Bir aydan artıqdır həbsxanada saxlanılan şair Saday Şəkərlinin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Komitənin sədri tanınmış ziyalı və kinodramaturq Eldəniz Quliyevdir. Bundan başqa, komitədə tanınmış qələm sahiblərindən xalq şairi Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, Ramiz Qusarçaylı, Əlisəmid Kür, Zümrüd Yağmur, Səadət Cahangir, tarixçi professor Cəmil Həsənli, professor Yaşar Məmmədli, rejissor Rövşən Almuradlı, publisist Zöhrab Əmirxanlı, politoloq Rafiq Manafov, vəkil Əlayif Həsənov və başqaları təmsil olunur. Komitənin məqsədi şairin qanunsuz həbsini ictimaiyyətin diqqətində saxlamaq, onun azadlığa buraxılması üçün bütün mümkün vasitələrdən istifadə etmək və tədbirlər həyata keçirməkdir.
Xatırladaq ki, Saday Şəkərliyə Vergilər Nazirliyinin yüksək vəzifəli əməkdaşının şikayəti əsasında qondarma cinayət işi açılıb. Şairin azad olunması ilə bağlı KİV səhifələrində çoxlu sayda müraciətlərə baxmayaraq, məsələyə heç bir reaksiya verilməyib. Qeyd edək ki, yaxın günlərdə Rusiyanın əlliyə qədər dünya şöhrətli qələm sahibi və incəsənət xadimi də S. Şəkərlinin azad olunması xahişi ilə Azərbaycan Respublikası Prezidentinə müraciət ünvanlayıb.
Müdafiə Komitəsi 31 nəfərlik siyahının açıq olduğunu bildirir və istənilən şəxsin üzvlük üçün müraciət edə biləcəyini bəyan edir.