İlham Əliyev-50

Gənc prezident Fürer, yoxsa Lui-Filipp olacaq?

 

Adolf Hitlerin 54 yaşı tamam olanda Almaniya Ikinci Dünya Müharibəsində dünyanı viran qoyurdu. Kürreyi-ərzin bu dağıdıcı müharibəsində milyonlarla insan əsir düşərgələrində saxlanılırdı. Onların heç bir hüququ yox idi. Əsirlərin başlarının tükündən döşəklər hazırlayır, insanları sobalarda yandırır, yağlarından sabun, sümüklərindən tarlalar üçün gübrə istehsal edirdilər. Insanlıq belə vəhşət görməmişdi.
Bax, o həzin və həyəcan dolu günlərdə alman faşizminin qan qoxuyan Fürerinin 54 yaşı tamam olurdu. Komandanları Füreri təbrik etmək üçün çox düşünmədilər. Rejimin xarakteri idi – Fürerlərinin bundan şad olacağını bilirdilər. Onlar saysız-hesabsız əsir düşərgələrinin hər birində Fürerin 54 yaşının tamam olması münasibətilə 54 əsir məhbus güllələdilər. Hələ bunu onlara bir minnət kimi qoydular. Fürerin uğrunda, onun ad gününə hədiyyə olaraq seçilmək də faşist zehniyyətində bir ayrıcalıq idi.
Yox, bizdə o şərait yoxdur. Heç kim öz prezidentinə onun 50 yaşının tamam olması münasibətilə 50 baş hədiyyə edə bilməz. Amma inanıram ki, Süleyman Nemətov kimilər bunu da edərlər. Təki onlara bir “malades” desinlər.
Bizdə bir Eldar Əzizov nümunəsi var. Hər il prezidentin şərəfinə bişirilən tortun çəkisini bir ton artırır. Camaatdan pul yığıb, prezidentə şirin görünmək əməliyyatını aparır. Yəqin, bu il daha çox canfəşanlıq edərlər. Ombudsman da bir neçə adı siyahıya qoşub əfv üçün müraciət edib. Amma insan hüquqlarının qayğısına qaldığına görə yox, onun 50 illiyində 50-ci əfv siyahısı olduğu üçün imzalanacaq. Bu da 50 illiyə bir hədiyyə.
Qorxuram, Fürerin ad günü hədiyyəsindən həvəslənən rejim nökərləri bəhsə girələr. Məsələn, Ramil Usubov 50 illiyə 50 polisi işsiz qoya bilər; rektorlar 50 nümunəvi tələbəni ali məktəblərdən qovar; icra başçıları 50 ailənin evini başına uçurar; hər nazir 50 illiyə 50 milyon manat rüşvət ödəyə bilər…
Əslində, yazdıqlarımızla Ikinci Dünya Müharibəsinin şərtləri arasında çox fərq var. Sadəcə, zehniyyət o zehniyyətdir. Faşizan və anti-insani…
Lui-Filipp nümunəsi
Mən iki ayağımı bir başmağa dirəyib Ilham Əliyevin Fürerlə müqayisəsini aparmaq istəmirəm. Sadəcə, bir-iki hadisəni müqayisə etdim. Belə müqayisələri çox aparmışam, diqqətli oxucular da xatırlayar. Məsələn, bir Atatürk nümunəsi də var. Atatürk Türkiyəni quranda öz iqamətgahında vaxtaşırı yemək masaları təşkil edər, müəyyən sahə ilə bağlı mütəxəssisləri, hətta bir-birinə müxalif olanları dəvət edər, müzakirələr aparar və nəticəni Türkiyə həyatına tətbiq edərdi. O, modern Türkiyəni belə qurdu – müzakirələrlə.
Bir Məhəmməd peyğəmbər nümunəsi də var. O, ən önəmli işlərdə əshabını yığar, onların müzakirəsini təşkil edər, əgər vəhy yoxdursa, ümumi qərarla qəbul olunan işləri icra edərdi…
Perspektivli prezidentimizi çox yüklədiyimin fərqindəyəm. Əminəm ki, nə onda Atatürk və Məhəmməd səbri var, nə də ətrafı ənsar və mücahidlər kimi dürüst insanlardır. Ancaq idarə olunan dövlət olduğu üçün yazdıqlarımızın cənaba birbaşa dəxli olmalıdır. Axı, onun idarə etdiyinin də adı dövlətdir, nə qədər gülməli çıxsa da…
Fransanın ağır və təlatümlü vaxtlarında cəmi bir neçə yüz səslə Kral elan olunan Lui-Filipp də maraqlı nümunədir bizim gənc və perspektivli prezidentimiz üçün. Düzdür, bizim “bəxtsiz cavan”ın oxumaqla, mütaliə etməklə arası o qədər olmasa da, hər halda, biz bütün cəhdlərimizi etməliyik.
Lui-Filipp Avropa diplomatiyasının gərginliyinin arasında, qan və inqilab qoxuyan Parisdəki iqamətgahında hər axşam tək qalanda iş masasının üzərində qalaqlanan məhkəmə işlərini araşdırırmış və heyrət bir şey… Hər gün təxminən 5-6 adamın günahsızlığını sübut edib, insanların hüquqlarını qoruyurmuş. Bir gecə xidmətçisi onun “Ah… Bu gün də 8 kəllə qurtardım” dediyinin şahidi olmuşdu.
Hə, qoca Fransa kralı qudurğan prokurorlarına nifrət edirdi və hakimlərinin insan kəllələrini gilyotinə göndərmək şakərlərinin olduğunu bilirdi. Ona görə də Lui-Filippin hakimiyyəti dövründə gilyotin demək olar ki, işlədilmədi.
Bizim möhtərəmin 50 illiyi qarşısında dünya da o qədər rəvan deyil. Inqilab düz ağzımızın içinə qədər gəlib. Seçim imkanları da çoxdur. Pulun var, imkanların var, gücün-qüdrətin zirvədə – amma xalqın yox! Ya Fürer olacaqsan, 50 yaşında 50 min hoqqadan çıxacaq yalançı və talançı komandanla, ya Atatürk olacaqsan, müzakirə ilə dövlət quracaq, xalqının səsini eşidəcəksən, ya Məhəmməd peyğəmbər ədalətilə doğma qızını belə, mirassız qoyacaqsan, ya da Lui-Filipp kimi hər gecə məhkəmə sənədlərini qarışdıracaqsan.
Dövlət idarə etmək asan deyil!
Ya idarə edəcəksən. Ya da yox!
Indi etmirsən!