Teatrın tarixi
Paytaxtımızın sənət həyatında önəmli rolu olan teatr ocaqlarından biri də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrıdır. Bu sənət ocağı 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı, 1923-ildən Bakı Işçi Teatrı adı ilə fəaliyyət göstərmişdir. Bakıda XIX əsrin sonlarından daimi fəaliyyət göstərən rus truppaları olub. Onlardan ən fəalı və ən uzunömürlüsü Polonskinin rəhbərlik etdiyi teatr qrupu idi. Bu kollektiv iyirmi ildən çox Tağıyev Teatrında çalışıb. Özünün sabit repertuarı, zəngin rekvizit və geyim sexləri, çoxlu hazır dekor-tərtibatları olan truppa həftədə beş gün tamaşa göstərib. Məhz Polonskinin razılığı və icazəsi ilə Tağıyev Teatrının binası cümə günləri azərbaycanlıların müxtəlif teatr dəstələrinə kirayə verilib.
1918-ci ilin fevral ayında bina dəhşətli yanğına məruz qalıb. Bundan sonra truppa dağılmağa başlayıb. 1920-ci ilin yazında Rusiyanın “Yarasa” teatrı Bakıya qastrola gəlib. Aprel ayında Qırmızı ordunun Azərbaycanı işğal etməsi ilə bağlı “Yarasa” teatrının qastrolu yarımçıq qalıb, kollektiv dağılıb. Truppanın bəzi üzvləri vətənə qayıtmayaraq Bakıda qalıblar. Onların və yerli aktyorların qüvvələri ilə sovet ideologiyasını təbliğ etmək məqsədilə Bakıda Dövlət Azad Tənqid və Təbliğ Teatrı (“Satiragit” teatrı) yaradılıb. Yaradıcılıq qayəsi sırf ideologiya üzərində qurulan teatr ilk tamaşasını 1920-ci il dekabr ayının 20-də göstərib. Birinci tamaşanın proqramına Estrada janrına uyğun olan “Lenin rapsodiyası”, “Tutuquşu”, “Karusel” kiçik həcmli səhnəcik-kompozisiyalar daxil idi. Teatrın repertuarı tez-tez dəyişilirdi və onun əsasını təbliğat xarakterli və kiçik həcmli pyeslər təşkil edirdi.
Teatr Bakının fəhlə rayonlarına müntəzəm qastrollara çıxırdı. Tədricən yaradıcılıq xarakteristikası dəyişilən kollektiv 1923-cü ildə Bakı Işçi Teatrı (bəzən Bakı Rus Işçi Teatrı yazılıb) adlanıb. Repertuarda inqilabi xarakterli pyeslər üstünlük təşkil edirdi. Teatr öz repertuarına əsasən SSRI-nin müxtəlif şəhərlərində fəaliyyət göstərən eyni xarakterli sənət ocaqlarında oynanılan pyesləri daxil edirdi.
1925-30-cu illərdə teatr “Lyubov Yarovaya” (K.Trenyov), “Qiyam” (B.Lavrenyov) və s. tamaşalarını səhnələşdirmişdir. 1930-40-cı illərdə teatrın repertuarı “Don Karlos” (F.Şiller), “Romeo və Cülyetta” (V.Şekspir), “Canlı meyit” (L.Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. 50-ci illərdə səhnələşdirilən “Aydın” (C.Cabbarlı), “Hamam” (V.Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, Rus Dram Teatrının Azərbaycan mədəni həyatında həmişə öz çəkisi olmuşdur. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra S.Vurğunun adı verilmişdir.
Repertuarda Azərbaycan və dünya klassiklərinin əsərləri
Hazırda teatrın səhnəsində dünya klassiklərinin və Azərbaycan yazıçılarının əsərləri səhnələşdirilir. Teatrın repertuarına L.Qerşin “Bu azad kəpənəklər”, Elçinin “Cəhənnəminin kirayəçiləri”, U.Şekspirin “Kral Lir”, C.Anuyun “Torağayı”, A.Çexovun “Qağayı”, L. Razumovskayanın “Nikah agentliyi”, Y.Lomovçevin “Yeddi pokrıvalın rəqsi”, M.Ibrahimovun “Zati-aliləri rolls-roys”, V.Neverovun “Nağılı tap” əsərləri daxildir. Teatrda Fuad Poladov, Nodar Şaşıqoğlu, Hacı Murad Yegizarov, Məbud Məhərrəmov, Lyudmila Duxovnaya kimi tanınmış aktyorlar çalışırlar.
Teatr yalnız böyüklər üçün deyil, uşaqlar üçün də tamaşalar hazırlayır.
Yaradıcılığı formalaşdığı ilk illərdən teatr bədii axtarışlarını, özünün sənət estetikasını müxtəlif klassik dramaturqların dünya şöhrətli pyesləri hesabına daha da zənginləşdirib. Bu səhnədə Vilyam Şekspirin “Otello”, “Şıltaq qızın yumşalması”, “On ikinci gecə”, “Romeo və Cülyetta”, Karlo Haldoninin “Mehmanxana sahibəsi”, “Iki ağanın bir nökəri”, Lope de Veqanın “Kələkbaz sevgili”, “Nə yardan doyur, nə əldən qoyur”, Jan Batist Molyerin “Tartüf”, “Corc Danden”, Fridrix Şillerin “Məkr və məhəbbət”, “Don Karlos”, “Mariya Stüart”, Viktor Hüqonun “Paris Notrdam kilsəsi”, “Mariya Tüdor”, Bernard Şounun “Missis Uorrenin peşəsi”, “Milyonçu qadın”, “Sezar və Kleopatra”, “Piqmalion”, Henrix Ibsenin “Nora”, Bertolt Brextin “Kurac ana” əsərləri tamaşaya hazırlanıb. Rus Dram Teatrı rus klassiklərindən Aleksandr Ostrovskinin “Meşə”, “Cehizsiz qız”, “Quduz pullar”, “Günahsız müqəssirlər”, “Tufan”, “Talantlar və pərəstişkarlar”, “Beluqinin evlənməsi”, “Qurdlar və qoyunlar”, “Son qurban”, Nikolay Qoqolun “Müfəttiş”, Mixail Lermontovun “Maskarad”, Lev Tolstoyun “Anna Karenina”, “Canlı meyit”, Anton Çexovun “Vanya dayı”, “Qağayı”, “Albalı bağı”, Maksim Qorkinin “Meşşanlar”, Fyodor Dostoyevskinin “Alçaldılmışlar və təhqir olunmuşlar”, “Cinayət və cəza” əsərlərini müxtəlif üslublu rejissorların monumental quruluşlarında oynayıb.
Müasirlik axtarışları teatrın yaradıcılıq qayəsinin əsasını təşkil edib. Həmin istiqamətdə Vladimir Mayakovskinin “Hamam”, Aleksandr Şteynin “Şəxsi iş”, Sergey Mixalkovun “Xərçənglər”, Vasili Şkvarkinin “Özgə uşağı”, Branislav Nuşiçin “Filosof doktor”, Eduardo de Flipponun “Insan və centlmen”, “Filumena Marturano”, Con Qordonun “Entoni Qrantın cinayəti”, Epux Remarkin “Son dayanacaq”, Nazim Hikmətin “Demoklisin qılıncı”, Viktor Rozovun “Qeyribərabər döyüş”, Lev Şeyninin “Qaydasız oyun”, Aleksandr Gelmanın “Mükafat”, Henri Borovikin “Buenos-Ayresdə müsahibə”, Mixail Şatrovun “Mənim Nadejdalarım”, Aleksey Kolomiytisin “Vəhşi mələk” pyeslərinin tamaşaları müxtəlif dövrlərdə kollektivin mövzu axtarışlarına əlvanlıq gətirib, üslub yenilikləri ilə səciyyəvi olub.
Teatrdan gəlib keçən sənətkarlar
Azərbaycanlı rejissorlar Ədil Isgəndərov, Ismayıl Hidayətzadə, Tofiq Kazımov, Eldar Əliyev Rus Dram Teatrında tamaşalar hazırlayıblar. Məhərrəm Haşımov, Ənvər Behbudov, Mehdi Məmmədov, Gülcahan Güləhmədova, Cənnət Səlimova ayrı-ayrı illərdə teatrda baş rejissor işləyiblər. Kollektivdə Sergey Mayorov, Aleksandr Qripiç, Konstantin Stepanov-Kolosov, Aleksandr Ivanov, Arseni Ridal, David Qutınan, Georqi Georqiyevski, B.Velikanov, Pyotr Yudin, Vladimir Şveytser, Vasili Fyodorov, Yakov Yaroslavski kimi istedadlı rejissorlar çalışıblar. Teatrda oynanılan tamaşalara məşhur rəssamlar Sergey Yefimenko, Vyaçeslav Ivanov, Nikolay Ovçinnikov, Fyodor Qusak, Rüstəm Mustafayev, Nüsrət Fətullayev, Bədurə Əfqanlı, Elçin Məmmədov, Tahir Tahirov, Ağarəhim Əliyev, Yuri Toropov bənzərsiz janrlarda səhnə tərtibatları veriblər. Bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Xəyyam Mirzəzadə teatrla sıx yaradıcılıq əlaqələri saxlayıblar.
Fəaliyyəti dövründə teatrda sonralar Moskvanın sənət ocaqlarında yaradıcılıqlarını davam etdirən, SSRI xalq artisti fəxri adına layiq görülmüş Mixail Jarov, Faina Ranevskaya, Boris Ilin, Azərbaycan Respublikasının xalq artistləri Antonina Filippova, Viktor Şarlaxov, Konstantin Myakişev, Nikolay Şulqin, Viktor Baykov, Yuzef Çarski, Pyotr Jarikov, Vladimir Otradinski, E.Tareyeva, Aleksandra Suvirova, Marqarita Annekso, Pyotr Yudin, Kseniya Babiçeva, Vera Şirye, Raxil Ginzburq, Sergey Yakuşev, Nina Sarnatskaya, Konstantin Adamov, Dina Tumarkina, Anatoli Falkoviç, Mixail Aduşev kimi şöhrətli aktyorlar işləyiblər. Teatrın baş rejissoru əvvəllər kollektivin aparıcı aktyorlarından olan, xalq artisti Aleksandr Şarovskidir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir