Səməd Seyidovla bağlı müəmma

semed seyidov2O, AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb?

Deputat Səməd Seyidov AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Bu barədə məlumatı haqqin.az saytı yayıb. Məlum olub ki, Robert Uolterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması” məruzəsinin müzakirəsinə cəmi bir həftə qalmış Səməd Seyidov AŞPA-ya məktub göndərib.

Həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktı qeyd olunmayıb və Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırış əksini tapmayıb. Məktubun, demək olar ki, bütün məzmunu AŞPA-nın sülhməramlı fəaliyyətinə və bu fəaliyyətin regionda gücləndirilməsinin vacibliyinə həsr olunub.

Robert Uolterin məruzəsi üzrə səsvermə zamanı erməni nümayəndə heyəti və lobbisi bu məruzənin əsassız olmasını sübuta yetirmək üçün Səməd Seyidovun məktubundan istifadə ediblər və bu, sənədin qəbul edilməməsinin əsas səbəblərindən biri olub.

Bundan sonra qərara alınıb ki, yanvar sessiyası dövründə Səməd Seyidov AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində əvəz olunsun. Qeyd edək ki, Səməd Seyidov yanvar sessiyasında iştirak etməyib. Deputatın özü ilə əlaqə yaratmaq mümkün olmayıb – o zənglərə cavab verməyib.

Sayta məlum olub ki, Səməd Seyidovu yanvar sessiyası dövründə millət vəkili Vüsal Hüseynov əvəz edir. 35 yaşlı Vüsal Hüseynov Harvard universitetinin məzunudur. Müxtəlif dövrlərdə Prezident Administrasiyasında çalışıb və Korrupsiya ilə mübarizə üzrə komissiyanın katibi olub. 2015-ci ildə Ucar rayonundan deputat seçilib.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa isə axar.az saytına məlumatı təkzib edib. Onun sözlərinə görə, Səməd Seyidov AŞPA-nın qış sessiyasına səhhətindəki problem üzündən qatıla bilməyib.

“Səməd Seyidovun səhhətində problem yaranıb, ayağında olan narahatlığa görə sessiyada iştirak edə bilmədi. Yəqin buna görə onun haqqında qeyri-dəqiq informasiya yayılıb”, – deyə o qeyd edib.

Maraqlıdır ki, Səməd Seyidovun AŞPA-da nümayəndə heyəti vəzifəsindən kənarlaşdırıldığını yazan haqqin.az saytı da məlumatın sonunda sanki özünü təkzib edir. Sayt yazır ki, Milli Məclisdəki mənbələrdən Səməd Seyidovun gələcək sessiyalarda nümayəndə heyətinin rəhbəri kimi fəaliyyətini davam etdirəcəyi bildirilib.