«NZS» sakinləri isə kompensasiya verilməsə, müqavimət göstərəcək və kütləvi etiraz aksiyaları keçirəcəklər
“NZS” qəsəbəsində Ilham Məmmədov küçəsində (“Arzu” şadlıq sarayının yaxınlığında) 190-a yaxın ailə zorla köçürülmə təhlükəsi ilə üz-üzə qalıb. Cümə günü günün ikinci yarısında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) əməkdaşları 5 polis post-patrul xidməti maşınının müşayiəti ilə bu ünvana gəliblər.
Sakinlərə evlərinin SOCAR-a məxsus ərazidə qanunsuz tikildiyi bildirilib. Vətəndaşlara bir ay ərzində evlərini sökmək və ərazinin inşaat tullantıları ilə çirkləndirilməsinə görə 100 manat cərimə ödəmələri təklif olunub. Əks halda, onlar məcburi qaydada evlərindən çıxarılacaqlar. Bu, sakinlərin qəzəbinə səbəb olub və onlar kortəbii mitinq keçiriblər. Sakinlərin sözlərinə görə, onlar bəziləri 1980-ci illərdən olmaqla, uzun illərdir burada yaşayırlar və evlərini dövlət orqanlarının icazəsi ilə tikiblər. Sakinlərə başqa yerdə torpaq verilsə və kompensasiya ödənilsə, onlar evlərini tərk etməyə hazırdırlar. Əks halda, onlar müqavimət göstərmək niyyətindədirlər və kütləvi etiraz aksiyaları keçirəcəklər. Bu ünvanda yaşayanlardan 30-a yaxın ailə işğal olunmuş ərazilərdən məcburi köçkünlər, qalanları isə Azərbaycanın digər regionlarının sakinləridir.