Bir şey qalıb – ağlamaq…

zumrud-yagmur-yeniZümrüd Yağmur

Açığı deyim ki, Azərbaycan TV-lərinə birmənalı olaraq baxmıram. Həm ruhumun kirlənməməsi üçün, həm də əsəblərim daha çox pozulmasın deyə. Yerli kanallarda nə baş verirsə, ancaq sosial şəbəkələrdən və mətbuatdan xəbər tuturam. İndi də təsadüfən bir videoya baxdım. Demə, o məşhur səs yarışmasının Azərbaycan variantı keçirilirmiş və “Səs Azərbaycan”da Azərbaycan xalqının səsi elə çıxıb ki, utanmadım desəm yalan olar. İki gənc ölkə prezidentinə təşəkkür edib. Niyəsini anlamadım. Güya qayğılarına qalırmış. Öz-özümə dedim ki, ey bu ölkədən uzaq durmağa çalışan Allah, ölkə prezidentinin bu gənclərin necə qayğısına qalmasını mənə agah et. Necə qalıb axı, yoxsa, oxumaq qabilliyyəti bəxş edib?

Axı indiyə qədər yerindən qalxan deyirdi ki, onunku Allah vergisidir. Bəlkə xəbərim yoxdur, daha dahi olmağın yolu dəyişib, bu ölkədə qabiliyyətləri də Allahdan bilmirlər, deyirlər ki, “mənə bu qabiliyyəti prezident verib”?

Digər yandan da düşündüm ki, niyə bizdə ümümxalq ağlamaq günü yoxdur? O əjdahadan olmadığı kimi…

Niyə Şimali Koreyada olan ümumxalq ağlamaq günü olmasın ki, bizdə? Bu da əjdaha deyil ki. Əmr edərsən, olar…

Niyə yadlarına düşməyib, bu nə diqqətsizlikdir ki, indiyə qədər ölkədə, məsələn, 12 dekabr tarixini ümumxalq ağlamaq günü kimi qeyd etmək haqqında sərəncam imzalanmayıb? Elə çətin deyil, “ümummilli öndərin” doğum günündə Gül bayramı edirlər, adam qıtlığı olmur, bir basabas düşür ki, gəl görəsən. Vallah, ağlamaq günündə də bir problem olmaz.

Onsuz da bu xalq öz gününə ağlayan filan deyil, barı ildə bir dəfə “ümimilli öndərinə” ağlayıb dərdini töksün.

Əslndə, ağlamaq üçün səbəbimiz çoxdur. Hansına, nəyə ağlayaq? Bu günümüzə, yoxsa gələcəyimizə? Yanıb külə dönən ömrümüzə, yoxsa övladlarımızın gələcəyinə? Bu gün düşdüyümüz duruma, yoxsa sabahımıza, bizi gözləyən qara günlərə? Ölkədən çıxarılan milyardlara, yoxsa boynumuza biçilmiş 25 milyard borca? Havaya sovrulan , daşa, divara vurulmaq adı ilə büdcədən talanan sərvətimizə, yoxsa o körpülərin altında oturub qul kimi müştəri gözləyən nakəslərə? Düzlərin düzdə qalmasına, yoxsa, oğruların, qalstuklu alverçilərin hörmət sahibi olub başa çıxmasına? 8 milyardın hoqqabazlıqdan başqa bir şey olmayan Avropa Oyunlarına xərclənməsinə, yoxsa ölkəni talayıb dilənci durumuna salmışların indi ondan- bundan borc dilənməsinə? Ölkədən çıxarılan 97 milyard pula, yoxsa o pullardan məhrum olub orqanlarını satıb uşaqlarını böyüdən valideyinlərin halına?

Nəyə ağlayaq?

Türkiyədə, Dubayda satılıb itə belə atılan ləyaqətimizə, düşmən əlində qalan torpaqlarımıza, 5 yerə bölünən məmləkətə, sözü dünya malına əsir düşmüz yaltaq və heysiyyatdan yoxsul olan söz adamlarına, yoxsa bütün mənəvi və əxalqi dəyərlərini itirmək üçün sanki gözə görünməz qara qüvvə ilə yarışa girən bu toplumun halına?!

Saydığım və unutduğum bunca hal ağlamalı deyilmi?

Ortada bir ölü varkən niyə ağlamayaq axı? Bütün bunlar varsa və hələ də bütün eybəcərliyi ilə həyatımızda hökm sürüb bizə diktə edirsə, demək ki, ortada bir ölü var. Canlı, ətli-qanlı meyitimiz var bizim. İllərdir dəfn edə bilmədiyimiz, məzarını belə qazmadığımız, buna belə cəsarət edə bilmədiyimiz bir ölü… Biz varıq!

Haqqına, sərvətinə, gələcəyinə, ləyaqətinə, şərəfinə, insanlığına sahib çıxa bilməyən bir toplum…

Tarixindəki yarıtmazlıqları bu günə inadla daşıyan, dəyərli insanlarına sahib çıxa bilməyb öz laqeydliyi və yatırmazlığı ilə onların gözünü kor qoyan bir el var ortada…

Keçən gün Rəsulzadənin doğum günü idi. Bu günü müxalifətçilərin öhdəsinə buraxan, amma Gül bayramında basabas salan bir xalq…

Ölümüz var – ölü bir toplum! Adını nə qoyursunuzsa qoyun, bilmirəm, hər nəyiksə, ölüyük. Bəhanələrimizlə, yalanı səbəbə çevirmələrimizlə, böyük sözlərin və ideyaların arxasında gizlənməyimizlə, olduğumuz kimi deyil, olmaq lazım olduğu kimi görünə bilmək qabiliyyətimizlə, oğruları sayğın hala gətirməyimizlə, dürüstlərə “fərasətsiz”, “səbatsız” deməyimizlə varıq və bütün bu keyfiyyələrimizlə “ölüyük”. O üzdən də ağlasaq, yaxşı olar.

Günümüzə deyil, özümüzə gün ağlayaq. Amma indiyə qədər sızıldayıb ağı, bayatı, segahla ağladığımız kimi yox…