Samir Əliyev: «Bu sahədə zəruri islahatlar elə formada aparılır ki, onun neqativ təsiri daha çox olur»
Mərkəzi Bankın bir-birinin ardınca kommersiya banklarını bağlaması bu sahədə ciddi narazılıq yaradıb. Banklar MB-nin bu qərarını anlamırlar. “Azərbaycan Mərkəzi Bankının lisenziyamızı ləğv etməsini heç cür başa düşə bilmirik”. Bunu fins.az-a açıqlamasında “Qafqaz Inkişaf Bankı”nın Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının keçmiş rəhbəri Eldar Ismayılov deyib.
Onun sözlərinə görə, lisenziyanın alınması barədə qərar bank üçün gözlənilməz olub: “Bizim bank məcmu kapital və digər göstəricilərlə bağlı tələbi artıqlaması ilə yerinə yetirirdi. Prezident deyib ki, bank sektoru sağlamlaşdırılsın. Amma onu bu cür radikal addımlarla, kiçik bankları bağlamaqla etməzlər. Bu, qəbuledilməzdir. Daha liberal yollar var. Bazarda ancaq böyük bankların qalması o demək deyil, bank sektoru sağlam olacaq. ”Azərbaycan Beynəlxalq Bankı” ölkənin ən böyük bankıdır, nə cür problemlər yaşadığı göz önündədir”.
E.Ismayılov deyib ki, AMB lisenziyanı ləğv etməzdən öncə heç konsolidasiyaya getməyi də təklif etməyib: “Gözlənilmədən çağırıb dedilər ki, lisenziyanı alırıq. Halbuki təklif olsaydı ki, konsolidasiyaya gedin, məmnuniyyətlə bunu edərdik. Birləşməyin kimə ziyanı var ki? Amma bununla bağlı təklif olmadı, birdən-birə səhər durub gördük ki, lisenziyamız ləğv olunub”.
MŞ sədrinin sözlərinə görə, bankın bağlanması barədə qərar ictimaiyyətə açıqlanandan sonra əmanətçilərin axını ilə üzləşiblər: “165 nəfərin bizdə əmanəti var, təkcə bu gün 17-ni qəbul etmişik. Hamı gəlib pulunu istəyir. Gərginlik var. Bağlanmış digər banklarda da bu cür vəziyyət yaranıb. Bu qədər bankın birdən bağlanması bank sektoruna inamı tamamilə itirəcək. Daha heç kim banklara əmanət qoymayacaq”.
Eldar Ismayılov onu da bildirib ki, bankın lisenziyasının bərpa olunması üçün hələ ki, məhkəməyə müraciət etmək barədə düşünmürlər.
“Texnika Bank” da hədəfdə…
Bundan başqa, Azərbaycanda daha bir bankın lisenziyasının ləğv olunacağı barədə məlumat yayılıb.
Mərkəzi Bankın ötən gün keçirilən iclasındaÿ”Texnika Bank”ın lisenziyasının ləğv olunması ilə bağlı qərar qəbul edilib və MB-nin bu istiqamətdə qərarı açıqlanmalıdır. “Texnika Bank” Müşahidə Şurasının sədriÿ Etibar Əliyev açıqlamasında bildirib ki, dövlət orqanlarının qərarı nə olacaqsa, ona hörmətlə yanaşacağıq: “Bir müddət əvvəl bankın dirçəldilməsi ilə bağlı qərara necə hörmətlə yanaşmışdıqsa, bu dəfə elə olacaq. Amma bankın lisenziyasının ləğv edilməsi barədə məlumatım yoxdur. Rəsmi qurumun qərarını gözləmək lazımdır”.
Göründüyü kimi, yayılan məlumatlar bank sektorunda təmizləmə əməliyyatının əsaslandırılmış formada aparılmadığını göstərir. Sanki MB inzibati qayda da bankları bir-bir sıradan çıxarır. Amma bəlkə də çoxdan edilməli olan bu əməliyyat bir qədər tələsik və tam ölçülüb-biçilmədən edilir.
Digər tərəfdən, artıq əmanətçilərin ciddi narazılıqları yaranıb. Devalvasiya nəticəsində xeyli əmanətçinin bankdakı pulu sığortalanmış əmanətlər sırasından çıxarılır.
Eyni zamanda MB-nin apardığı siyasət bank sektorundakı işsizliyi də artırır. Hər bir bankın bağlanması bank filiallarının fəaliyyətinin dayanması deməkdir. Nəticədə bank sektorunda minlərlə işçi iş yerini itirir.
“Hər bankın arxasında bir məmur dayanır”
Iqtisadçı Samir Əliyev bildirdi ki, bank sektorunda gözəl təşəbbüslər, zəruri islahatlar elə formada aparılır ki, onun neqativ təsiri daha çox olur. Bankların birləşdirilməli olduğunu hər zaman vurğuladıqlarını deyən S.Əliyev qeyd etdi ki, Azərbaycan üçün 20-25 bank tam normaldır: “Amma Azərbaycan gəlib elə bir vəziyyətə çatdı ki, vaxtında atılmalı olan addımlar saxlanıldı və bağlanma prosesinə yalnız bu gün start verildi. Mərkəzi Bank kommersiya banklarının nizamnamə kapitalını 10 milyondan 50 milyona qədər artırdı. Bu normaya cavab verməyən banklar bağlanacaq. Amma 2014-cü ildə məlum oldu ki, 4 bank bu normaya artıq cavab vermir. Həmin banklar Mərkəzi Bankın qərarına əsasən bağlanmalı idi. Amma bu baş vermədi və onlar fəaliyyətini davam etdirdi. Göründüyü kimi, Mərkəzi Bankın bu addımı atmağa gücü çatmadı. Çünki, hər bankın arxaçında bir məmur dayanır”.
“Bankların tələsik bağlaması təsadüfi deyil”
Iki devalvasiyanın banklara neqativ təsirinin çox olduğunu deyən S.Əliyev bildirdi ki, bank sektoru çıxılmaz vəziyyətdədir. S.Əliyevin sözlərinə görə, görünür, yüksək səviyyədə qərar verilib ki, bankların sayını azaldın. Ona görə bu siyasət daha sərt formada apırılır. Bir gündə iki bank birdən bağlanır. S.Əliyev hesab edir ki, bank sektorunda baş verən bu tendensiya bu sahəni nokauta sala bilər: “Bank sektorunda baş verənlər əmanət bazarına mənfi təsir göstərəcəkdir. Əmanətlərin tam sığortalanması haqqında qanun qəbul olunmalıdır. Fevralda Milli Məclisin sessiyası olacaq. Yəqin ki, bu qanun fevralın sonuna qədər qüvvəyə minəcək. Düşünürəm ki, Mərkəzi Bankın belə bir sərt addım atmasının da səbəbi məhz budur. Mərkəzi Bank çalışır ki, bağlanmalı olan bankları həmin qanun qüvvəyə minənə qədər bağlasın ki, Əmanətlərin Sığortalanması Fondu bütün əmanətləri qaytarmasın. Qanun qəbul edildikdən sonra isə proses bankların konsalidasiyası istiqamətində cərəyan edəcək”.
S.Əliyevin fikrincə, bu gün əmanətlərin mövcud sığortalanması sistemini təkmilləşdirməyə ehtiyac var. Çünki hazırkı sığotalanma reallığa uyğun deyil. Iki devalvasiya dollarda olan əmanətlərin bir çoxunu sığortadan kənar qoyub. Hazırda 19 min dolları olan əmanətçinin pulu sığortalanıb. Otuz min dollar əmanəti olan şəxs iki devalvasiyadan sonra 11 min dollar itirir. Ona görə S.Əliyevə görə, hökumət bu məsələdə həssas olmalıdır və imkan verməməlidir ki, dollarda əmanəti olan şəxslərin sığorta sisteminə inamı azalsın.
“Bank sektorunda işsizlik geniş vüsət alacaq”
Bank sektorunda yaşananların bu sahədə işsizliyin artmasına səbəb olacağını deyən S.Əliyev bildirdi ki, artıq bir neçə bank bağlanıb. Hər bankda nə qədər işçinin işlədiyini öyrənməyin bir qədər çətin olduğunu vurğulayan S.Əliyev əlavə etdi ki, bir bankda təxminən 200 işçi çalışır: “Ortalama altı bankın bağlanması nəticəsində işsiz qalanlar 1000-2000 arasıdır. Bundan qabaq da banklar bağlanıb. Bank sektorunda işsizlik geniş vüsət alacaq. Artıq bu proses ötən ilin payızından başlayıb. Işsizlik bağlanan banklarla məhdudlaşmır. Bu gün hələ də fəaliyyət göstərən bankların özündə də güclü ixtisarlar, fililların ləğvi, əmək haqlarının azaldılması gedir. Işsizlik yalnız bank deyil, həm də sığorta sistemini də vurur”.
Xəyal



