“Məmməd İbrahimə qarşı ifadə almaq üçün məni hədələdilər”
«Polisdə mənə təzyiqlər oldu, amma mən yalan danışmadım, çünki Allah haqsızlığı özümün də olmasa, balalarımın qarşısına çıxarar»
AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Məmməd Ibrahimin məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir. Bu iş üzrə dörd nəfər şahid qismində tanınıb ki, onlardan da ikisi fevralın 1-də Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda ifadə verib. Şahidlərin dediklərindən məlum olub ki, ibtidai istintaq zamanı Nərimanov Rayon Polis Idarəsində dindirilərkən onlardan Məmməd Ibrahimin əleyhinə ifadə almağa cəhd göstərilib. Bu məqsədlə adamlara hədə-qorxu gəliblər.
AXCP sədri Əli Kərimli də daxil olmaqla, partiya rəhbərliyinə daxil olan şəxslərin iştirak etdiyi məhkəmə iclasında əvvəlcə şahid Vüqar Abbasov ifadə verib. “Məmməd Ibrahimin əleyhinə ifadə almaq üçün polis idarəsində mənə təzyiqlər oldu, həbslə hədələdilər. Amma yenə də düzünü danışdım, çünki üç balam var. Haqsız danışsam, Allah özümə də olmasa, balalarımın qarşısına çıxarar”, – deyə Vüqar Abbasov bildirib.
“Kameranı düzüb-qoşa bilərsiz, bəs vicdanınızı neyləyəcəksiz?”
Hadisəyə gəlincə, şahid deyib ki, Məmməd Ibrahimlə Mikayıl Quliyev arasında mübahisə “facebook”da AXCP sədrinin müşaviri barədə yazılan nalayiq ifadələrə görə yaranıb: “Məmməd Ibrahim Mikayıla dedi ki, ”məni “facebook”da niyə təhqir edirsən?” O da cavabında dedi ki, “yaxşı eləyirəm”. Ardınca Məmməd dedi ki, “qələt eləyirsən”. Bundan sonra Mikayıl hücum elədi Məmmədin üstünə. Araya girib ayırdıq, mən Mikayılı tutdum, Aqşin də Məmmədi. Mikayılı dartanda köynəyi düymə yerindən azacıq cırıldı. Sonra aralandı, Məmməd də çıxıb getdi yaxınlıqdakı çayxanaya. Az sonra Mikayıl polis maşınında qayıdıb gəldi, onda artıq köynəyi boynuna qədər cırılmışdı. Elə orada Mikayılın özünə də dedim ki, ayıbdı, bu nə hərəkətdi, bayaqdan kişilikdən danışırdın…”
Şahid deyir ki, ibtidai istintaq zamanı da bu məzmunda ifadə verib, amma dindirmə protokolunu oxuyanda orada demədiyi fikirləri oxuyub: “Mənim adımdan yazmışdılar ki, guya, Oruc Vəliyev və daha bir nəfər də hadisə yerində olub. Dedim ki, axı mən belə şey deməmişəm, orada bizdən başqa heç kim olmayıb. Dedilər ki, ”sən yaz, kameraya düşüb”. Dedim ki, ola bilməz, kamera məsələsini düzüb-qoşa bilərsiz, bəs vicdanınızı neyləyəcəksiz? Məni hədələdilər ki, səni salarıq “IVS”ə (müvəqqəti saxlama təcridxanası-red.), ağlın başına gələr. Nə qədər təzyiq göstərsələr də, qol çəkmədim. Üç dəfə ifadəmi cırdılar”.
Təxribat
Digər şahid Elçin Şükürov da eyni məzmunlu ifadə verib. O da ibtidai istintaq zamanı dindirilərkən təzyiqlərə məruz qaldığını bildirib: “Mənim izahatımda elə adlar yazmışdılar ki, mən nə o adamları tanıyıram, nə onların adını çəkmişəm, nə də onlar ümumiyyətlə, hadisə yerində olublar. Etiraz elədim, məni hədələdilər. Iki dəfə izahatımı cırdılar”.
Məmməd Ibrahim məhkəmədə bir daha vurğulayıb ki, onun həbsi üçün bəhanə olan hadisə əslində təxribatdır: “Mikayıl ora çoxdandı gəlmirdi. Həmin vaxt uşaqlar da mənə dedilər ki, ”səni təxribata çəkmək üçün gəlib”.
Müstəntiq dindirilsin…
Məmməd Ibrahimin vəkili Yalçın Imanov şahidlərin dindirilərkən təzyiqlərə məruz qaldıqları barədə dediklərini əsas gətirərək, işin istintaqını aparmış müstəntiq Mübariz Süleymanovun məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb: “Bu ifadələr bizim ehtimallarımızı bir daha təsdiqləyir ki, istintaq zamanı Məmməd Ibrahimin əleyhinə qondarma sübut axtarışına çıxıblar və Oruc Vəliyev, Məhəmməd Qurbanovu ortaya atıb, şahidlərdən də hədə-qorxu ilə onların guya, hadisə yerində olması haqda ifadələr almağa çalışıblar. Müstəntiq gəlsin, burada bu məsələlərə aydınlıq gətirsin”.
Hakim Turqay Hüseynov bildirib ki, əsas şahidlər dindiriləndən sonra bu vəsatətə baxılacaq.
Məhkəmə prosesi fevralın 12-də davam edəcək.
Xatırladaq ki, Məmməd Ibrahim AXCP-dən uzaqlaşdırılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Sonradan ittihamı ağırlaşdırmaq üçün zərərçəkmiş qismində daha iki nəfər ortaya çıxıb – Oruc Vəliyev və Məhəmməd Qurbanov. Guya, Məmməd Ibrahim insident zamanı onu ayırmaq istəyən bu adamları da vurub, söyüb.
Məmməd Ibrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Aytən