Hadisələr təkrar olunur. 2006-cı il oktyabrın 12-də Fransa Senatı “erməni soyqırımı”nı rəsmən tanıdı və Avropanın digər ölkələri üçün yanlış ənənənin əsasını qoydu. Həmin ərəfədə Azərbaycan Milli Məclisindəki müzakirələri xatırlayırsınızmı? Hətta sadəlövh professor Şamil Qurbanov (Allah rəhmət eləsin) hakimiyyətin bu müzakirə şousunu elə ciddiyə almışdı ki, Milli Məclisin kürsüsündən “Jak Şirak qudurub” kimi çox sərt ifadə də işlətmişdi. Nəticə nə oldu?
Milli Məclis Fransa Senatının soyqırım tanımasına qarşı “tutarlı” bir bəyanat verdi, etirazını bildirdi. Və heç aradan 3 ay da ötmədi, 2007-ci il yanvarın 29-da Ilham Əliyev Azərbaycan dövlətinin ən yüksək ödülü hesab edilən “Heydər Əliyev ordeni”ni Fransa prezidenti Jak Şirakın boynundan asdı.
Jak Şirak da borclu qalmadı, Azərbaycan prezidentini “Legion” seçdi.
Hamı kimi mən də bu suala cavab axtarırdım: Milli Məclisdəki o müzakirələr hara, Fransaya “rəsmi dövlət səfərinə” yollanıb Jak Şiraka verilən orden hara?
Indi də eyni haldır: Fransa “erməni soyqırımı” ilə bağlı Avropada növbəti ilkə imza atmağa, Türkiyə isə ədalətsizliyə qarşı sanksiyalara başladığı dönəmdə Ilham Əliyev Azərbaycan-Fransa əməkdaşlığı barədə Memorandumu imzaladı; Milli Məclisdə isə Fransa Milli Assambleyasının bu qərarına etiraz çıxışları başladı. Çıxışlara YAP-çıların start verməsindən görünür ki, müzakirə şousu hakimiyyətin yuxarı dairələrdən verilən tapşırıq əsasında aparılır. Zatən, Azərbaycan hakimiyyəti Fransa parlamentinin aşağı palatasının qərarına qarşı olduğunu deyir, hətta bunu tənqid də edir. Ancaq Əliyev iqtidarı Azərbaycanın ərazi bütövlüyünü tanıyan, işğal olunmuş torpaqların qeyd-şərtsiz azad olunmasına tərəfdar çıxan, Ermənistanla sərhədləri bağlayan, bütün dünyada ölkəmizin maraqlarını qoruyan Türkiyəni belə məqamlarda hay-küylə müdafiə etdiyini görüntüləyir, əməldə isə tamam ayrı siyasət yeridir.
Bir daha xatırlatma məcburiyyətindəyəm. VikiLeaks saytı Ilham Əliyevin xarici ölkə rəsmiləri ilə məxfi danışıqlarında Türkiyənin bölgənin aparıcı dövlətinə və söz sahibinə çevrilməsini çox ciddi qısqanclıqla qarşıladığını yaymışdı. Yalanmı? Azərbaycan hakimiyyəti Türkiyənin böyüməməsi üçün əlindən gələni etdiyini ilk dəfədirmi nümayiş etdirir?
Səbəb yəqin ki, hamını düşündürür. Bütün xarici və daxili siyasətdə Azərbaycanın maraqlarını güdən Türkiyəni Azərbaycan niyə Fransanın ayağına verməlidir?
Bunun çox sadə izahı var: Fransa Avropanın Cənubi Qafqaz siyasətini həyata keçirən missioner rolunu artıq xeyli müddətdir ki, oynayır. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Fransa dövlət xadimlərinin ağırlığı öz çiyinlərinə çəkərək vasitəçilik etmələri, dəfələrlə Tiflisə və Moskvaya səfərləri də, Qafqazla bağlı siyasi qərarların ilk olaraq Fransadan Qərbə yayılması da görünən proseslərdir. Bura Əliyevlər ailəsinin vaxtaşırı olaraq Fransaya yollanması və həftələrlə bu ölkədə qalması, siyasi hakimiyyətin qorunması və yaxud Rusiya modelinə uyğun bir-birinə ötürülməsi müzakirələri, hətta “Mason lojası”nın Fransada yığışması kimi informasiyaların mətbuata ayaq açmasını, ABŞ-dan əlini üzən hakim ailənin aparıcı simasının Milli Məclisdəki ABŞ-Azərbaycan dostluq qrupundan çıxıb Azərbaycan-Fransa dostluq qrupuna sədrlik etməsini əlavə etsək, mənzərə tam aydınlaşar: Azərbaycanın siyasi rəhbərliyi öz hakimiyyətlərinin Fransadan asılı olduğuna düşündüyümüzdən daha artıq inanırlar. Dünyanın aparıcı dövlətlərinin siyasi təzyiqləri artdıqca Fransanın ətəyindən daha bərk yapışmağa çalışan Əliyevlər iqtidarı Sarkozinin rəhbərlik etdiyi bir partiyanın antitürk və antiAzərbaycan siyasətinə qarşı çıxa bilərmi?
“Erməni soyqırımı” məsələsi Türkiyə qədər, Azərbaycanın da milli problemidir. Ona görə yox ki, Türkiyə bizim qardaş ölkədir; ona görə ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında etnik təmizləmə əməliyyatı aparıb, soyqırım həyata keçirib. Özü işğalçı və vəhşi olduğu halda ermənilərin işğala məruz qalan məzlum kimi tanınması Azərbaycanın maraqlarına ziddir. Bu haqsızlığa qarşı Azərbaycanın dirəniş göstərməsi isə ölkənin taleyidir.
Ancaq Azərbaycan hakimiyyəti nəinki bu taleyi düşünür, ölkənin milli maraqlarını qoruyur, əksinə, Fransa ilə memorandumu 2-cə gün ləngitməyə belə cəsarət etmədən, Ermənistanın diplomatik uğurlarını dərhal dəstəklədiyini görüntüləməklə kimlərəsə xoş gəlmək istəyir. Məqsəd bütün vasitələrdən istifadə edib hakimiyyətdə daha çox qalmaq və bu ölkəni daha çox talamaqdan ibarətdir – milli maraqlar da, Qarabağ da, ölkənin gələcəyi də, Türkiyə də məhz buna qurban verilir.



