Bəs deyirdiniz mübarizənin heç bir mənası yoxdur…

Şimali Koreya xalqının ölən diktatorun arxasınca necə ağlaşdığı barədə kadrları internet vasitəsilə izləyib gördük. Heyrətlər içində qaldıq.

Əslində, mənə gözünü bir yumub beş tökən, başını daşlara, divarlara, asfalta vuran, üzünü cıran, dizinə döyən şimali koreyalıların bu halı qətiyyən qeyri-səmimi görünmədi. Məncə, onlar sanki ataları, anaları, qardaşları, oğulları, ərləri ölübmüş kimi ağlayırdılar. Içdən, ürəkdən ağlayırdılar. Aralarında bəlkə də dünyada misli-bərabəri olmayan qorxu, xof rejiminin qəzəbinə tuş gəlməmək üçün artistlik eləyənlər, rola girənlər, yalançı göz yaşı axıdanlar, boğazdan yuxarı kədərlənənlər ola bilərdi. Amma mən böyük çoxluğun diktatorun arxasınca səmimi göz yaşı axıtdığını, az qala, ölənlə ölmək istədiyini düşünürəm.
O kadrlar internetdə yayımlandığında sosial şəbəkələrdə az qala, hər kəsin diqqətini çəkdi, şərhlər isə üç aşağı, beş yuxarı eyni idi: “Biz şükürlü olmuşuq ki!”
Hansı simə vurulduğunu, daşın hara atıldığını anlamaq çətin deyil. Doğrudan da, şimali koreyalıların diktatorun ölümündən keçirdiyi sarsıntını, çıxardığı şəbehi görəndə adam 2003-cü ilin dekabrına şükr edir. Həqiqətən də xalqımızın önəmli hissəsi 8 il əvvəlin elə indiki günlərində özünü Kim Çen Irin vətəndaşlarından çox abırlı aparmışdı. Hər halda, bizdə Şimali Koreyadakı kadrlarla müqayisə ediləcək mənzərələr ortaya çıxmadı.
Bu mənada mən o kadrların yayıldığı ilk günkü təəssüratı, şərhləri doğru hesab edirəm. Doğrudan da, adam Şimali Koreyadakılara baxanda öz ölkəsinə və xalqına görə sevinməyə bilmir. Indi bizdə vəziyyət əlbəttə, çox pisdir, çox dözülməzdir, amma Şimali Koreyaya baxıb fikirləşirsən ki, bundan da pis ola bilərdi. Bundan da dözülməz ola bilərdi.
Əlbəttə, bu bizə əsas vermir ki, Azərbaycanın indiki halı ilə barışaq. Azərbaycanın Şimali Koreya olmamasına şükr edirik, amma bu o demək deyil ki, bunu cahanşümul uğur kimi qələmə verib rahatlamaq istəyirik. Yox. Əsla yox.
Biz o zaman dərin bir nəfəs alacaq, o zaman cocuqlarımızın gözünə dik baxa biləcək, o zaman rahat yatacaq, o zaman sevincdən uçacağıq ki, Azərbaycan xəyallarımızdakı Azərbaycan olsun. Hüququn, demokratiyanın qalib gəldiyi, azadlıqların, ədalətin təntənə çaldığı Azərbaycan olsun. 
Sadəcə, bu gün Azərbaycanın bir Şimali Koreya olmadığını ona görə qürurla söyləyirəm ki, istəyirəm, “müxalifət indiyədək nə eləyib e…”, – deyə dodaq büzənlər… Özünün susması azmış kimi, “Onsuz da düzəlməyəcək”, – deyə başqalarını da ruhdan salmağa çalışanlar… “O qədər yazın, nə xeyri var…”, – deyə mız qoymağa çalışanlar… “Belə gəlib, belə də gedəcək”, – deyə içindəki mütiliyə, köləliyə yenik düşənlər bir dönüb Şimali Koreyadan o dəhşətli kadrlara baxsınlar, bir də Azərbaycanın gəlmiş olduğu indiki nöqtəyə və sonra aradakı qocaman fərqi görsünlər.
Ən çətin şərtlər altında belə, davam etdirilən, yarıda buraxılmayan, vaz keçilməyən mübarizənin mənasını görsünlər.
Susmamağın, yazmağa, danışmağa davam etməyin xeyrini görsünlər.
Bəzən özümüzə də yetərsiz görünən, bəzən özümüzü də qane etməyən xırda cəhdlərin, dirənişlərin, etirazların belə, əslində, məmləkətə nə böyük faydalar verə bildiyini görsünlər.
Görsünlər və axır ki, qablarına bir şey qoysunlar.
Üç suala tək cavabım
Bugünlərdə aşağıdakı suallarla tez-tez qarşılaşıram.
BIR: Şimali Koreya diktatorunun qəfil ölüm xəbərini eşidəndə ağlınızdan ilk keçən nə oldu?
IKI: Ilham Əliyevin ad günündə ona təbrik əvəzi nə demək istərdiniz?
ÜÇ: Yeni illə bağlı ən böyük arzunuz nədir?
Və bu üç sualın hər birinə veriləcək tək bir cavabım var: “Guya bilmirsiniz…”