Ödənişə görə tələbələrin təhsildən kənarlaşması halları artır
Nemət Əliyev: «Təhsil müəssisələri mütləq hansısa güzəşt variantlarının üzərində işləməli və həyata keçirməlidir»
Azərbaycanda təhsil sahəsində problemlər bitib-tükənmək bilmir. Hazırda təhsillə bağlı ən çox müzakirə olunan məsələlərdən biri ödənişli əsaslarla oxuyan tələbələrin təhsilhaqqı ilə bağlı yaşadıqları çətinliklərdir.
Milli Məclisdə də deputat Əli Məsimli çıxışında bu məsələyə toxunaraq, təhsilhaqqını ödəyəÿbilmədikləriÿüçün tələbələrin universitetlərdən çıxarıldığı, ya da özlərinin təhsil müəssisələrindən kənarlaşdıqlarını deyib. Deputat problemin həlli üçün təhsil kreditilə bağlı qanunun qəbulunun vacibliyini vurğulayıb: “Neçə illərdir ki, biz ”Təhsil kreditləri haqqında” qanun layihəsini hazırlamışıq. Amma görünən odur ki, 26-28 faizlə istehlak kreditləri verənlər həmin sənədin qəbuluna mane olurlar. Qanunun qəbulu üçünÿbiz müəllif hüquqlarından da imtina edə bilərik”.
Deputat onu da qeyd edib ki, Təhsil Nazirliyi bu məsələ ilə ciddi məşğul olmalıdır: “Çünki təhsil strategiyasında təhsil kreditləri ilə bağlı müddəa yer alıb. Təəssüf ki, strategiyada qoyulan məsələlərin reallaşdırılması gecikdirilir”.
Xatırladaq ki, ödənişli əsaslarla təhsil alanların illik təhsilhaqqının 50 faizini ödəməyəcəyi təqdirdə sessiya imtahanlarına buraxılmayacağı da bir müddət əvvəl gündəmə gəlmişdi. Iqtisadi böhranın qarşıdakı aylarda daha da dərinləşəcəyinə dair proqnozları nəzərə alaraq, belə tələbələrin aqibəti necə olacaq? Təhsil kreditindən imtina bu tələbələrin gələcəyinə nə vəd edir? Ən nəhayət, ödənişli əsaslarla oxuyan tələbələri nə gözləyir?
Iqtisadçı ekspert Nemət Əliyev deyir ki, ödənişli təhsil alanların ailələrinin əksəriyyətinin maddi vəziyyətinin ağırlığını nəzərə alaraq, problemin ciddi nəticələr doğuracağı şübhəsizdir. Ekspert bu məsələnin insanların sosial durumunu daha da ağırlaşdıracağını istisna etmir: “Hökumət və təhsil müəssisələri bu məsələni çözməlidir. Tələbələrin təhsildən kütləvi şəkildə imtina etməsi, yarımçıq saxlaması təhsil müəssisələrinin də maliyyə durumuna ciddə zərbə vuracaq. Təhsil müəssisələri hansısa güzəşt variantlarının üzərində işləməli və həyata keçirməlidir. Ölkə daxilində valyuta qıtlığı yaranıb. Nəticədə milli valyutanın dəyərdən düşməsi prosesi gedir. Maaşların çox cüzi şəkildə artımıyla məzənnə fərqinin əmələ gətirdiyi artım arasında çox böyük fərq var. Onu maaş və təqaüdlərlə kompensasiya etmək mümkün deyil. Təhsil müəssiəsələri hansısa formada tələbkarlıq nümayiş etdirməlidir. Heç olmasa, xalqın və həmin tələbələrin gələcəyi naminə hansısa ağırlaşdırıcı hallardan imtina etməlidir. Güzəşt variantının tətbiq edilməsi qalır, əks təqdirdə, bunun ağır fəsadları tezliklə özünü göstərəcək”.
Nigar