İlham Əliyev isə Türkiyəni arxadan vurdu
Ankara Parisə zərbə vurduğu bir vaxtda Bakı qucağını açdı
Ötən gün Fransa parlamentində qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib. Səsvermə zamanı salonda 50 millət vəkili olub. Bu isə 577 üzvlük məclisin təxminən 10 faizi deməkdir. Bundan sonra layihənin Fransa Senatına göndərilməsi planlaşdırılır. Qanun layihəsinə görə, “soyqırımı” inkar edəni 1 il həbs və 45 min avro cərimə gözləyir.
Qanun layihəsinin müəllifi, hakim Xalq Hərəkatı partiyasından seçilmiş millət vəkili Valerie Boyer layihə səsverməyə çıxarılmamışdan əvvəl etdiyi çıxışda bildirib ki, qanunun qəbulunda məqsəd Türkiyə ilə münasibətləri pozmaq yox, Fransa vətəndaşlarını qorumaqdır: “Bəzi ölkələr 1915-ci il hadisələrini inkar edərək cinayət ediblər, cəzasız qalıblar. 1914-cü ildə ermənilərin 2/3-si qətlə yetirilib. Sizdən dəstək gözləyirəm”.
Fransa müxalifəti qanun layihəsinə qarşı
Iclasda ümumilikdə 17 millət vəkili çıxış edib. Çıxış edənlərdən Fransa-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Mişel Diefenbaxer və sağ mərkəzçilərin prezidentliyə namizədi Fransua Bayro qanun layihəsinin əleyhinə olublar. Bayro deyib ki, Fransa Senatı qanunu qəbul edəcəyi təqdirdə ölkəsi təhlükəli yola girmiş olacaq.
Türkiyə səfiri geri çağırıldı
Fransa parlamentində qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulundan sonra Türkiyə Parisdəki səfiri Tahsin Burcuoğlunu geri çağırıb. Diplomatın bu gün Ankaraya qayıtması gözlənilir. Səfirliyin sözçüsü Almaniyanın “DPA” xəbər agentliyinə bildirib ki, Burcuoğlu müddətsiz olaraq, Türkiyədə qalacaq.
Türkiyədən Fransaya ağır sanksiyalar
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin aşağı palatası – Milli Assambleyanın uydurma erməni soyqırımı haqqında qanunu qəbul etməsinə sərt münasibət bildirib. Baş nazir bu addımı kəskin şəkildə pisləyib. Ərdoğan bunu “haqsızlıq və fikir azadlığına qarşı olan qərar” kimi qiymətləndirib: “Fransada azad düşüncə prinsipləri parlamentin deputatları tərəfindən tapdalanıb. Bu qərar Türkiyədən çox Fransaya qarşı haqsızlıqdır. Artıq Fransada azad düşüncə yoxdur. Qərarın qəbuluna qarşı çıxan fransalı deputatlara təşəkkür edirəm”.
Hökumət başçısının sözlərinə görə, Türkiyənin bu qərara qarşı səssiz qalması mümkün deyil: “Ilkin mərhələdə Parisdəki səfirimizi geri çağırdıq, iqtisadi-ticarət komissiyasının toplantısından imtina edirik, bütün ikitərəfli siyasi, iqtisadi və hərbi əlaqələrimizi dondururuq, Avropa Birliyi çərçivəsində layihələrdə iştirakdan imtina edirik”.
Tükiyənin baş naziri bundan sonra Fransa aviaşirkətlərinə məxsus təyyarələrin Türkiyə üzərindən hər bir uçuşu üçün ayrıca icazə alınmalı olduğunu, Fransa hərbi gəmilərinin isə Türkiyə limanlarına buraxılmayacağını bəyan edib. Ərdoğan onu da əlavə edib ki, Ankara bundan sonra Fransanın Afrikada törətdiyi soyqırımları bütün dünyaya tanıtmaq istiqamətində iş aparacaq.
“Sarkoya qapaq olsun”
Türkiyə rəsmiləri və müxalifəti də Fransanın bu addımına sərt münasibət bildirib. Avropa Birliyi naziri Egemen Barış baş nazir Rəcəb Tayyib Ərdoğanın açıqladığı sanksiyaların Fransa prezidentini ağır duruma salacağını söyləyib: “Baş nazirimizin açıqladığı qadağalar Sarkoya qapaq olsun. Ümid edirəm ki, Fransa prezidenti ağlını başına toplayıb qanun layihəsini Senata göndərməkdən imtina edər”.
Baş nazirin müavini Bülənt Arınç deyib ki, Fransa bu qanunun qəbuluyla tarixə və gerçəklərə qara yaxır. Onun sözlərinə görə, Fransa tarixin ləkələnməsi əməliyyatına start verib. Bu, Parisə başucalığı gətirməyəcək.
Fransa öz tarixinə xəyanət etdi
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu da hesab edir ki, Fransa parlamentinin aşağı palatasında qəbul olunan qanun, əslində, Fransanın öz tarixinə xəyanət etdiyinin sübutudur. CXP sədri qanunun Senatda təsdiqlənməsinin qarşısını almaq məqsədilə iqtidar-müxalifət əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Müxalif mövqeli Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da qanun layihəsinin qəbuluna görə Fransanın ünvanına sərt ittihamlar səsləndirib. Onun fikrincə, qanunun qəbulu tarixi qalmaqal və qara ləkə olaraq tarixdə qalacaq. Baxçalı Türkiyə hökumətinə Fransa ilə bütün siyasi-iqtisadi münasibətləri ən aşağı səviyyəyə endirilməsini təklif edib.
Ankara sanksiyalara əl atdığı bir vaxtda Bakı Fransaya qucağını açdı
Fransa parlamentinin qondarma erməni soyqırımının inkar edilməsinin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə Azərbaycan tərəfindən adekvat reaksiya gəlməyib. Doğrudur, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov səviyyəsində bu məsələ ilə bağlı boğazdanyuxarı bəyanatlar verildi.
İlham Əliyevin Parisin 7-ci rayonunun meri Rəşidə Dati iə görüşü
Bu bəyanatların qeyri-səmimiliyini sübut etmək üçün təkcə Ilham Əliyevin bir gün əvvəl Parisin 7-ci rayonunun meri Rəşidə Datini qəbul etməsi, onunla Fransa-Azərbaycan əlaqələrindən danışması, lakin sözügedən qanun layihəsi barədə bir kəlmə belə, danışmaması faktı kifayət edir. Halbuki artıq bir neçə gündür bu məsələ gündəmi zəbt edib. Bu azmış kimi, Ilham Əliyev qanun layihəsinin qəbul olunduğu gün, yəni, dünən Azərbaycan Iqtisadi Inkişaf Nazirliyi və Fransa Inkişaf Agentliyi arasında FIA qrupunun Azərbaycanda fəaliyyəti ilə bağlı Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb. Ankaranın Fransaya sanksiyalar tətbiq etməyi gündəmə gətirdiyi bir vaxtda Ilham Əliyevin bu addımları qardaş ölkəyə arxadan zərbə kimi dəyərləndirilməlidir. Türkiyə Azərbaycanla strateji müttəfiqdir. Eyni zamanda bu ölkə 20 ildir ki, Azərbaycan-Ermənistan münaqişəsinə görə Irəvanla əlaqələri kəsib. Ermənistanla sərhədləri bağlayıb. Azərbaycan hökuməti isə bunun qarşılığında Türkiyəni meydanda tək qoymaqla yenə də göstərdi ki, Ankara ilə əməkdaşlıqda səmimi deyil.
Bir məqamı da qeyd etmək yerinə düşər. Ilham Əliyevin xanımı Mehriban Əliyeva Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəridir. Hələ ki, bu qrupun da Fransa hökumətinin addımına hər hansı reaksiyası olmayıb.
Elxan