İdxalın azalması hansı nəticələr verə bilər?

ixracat

Işsizlik və əhalinin alıcılıq qabiliyyəti ciddi şəkildə aşağı düşəcək

Dövlət Gömrük Komitəsindən yanvar ayında idxalın 65-70 faiz azaldığı barədə məlumat verilib. Məlumata görə, yanvar ayının reallığı 2016-cı ildə Azərbaycanın idxalının 5 milyard dollardan artıq olmayacağını göstərir.

Sirr deyil ki, idxalda azalmanın davam etməsi heç də müsbət nəticələr doğurmayacaq. Çünki daxili bazar hələlik anbarlardakı mal-məhsulun hesabına formalaşır. Bununla belə, azalma mağazaların vitrin müşahidəsində özünü göstərməkdədir. Idxalın azalmasının davamlı olacağı təqdirdə, bahalığın, aclığın daha da yüksələn xətlə getməsi qaçılmazdır. Bir neçə aydan sonra tikinti materiallarının bahalaşacağı da şübhəsizdir.

Iqtisadçı-ekspertlərin proqnozlarına görə, ölkədə hələ idxalın strukturu açıqlanmayıb. Yəni hansı mal qrupları üzrə azalmanın baş verməsi cəmiyyətə bəlli deyil. Struktur açıqlansa, məsələylə bağlı daha ətraflı şərh vermək mümkün olardı: “Ilkin olaraq ehtimal edilir ki, azalma daha çox qeyri-ərzaq bazarını əhatə edir. Adətən, böhran dövrlərində ərzaq sektoru istisna olunmaqla digər sektorların tənəzzülü daha güclü olur. Konkret Azərbaycana gəldikdə isə, azalma daha çox tikinti materiallarının idxalındadır. Çünki ölkədəki tikintilərin əksəriyyəti dayandırılıb və onların bərpasıyla bağlı ehtimallar yox dərəcəsindədir. Eyni zamanda, azalma ərzaq məhsullarının idxalını da müəyyən qədər əhatə edə bilər. Çünki artıq dükanlarda ərzaq məhsullarının çeşidləri azalıb. Amma bütün bunların hamısı ehtimallardır. Idxalın yanvar ayı üzrə nəticələri mal qrupları üzrə açıqlanandan sonra konkert şərh vermək mümkün olacaq. Bununla belə, onun doğuracağı acı nəticə işsizliyin artım səviyyəsində və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsində əks olunacaq”.

Nigar