“Azərbaycanın valyuta bazarında vəziyyət sabitləşib”. Bunu ölkənin maliyyə naziri Samir Şərifov AzTV-yə açıqlamasında deyib. Nazir qeyd edib ki, yanvarın əvvəlində valyuta bazarında müşahidə olunan çaxnaşma aradan qaldırılıb və görülən tədbirlər nəticəsində vəziyyət sabitləşib: “Beləliklə, üzən məzənnəyə keçid olundu, manatın məzənnəsi aşağı düşür, ancaq istisna deyil ki, bir gün o bahalaşacaq. Bundan sonra tələbat təklifdən asılı olacaq”.
Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanın tədiyyə balansında müəyyən vəziyyət yaranıb: ölkəyə böyük valyuta axını olanda, tədiyyə balansı, demək olar, həmişə müsbət olub.
Nazir bildirib ki, ölkənin valyuta daxilolmaları azalıb, lakin idxal tələbatı, yəni valyutada həyata keçirilən ödənişlər o qədər də azalmayıb: “Bu natarazlığı aradan qaldırmaq üçün, eyni zamanda, yerli istehsalın qorunması üçün manatın məzənnəsinin ucuzlaşması qaçılmaz idi. Və tədiyyə balansında bu natarazlıq, şübhəsiz ki, milli valyutanın ucuzlaşmasının səbəbidir”.
Nazir qeyd edib ki, Azərbaycan Mərkəzi bankının valyuta ehtiyatlarının ciddi şəkildə azalması və Azərbaycan Dövlət Neft Fondunun aktivləri, cüzi olsa da, azalmasına baxmayaraq, Azərbaycanın valyuta ehtiyatlarının həcmi kifayət qədərdir.
Lakin nazirin fikrincə, bu normal prosesdir, çünki Neft Fondunun məqsədlərindən biri də, ölkəni çətin bir vaxtda dəstəkləməkdir: “Hazırkı vəziyyətin tarazlaşdırılması və sabitləşməsi üçün Fondun vəsaitlərindən istifadə etmək lazımdır”.
S.Şərifov Azərbaycanın borcalma məsələsinə də toxunub və bunu inkar edib. Amma nazir gələcəkdə belə addımın atılmasını da istisna etməyib.
Nazir hesab edir ki, Azərbaycanın xaricdən borclara ehtiyacı var, amma bu ehtiyac kəskin deyil: “BVF bizim xahişimizlə ölkədə iqtisadi sahədə bir sıra tədbirlərin görülməsi ilə bağlı müəyyən texniki kömək ediləcək. Biz beynəlxalq ekspertlərlə məsləhətləşmələri faydalı hesab edirik. Məhz bu səbəbdən, AIB, BVF və DB-ın missiyaları Bakıdadır”.
Şərifovun sözlərinə görə, ölkənin kreditlərin təcili surətdə cəlb edilməsinə ehtiyacı yoxdur: “Azərbaycan bu təşkilatların üzvüdür və ehtiyac yaranan zaman onlardan kredit götürə bilər. Bu bizim haqqımızdır. Biz beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığımızı davam etdirəcəyik, amma ehtiyac olduğu zaman kredit üçün müraciət də edə bilərik”.
Samir Əliyev: “Hökumət ölkədə böhranın olduğunu etiraf etmək istəmir”
Bəs, hökumət niyə bu xəbəri gizlətməyə çalışır? Bu addım ona nə verəcək? Həqiqətənmi hazırda ölkədə maliyyə sabitliyi yaranıb və manata heç bir təhlükə yoxdur?
Iqtisadçı Samir Əliyev bildirdi ki, neft gəlirləri azaldıqdan sonra Azərbaycanın vaxtilə əməkdaşlığından imtina etdiyi beynəlxalq maliyyə qurumları ilə əlaqələri yenidən bərpa edəcəyini gözləmək olardı. Azərbaycanın Beynəlxalq Valyuta Fondu ilə daha çox məsləhətləşmələr apardığını deyən S.Əliyev qeyd etdi ki, Dünya Bankı ilə əməkdaşlıq isə, ümumiyyətlə, məhdudlaşdırılmışdı: “Əslində Azərbaycanın beynəlxalq maliyyə qurumlarına müraciəti gözlənilən idi. Çünki burada söhbət xarici borclanmadan gedir. Hazırda üzləşilən maliyyə problemindən çıxış yollarından biri daxili mənbədir. Daxili mənbənin bir istiqaməti istiqraz buraxılmasıdır. Ikinci mənbə isə Neft Fondudur. Amma ondan hələ ki, istifadə etmək istəmirlər. Hazırda hiss olunan odur ki, hökumət xarici maliyyə institutlarından borc almaq istəyir”.
Bəs, belə bir niyyət varsa, o niyə gizəldilir? S.Əliyevin sözlərinə görə, hökumətin bu cür davranışının məntiqini anlamaq çətindir. Çünki həm yerli, həm də xarici mətbuatda bu istiqamətdə məlumat gedir. S.Əliyevin fikrincə, burada əsas məsələ hökumətlə bağlıdır: “Hökumət ölkədə böhranın olduğunu etiraf etmək istəmir. Yəni hökumət cəmiyyətə göstərmək istəyir ki, hər şey qaydasındadır. Bəlkə də bu məlumat açıqlanandan sonra bəyan edəcəklər ki, bizim pula ehtiyacımız yoxdur. Sadəcə əlavə vəsait əldə etmək istəyirik. Görünür, hakimiyyət daxilində bir qrup xaricdən vəsait cəlb etməkdə maraqlıdır. Amma bəzi qrup bunu istəmir. Hər bir halda maliyyə cəlb edilməsinin gizlədilməsinin əsaslandırılmasını görə bilmirəm”.
Xəyal