Parlament Fransanın qərarını pisləməyə cəsarət etmədi

Milli Məclis “soyqırım qanunu”na qarşı rəsmi bəyanat qəbul etməkdən çəkindi

Milli Məclisin dünənki iclasında Fransa parlamentinin qondarma erməni     soyqırımının inkar edilməsini cinayət sayan qanun layihəsini qəbul etməsi əsas müzakirə mövzularından biri olub.
Deputatlar çıxışlarında Fransa hökumətini asıb-kəssələr də, yekun olaraq onların söylədikləri söz olaraq qalıb.
YAP-çı deputat Mübariz Qurbanlı bildirib ki, Türkiyənin güclənməsi bölgədə bir çox ölkələri, o cümlədən Fransanı da narahat edir. Ona görə də bu məsələdən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar: “Azərbaycan ictimai rəyində bu məsələ qınanılır, pislənilir. Fransanın özündə də məsələyə demək olar ki, birmənalı münasibət yoxdur”.
Deputat Iqbal Ağazadə də qanun layihəsini topa tutub. O, deyib ki, bu antidemokratiya deməkdir. Deputatın sözlərinə görə həmin sənədin qəbulu təkcə Türkiyə və Azərbaycan xalqına deyil, eyni zamanda Fransa xalqına qarşı atılmış bir addımdır.
YAP-çı deputat Məlahət Ibrahimqızı da bildirib ki, Fransa parlamentində qəbul edilən qanun tək Türkiyəyə deyil, Azərbaycana qarşı da yönəlib: “Fransa QHT-lərini birləşdirən geniş bir koalisiya da bu qanuna qarşıdır. Biz Fransa xalqına deyil, bəzi dövlət rəsmilərinin atdığı addıma qarşıyıq. Milli Məclis bu qanunun Fransa Senatında qəbuluna yol verilməməsi üçün Senata məktub göndərməlidir”.
YAP-ın icraçı katibi Əli Əhmədov Azərbaycan xalqının Fransa parlamentinin qərarına qarşı olduğunu vurğulayıb: “Bu, ATƏT-in Minsk qrupunda həmsədr olan Fransanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ədalətli mövqe tutduğuna şübhələri artırır. Minsk qrupunda həmsədr olan Fransanın Xocalı soyqırımını tanımaması bu ölkənin mövqeyinin qərəzli olduğunu göstərir”.
Vitse-spiker Bahar Muradova isə Türkiyə dövlətinə və vətəndaşlarına səslənib: “Azərbaycan dövləti, parlamenti və cəmiyyəti sizin yanınızdadır. Üzümü Avropa ölkələrinə tutub deyirəm ki, bu qərar yalnız türklər, azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, demokratiyaya, söz azadlığına qarşı qəbul edilən bir addımdır”.
Birinci vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, Fransa ikinci mərhələdə Türkiyədən qondarma soyqırımı tanımasını tələb edəcək: “Əsas məqsəd Türkiyənin Avropa Birliyinə qəbulunun qarşısını almaqdır. Çünki Türkiyə qondarma erməni soyqırımını tanımayacaq və o zaman da deyəcəklər ki, buna görə Türkiyəni Avropa Birliyinə qəbul etmək olmaz”.
Spiker Oqtay Əsədov Fransa parlamentinin qəbul etdiyi qərarın cılız siyasətin təzahürü olduğunu bəyan edib: “Burada uzaq siyasi məqsədlərdən söhbət gedə bilməz. Türkiyə böyük dövlətdir. Avropa Birliyinə o qədər də ehtiyacı yoxdur. Bu, erməni diasporunun fəaliyyəti nəticəsində baş verir. Erməni xalqı yazıqdır, onu idarə edən diaspor, xarici qüvvələrdir. Biz çalışmalıyıq ki, məsələ Fransa Senatında qəbul olunmasın, Fransa prezidenti onu imzalamasın. Biz isə Fransa Senatı ilə sıx işləməliyik. Ona görə də məsələni diqqətdə saxlamaqla bir az dözümlü yanaşaq. Azərbaycan dövləti həmişə Türkiyənin yanındadır”.
Deputat Qənirə Paşayeva isə təklif edib ki, Milli Məclis Senata müraciət göndərsin: “Burada fikirlər səsləndi ki, biz səbirli olaq, proseslərin gedişini izləyək və Senatın qəbul edəcəyi qərarı gözləyək. Bu, doğru deyil. Milli Məclis Fransa Senatına müraciət göndərməlidir. Biz orada qeyd etməliyik ki, bu qanunun qəbul olunması Türkiyə-Fransa ilə yanaşı Azərbaycan-Fransa münasibətlərinə ciddi zərbə vurub”.
Deputat Elmira Axundova da oxşar təkliflə çıxış edib. Lakin hər iki deputatın təklifi qulaqardına vurulub. Bununla da aydın olub ki, parlamentin məsələyə münasibəti saxtadır. Əgər Milli Məclis səmimi olaraq Türkiyəyə dəstək vermək istəyirdisə, onda çıxışların yekunu olaraq Fransanın qərarını pisləyən bəyanat qəbul etməli idi. Bu olardı rəsmi mövqe. Lakin Milli Məclisin buna cəsarəti çatmadı.

Azad