Fransa həmsədrlikdən uzaqlaşdırılmalıdır

Elxan Şahinoğlu: «Bakı Azərbaycanda fəaliyyət göstərən «Total» şirkətinə mesajlar ünvanlamalıdır ki, o da öz hökumətinə təsir etsin»

Dünən “Atlas” Araşdırmalar Mərkəzinin ekspertləri jurnalistlərə “Dağlıq Qarabağ münaqişəsi: 2011-ci ilin yekunları və gələcək gözləntilər” adlı illik hesabatlarını təqdim ediblər. Aparılan danışıqların bu il üçün yekunlarına dair çıxış edən mərkəzin sədri Elxan Şahinoğlu bildirdi ki, Rusiya Medvedevin təşəbbüsü ilə münaqişə tərəflərini iki dəfə görüşdürüb. Onlardan birinin Soçi, digərinin isə Kazan görüşü olduğunu xatırladan E.Şahinoğlu vurğuladı ki, iyunun 24-də baş tutan Kazan görüşü ərəfəsində dialoqda müəyyən irəliləyişin əldə olunacağına dair ümid böyük olsa da, sonradan heç bir nəticəsi olmadı:
“Kazan görüşünə bir neçə gün qalmış Obamanın azərbaycanlı və erməni həmkarı ilə telefon söhbəti, Sarkozinin Ermənistan dövlət başçısı Serj Sərkisyana məktub göndərməsi görüşlə bağlı gözləntiləri bir qədər də artırmışdı. Amma nəticəsi olmadı. Kazan görüşündən sonra dövlət başçısı Ilham Əliyev aparılan danışıqların bir hissəsini ictimaiyyətə açıqladı. Birincisi,ÿ Ilham Əliyev Praqa prosesindən bu yana danışıqların trayektoriyasını cızdı, kiminlə nə zaman fikir mübadiləsi apardığını bildirdi. Ikincisi, dövlət başçısı ”Yeniləndirilmiş Madrid Prinsipləri”nin mahiyyətini geniş şəkildə açıqladı, plandakı bəndləri ard-arda sadaladı, Qarabağa veriləcək aralıq statusdan söz açdı”.
Rəsmi Bakının keçmiş illərdə olduğu kimi bu il də Qarabağ məsələsini BMT müstəvisinə çıxarmağa çalışdığını xatırladan E.Şahinoğlu vurğuladı ki, amma bu cəhd sona qədər davam etdirilməyib. Və müəmmalı şəkildə Azərbaycan təşəbbüsünü geri götürüb. E.Şahinoğlu hesab edir ki, görünür, rəsmi Bakı BMT-nin növbəti qətnamələrinin də əvvəlkilər kimi real gücə sahib olmayacağından ehtiyatlanıb.
Fransa Milli Assambleyasının qəbul etdiyi “erməni soyqırımı”nın kriminallaşdırılması haqda qanun layihəsinə də münasibət bildirən E.Şahinoğlu dedi ki, bu addımdan sonra Fransa Qarabağ nizamlanmasında qərəzsiz vasitəçi sayıla bilməz. E.Şahinoğlu hesab edir ki, Azərbaycan baş verənlərlə bağlı ciddi reaksiya verməlidir: “Fransa Milli Assambleyasının qəbul etdiyi qərar nəinki Türkiyənin, həm də Azərbaycanın maraqlarına toxunur. Rəsmi Bakı sənədin təsdiqlənəcəyi və qanuni qüvvəyə minəcəyi halda atacağı konkret addımları indidən bəyan etməlidir. Necə ki, Türkiyə artıq bunu edib. Belə addımlardan biri Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılması ola bilər”.
E.Şahinoğlunun sözlərinə görə, digər tərəfdən Bakı Azərbaycanda fəaliyyət göstərən “Total” şirkətinə mesajlar ünvanlamalıdır ki, o da öz hökumətinə təsir etsin.
“Atlas”ın digər eksperti Nicat Səmədoğlunun fikrincə, Vladimir Putin üçüncü müddətə prezident seçildikdən sonra Moskvanın Qarabağa dair siyasəti dəyişməyəcək. Putin bir qədər fərqli siyasət yürütdüyü imitasiyasını yaratsa da, ümumilikdə Kremlin yanaşması və ritorikası fərqli olmayacaq.
Mərkəzin başqa bir eksperti Elnur Eltürk xaricdə diaspor fəaliyyətinin yetərincə güclü olmadığını dedi. Bu üzdən Azərbaycanın diaspor fəaliyyətinə görə Ermənistana uduzduğunu deyən E.Eltur bildirdi ki, Azərbaycan diasporunu yalnız fərdi şəkildə bir neçə nəfər təmsil edir.
Tədbirdə eyni zamanda “Atlas” ekspertləri Tərtər, Bərdə və Göyçay rayonlarında Qarabağ münaqişəsinin nizamlanması yollarına dair keçirilən sorğunun nəticələrini təqdim ediblər. Sorğu göstərib ki, əhalinin əksəriyyəti “dinc nizamlanmaya” tərəfdardır. Cəbhəyanı Tərtər rayonunda “sülh” tərəfdarları 85%, Bərdə və Göyçayda 60% təşkil edib. Hər üç rayonda sorğunun nəticəsinə görə, əhali Dağlıq Qarabağın erməni icması ilə vətəndaş cəmiyyəti fəalları səviyyəsində dialoqa tərəfdardır.

Xəyal