İmişli şəkər zavodunda kasta sisteminin olduğu iddia edilir
“Mən qabarmış əlləri öpürəm, fəhlə əlini öpürəm, müftə yeyəni deyil… Alnının tərilə, əli qabar olub özünü, ailəsini dürüst bir şəkildə dolandıran işçiyə aşiqəm”.
Təxminən bir il əvvəl “Intersun” şirkətlər qrupunun rəhbəri Abdulbari Gözəl yuxarıdakı fikirləri şirkətin 19 yaşı münasibətilə düzənlənən tədbirdəki nitqində səsləndirmişdi.
Təsirli sözlərdir, Anadolu türkləri demişkən, ayaqda alqışlanası bir zəhmətsevər fikridir. “Fəhlə, sən də özünü insanmı sayırsan?” zehniyyətinə qarşı yönələn bir sahibkar baxışıdır.
Daha bir sitatla sizi tanış edim, sonra əsas problemə keçək: “Müdir, onsuz da iş tapmaq çətindir deyə, sizi minimum əməkhaqqıdan da az maaşla, 8 saatdan çox işlədirsə, üstəlik, həm də sizi sığortalamırsa və siz bu vəziyyətdən şikayət edirsinizsə, deməli, doğru düşünürsünüz. Bu, müdirin səhvidir. Müdir qısa müddət üçün xeyirdədir, ancaq nəvələri üçün haqsızlığın, ədalətsizliyin, əxlaqsızlığın çox olduğu bir dünya qoyub gedəcəkdir. Nəvələrinə gələcəkdə eyni tərzdə davranılmayacağına kim zəmanət verə bilər?”
Bu gözəl qeydləri mən sevərək oxuduğum bir Üstün Dökmənin “Nüanslar” kitabından seçmişəm. Ən maraqlısı nədir? Bu kitab “Azərsun Holdinq”in sifarişilə 2007-ci ildə çap olunub. Bu holdinqin də rəhbəri cənab Gözəldir.
Bəs bu gözəl fikirlər məndə niyə əndişə yaradıb? Ona görə ki, “Azərsun”la bağlı əldə etdiyim faktlar, sadəcə, Gözəl barədə “avazın yaxşı gəlir, oxuduğun Quran olsa” məsələni aktuallaşdırır. Iki haldan biridir: ya o, şirkətində baş verənlərdən xəbərsizdir, yaxud da dediyi, dərc etdiyi fikirlərə inanmayan ən böyük adam özüdür.
Abdulbari Gözəlin rəhbərlik etdiyi holdinqə daxil olan “Imişli Şəkər Zavodu”ndakı mənbələr bir sıra ciddi pozuntu faktlarını “Azadlıq”a təqdim edib. Əli qabarlı fəhlələr (hansılar ki, rəhbər onları öpməyə hazırdır) xahiş edirlər ki, bu problemləri işıqlandıraq. Yazırıq və ümid edirik ki, bunlar Üstün Dökmənin yazılarının taleyini yaşamayacaq.
12 saatlıq iş rejimi
Əli qabarlı fəhlələrin məlumatına görə, bu ilin martından əmək müqaviləsində 8 saatlıq iş rejimi göstərilməsinə baxmayaraq, şəkər zavodu 12 saatlıq rejimdə çalışır. Kollektiv bir dəfə 12 saat əleyinə etiraz aksiyası keçirib. Bundan dərhal sonra aksiyanın təşkilatçıları müəyyənləşdirilərək işdən qovulub. Qalanlarının işi isə “disiplin”ə verilərək, maaşları kəsilib.
Bel qırma
Bu “disiplin” deyilən qurum isə zavodda yenicə yaranan cəza aparatıdır. Fəhlələr öz aralarında ona “beli qıran” deyirlər. O qurum kadrlar şöbəsinin bir işçisinə həvalə edilib. O şəxs də gözünə xoş dəyməyənləri yerli-yersiz cəzalandırmaqla məşğuldur. Fəhlələr hesab edir ki, “disiplin” işçiləri qovmaq işini də xeyli asanlaşdırıb. Onlar bildirir ki, əvvəllər işçiləri qovmaq istəyəndə məcbur olub, ixtisara salırdılar və onda 3 aylıq maaşı ödəməli olurdular. Yeni qurum isə bu 3 aylıq ödəməni aradan qaldırıb. Çünki işdən çıxarılmağa namizəd olan şəxsin “torbası” elə tikilib yola salınır ki, o, zavoddan qansız-qadasız ayrıldığı üçün qurban kəsir.
Kasta sistemi
Şəkər zavodu daxilində qədim Hindistandakı kimi kasta sistemi də varmış. Heç bir qanuna sığmadığı halda, işçilər aşağıdakı kateqoriyalara bölünüblər: rəsmilər, personallar, günəmuzdlar, taşeronlar. Günəmuzd və taşeronların demək olar ki, elementar hüquqları belə, yoxdur. Onlar istənilən vaxt ən absurd səbəblə işdən çıxarıla bilirlər.
Həmkarlar Ittifaqı
Zavodda yaradılan Həmkarlar Ittifaqının fəaliyyətinin də formal olması əli qabarlı fəhlələri narahat edən məsələlərdəndir. Bu ittifaq yaradılandan üzü bəri bir dəfə də olsun, haqsız yerə işdən çıxarılan, əmək hüquqları pozulanları müdafiə etməyə kiçicik bir cəhd göstərməyib.
Tullantılar
Daha bir məlumatda göstərilir ki, keçən il zavodun kanalizasiya tullantılarının təmizlənməsi üçün, guya, sex tikiblər. AzTV bu sexin açılışını lentə alaraq, reklam da aparıb. Amma bu sex qısa müddətdə məhv olub, onu söküb-dağıdıblar. Indi zavodun bütün zərərli tullantıları açıq sahəyə buraxılır, bunun da ekologiyaya zərəri haqda geniş mübahisə açmağa dəyməz.
“Azadlıq”a müraciətdə zavoddakı ciddi cinayət faktı sayılacaq “qara mühasibatlıq” və milli ayrı-seçkiliklə bağlı məqamlar da əks olunub. Onları da araşdırıb, təqdim edəcəyik.
Natiq Güləhmədoğlu


