Tapılan neftçinin qardaşı: “Ona oxşamırdı”

Yanvar ayının 29-da Xəzər dənizinin Türkmənistan sektorunda tapılan və ölkəmizə gətirilən cəsədin Sahib Güloğlan oğlu Şahmarova məxsus olması hələlik öz təsdiqini tapmayıb.

Bu barədə ANS PRESS-ə neftçi Sahib Şahmarovun qardaşı Seymur Şahmarov məlumat verib. Onun sözlərinə görə, meyit ölkəmizə gətirildikdən sonra şəxsiyyətini dəqiqləşdirmək üçün Sahibin ailəsi morqa çağırılıb:

“Morqda gördüyümüz cəsəd tanınmaz halda idi. Demək olar ki, yarısı yox idi. Həm də qardaşıma oxşamırdı. Ona görə tanımaqda çətinlik çəkdik. Bundan sonra məhkəmə tibbi ekspertiza təyin edildi və cəsəddən DNT analizi götürüldü. Sabah isə mərhumun oğlundan bənzər analiz götürüləcək. Əgər analizlərin nəticəsi üst-üstə düşsə meyitin Sahibə məxusluğu təsdiqlənəcək və onu morqdan götürüb dəfn edəcəyik”.


Neftçi Sahib Şahmarov Qarabağ müharibəsində

Yanğınla əlaqədar yaradılan qərargahdan da Seymur Şahmarovun dediklərini təsdiq etdilər və bildirdilər ki, tibbi ekspertizanın cavabı yaxın iki həftə ərzində hazır olacaq və ondan sonra meyitin şəxsiyyəti dəqiq bilinəcək.

Yanvarın 29-da Xəzərin Türkmənistan sektorundan kişi meyiti aşkarlanıb.

FHN-in məlumatına görə, bu, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir.

Onun Qarabağ müharibəsinin iştirakçısı olduğu bildirilir.

43 yaşlı Sahib Şahmarov Laçın, Füzuli, Şuşa və Ağdamda döyüşlərdə iştirak edib. Qarabağ döyüşlərində Sahib güllə yarası alıb. Sağaldıqdan sonra Şahmarov yenidən cəbhəyə yollanıb və bir neçə dəfə mükafatlandırılıb.

Onun iki uşağı qalıb: 11 yaşlı Məhəmməd və 10 yaşlı Məsumə.


Sahib Şahmarovun övladları – Məhəmməd və Məsumə

Ötən gün axşam saatlarında FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi ilə tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana yol düşən istintaq qrupu cəsədi ölkəmizə gətirib.

4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olub, 11 nəfər həlak olub və 19 nəfər itkin düşüb.

Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər işçisi itkin düşüb. “Günəşli” yatağından təxliyyə edilmiş işçilərə lazımi tibbi yardım göstərilib, bir nəfər isə Ələkbərov Bəxtiyar Söhrab oğlu yanıq xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.