“Sarkozi soyqırımın nə olduğunu bilmirsə, getsin atasından soruşsun”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda “Müsəlman cəmiyyətlərdə dəyişmə və qadının rolu” mövzusunda təşkil olunan konfransda Fransa parlamenti aşağı palatasının ötən gün qəbul etdiyi qərara təkrar münasibət bildirib və Fransa prezidenti Sarkoziyə ilginc mesajlar göndərib.
Fransa parlamentinin saxta erməni soyqırımı iddasını inkar edənlərə qarşı cəza nəzərdə tutan qərarını tənqid edən Ərdoğan Türkiyənin heç zaman soyqırım törətmədiyini, əksinə, Fransanın bir vaxtlar Əlcəzairdə etdiklərinin soyqırım olduğunu deyib: “Əlcəzairdə 1945-ci ildən etibarən təxminən əhalinin 15 faizi fransızların qırğınına məruz qalmışdı. Bu, bir soyqırımdı. Əlcəzairlilər sobalarda kütləvi şəkildə yandırıldı. Əgər Fransa prezidenti cənab Sarkozi bu soyqırımı bilmirsə, getsin atası Sarkozidən soruşsun. Atası 1940-cı ildə Əlcəzairdəki Fransa legionunda əsgərlik edib. Əminəm ki, oğluna qırğın haqqında söyləyəcək çox sözü var.
İspaniyadan qaçıb Osmanlıya sığınan Yəhudilər bu gün Yunanıstanda olan Selanikə yerləşdirildilər. Selanik Osmanlı idarəsindən ayrıldıqdan sonra 1904-ci ildə Fransaya köç edən Benedikt Malla cənab Sarkozinin də babasıdır. Hörmətli cənab Sarkozi Türkiyənin tarixində soyqırım tapa bilməz. Əgər öz ailəsinə baxsa, orada Türkiyənin, türklərin köməyindən, xeyirxahlığından başqa heç bir şey görməz”.
Ərdoğan deyib ki, bu qərarın qəbulu təxminən 5 milyon müsəlmanın yaşadığı Fransada ayrı-seçkiliyin nə qədər təhlükəli ölçü aldığını ortaya qoyur. “Sarkozi türk və müsəlman düşmənliyi üzərində seçkini qazanmaq ehtirasındadır”, – deyə Ərdoğan qeyd edib.