığı artırıb məsələni kökündən həll etmək və prezident seçkisinə əzilmiş xalqla getmək planını təbii ki, ruslar da anladılar. Onlar Putinlə haqq-hesablarını onun öz seçkisində çəkəcəklər.
Müxalif texnoloqlar hesab edirlər ki, xalq Putinin şəxsində təyin edilmiş hədəfə daha mütəşəkkil etiraz edə bilər. Bu etirazlar ərəb ölkələrindəki vulkan effektli sıçrayışlardan fərqli olaraq, lava yırğalanmasını xatırladır. Putin öz aləmində bu lavanın istiqamətini dəyişəcəyinə ümid etsə də, onun uzaqgörənliyi hazırkı siyasi şəraiti tam təhlil etməyə imkan vermədi. Bu, həm də ona görə belə oldu ki, içində olduğu konyunktura Putinin xarakteri üzərində qurulub və “eybəcər kraliçanın sarayındakı güzgülər” çoxdan yığışdırılıb. Putin fərli situasiyanı görmək imkanlarına malik olmadığından klassik böhrana doğru cəhdlər edir. O, ayağına dolaşmış ipi başına sarımaqla məşğuldur, amma bu dolaşıqlığın onu boğacağından xəbərsizdir. “Bolşevizm” indi azlıqdadır, amma eyni cür əsəbidir. Qorxu hissi və hakimiyyət ehtirası polkovniki xeyli gərginləşdirib.

Rusiyada silah sorunu…

Bütün inqilab etmiş ölkələrdə hakimiyyətin xalqa qarşı silah işlətməsi etirazçıların silahsız olduğu qeyri-bərabər güc yarışında xalqın daha çox itki verməsilə nəticələnib. Rusiyada isə vəziyyət xeyli fərqlidir. Dünyanın demək olar ki, bütün qeyri-qanuni silahlı birləşmələri rus silahları ilə silahlanıb. Rusiyada nəinki orta səviyyədə biznesmenin, hətta adi bazar nəzarətçilərinin belə, avtomatik silahlarla silahlandığı hər kəsə bəllidir. Belə olan təqdirdə, Putin üçün vəziyyət xeyli çətinləşir. Üstəlik, Rusiyanın qara silah ticarətilə məşğul olan polkovniklər ordusu var. Onlar üçün kimin kimi öldürəcəyinin heç bir əhəmiyyəti yoxdur. Almaq istəyən hər kəsə silah satırlar. Üfüqdə görünən isə odur ki, hətta Putinin də bu qruplara nəzarət imkanı yoxdur.
Rusiyada geniş etirazlar yaranarsa, ordu rəhbərliyinin hansı qərarları qəbul edəcəyi də bəlli deyil. Hətta Medvedevin Putinə bir qədər dirəniş göstərdiyi zamanlarda bir çox hərbi hissə komandirləri Putinin əmrlərini yerinə yetirmədilər. Bu isə o deməkdir ki, xalq etirazları silahlı qüvvələr daxilindəki narazılığı da təşkilatlandıra bilər. Bu isə Putin üçün sözün həqiqi mənasında qiyamət gününün başlanması deməkdir.

Atom bombasından təhlükəli…

Əslində, dünyanı atom bombası ilə qorxudan Rusiya hökuməti indi bir az düşünməlidir. Bu bombanı Inqilab meydanına ata bilərmi? Ata bilməsə, onda bu andıra qalmışın əhəmiyyəti nədir? Onsuz da ABŞ-dan elə bir təhlükə yoxdur. Indi hər şey Moskvada baş verir. Putinin əzib sıradan çıxardığı rus xalqı indi onun ayaqlarından yapışıb və çökdürmək istəyində qətidir. Hər şey düşünüldüyündən qat-qat sadədir. Yeni inqilabi şəraitin aradan qalxması üçün inqilabın baş verməsindən savayı yol qalmayıb. Indi avtoritar hakimiyyətin başının üstündəki bomba atom silahından daha reaktiv və daha təhlükəlidir. Rus xalqının əsəbi Putinin damarına narkotik kimi işləyir. Təbii ki, artıq “doza”da. Həddi keçmək onun proseslərin başqa fazaya keçmədən qarşısını almaq imkanlarını da məhv etdi.
Beləliklə, biz artıq növbəti siyasi intiharla, yəni, daha bir diktatorun xalqı qızışdırıb özünə qarşı qoyması ilə tanış oluruq. Bu olayı qaçıranlar diqqətli olsunlar, diktatorlar artıq qırmızı kitablıq olurlar.

Cənuba qoşun  yeritmək niyə?

Rusiyada vəziyyətin gərginləşməsi Iran ətrafında çəmbərin daralması ilə eyni vaxta düşdü. Kreml özünün cənub ərazilərinə, başqa sözlə, Şimali Qafqaza ordu yeritməyə başladı. Bu olaydan bir çox ekspertlərin çıxardığı nəticələr isə bizi məcbur edir ki, mövzuya təzədən qayıdaq.
Rusiya niyə Şimali Qafqaza ordu yeritsin? Tutaq ki, Irana ehtimal olunan hərbi müdaxilə baş tutdu. Regionda hansı ölkə bundan istifadə edib Rusiyaya təhlükə yarada bilər? Yaxud da ABŞ Irana müdaxilə edərkən qarşı tərəf kimi Rusiyanı da işə qatacaq hansısa addım atarmı? Əlbəttə ki, yox. Elə isə, bu ordunun təyinatı nədir?
Hər kəsə bəllidir ki, Rusiyanın hazırkı hökumətinə və onun bədii siyasi rəhbəri Vladimir Putinə qarşı ən ciddi müxalifət Şimali Qafqazdadır. Bu vəziyyətdən istifadə edən Putin də tədbirini görməyə başlayır. Ordunun Şimali Qafqaza yeridilməsinə “regional təhlükələrə qarşı hazırlıq” donunun geyindirilməsi isə indidən xalqda nifrətin yaranmasına mane olmaq məqsədi güdür. Bu addım tam məntiqlə Moskvaya qoşun yeritməyin davamıdır. Amma Putinin də bu qədər həssas davranması onu göstərir ki, polkovnik çox açıq risk eləmək fikrində deyil.
Bu gün Moskvada növbəti mitinqdir. Mübarizənin taleyini həll etməsə də, bu, ruslar üçün çox əhəmiyyətli tədbirdir. Başlıcası, ona görə ki, dinclik hələ də qorunub saxlanılır. Putinin müstəvisi bu gedişatla tam darala bilər.
Analizlərimizi davam etdirəcəyik…

Seymur Həzi