Nar şirəsinin üstündəki “100 faiz”i görüb, adətim üzrə etiketə baxdım. Məhsul nar konsentratından düzəldilib, tərkibində şəkər siropu, limon turşusu var. Bəs yaxşı, 100 faiz olan nədir?
Sirr deyil ki, dünyanın bir çox yerində istehsalçılar istehlakçıları nə yolla olursa olsun, çaşdırıb mallarını satmaq istəyirlər. Bu işdə elə bilirəm amerikanlıların kreativliyinə çatan olmaz. Qutunun üstünə “6 sup qutusu” yazıb, eyni qutunun 4 böyüdülmüş şəklini vuran istehsalçıların kreativliyi insanı istər-istəməz heyran edir. Almanın, kartofun üstünə “fat free” (yağsız) yazıb, reklam edəndə isə səni axmaq yerinə qoyduqlarını zənn edirsən.
Düzdür, Azərbaycanda “Reklam haqqında” qanunun 6-cı maddəsində – reklamın ümumi tələblər hissəsində deyilir ki, “bazar subyektlərinin, əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam yayımı, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması kimi istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətlər yolverilməzdir”.
Amma görünən budur ki, qanun bir o qədər effektiv deyil. Məsələn, mağazanın kəsmik şöbəsində yağlılığı 0.3 faizdən 11 faizədək, yəni yağlılığına görə bir-birindən təxminən 36 dəfə fərqli olan pəhriz və ya dietik kəsmiklər satılır. Kəsmiklə bağlı standartları araşdıranda məlum oldu ki, istehsalçını bir o qədər də qınamaq olmaz, çünki kəsmiklə bağlı AZS 089-2003 standartında pəhriz kəsmiyində yağın kütlə payı “konkret adda kəsmik üçün təsdiq olunmuş texnoloji sənəddə müəyyən edilir” kimi göstərilir. Bir sözlə, hər şey buraxılır istehsalçının öz ixtiyarına. Həmin standarta görə, yarım yağlı kəsmik 9 faiz yağlı olmalıdır. Bəs onda 11 faizli kəsmik necə “dietik”, “yüngül” olur (sayta bax http://www.mpro.az/mehsuldetay.html?id=5 )?
Bir tərəfdən bu, müsbət bir tendensiyadır ki, istehsalçılar müştərilərin pəhriz, “dietik” məhsullara artan marağını başa düşüb, bundan reklam məqsədilə istifadə edirlər. Amma standartlarda olan qeyri-müəyyənliklər, boşluqlar və xüsusilə də standartların və qanunların həyata keçirilməsinə zəif nəzarət əhalinin sağlam ərzaq məhsullarını seçə bilməsinə əngəl yaradır.
Hərçənd, “Yeyinti məhsulları haqqında” qanunda göstərilir ki, “Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan, yeyinti məhsuluna ”müalicəvi”, “pəhriz”, “ekoloji təmiz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə yol verilmir”. Amma yuxarıda adıçəkilən 11 faiz yağlılığı olan kəsmik 7-8 ildən çoxdur ki, “dietik” etiketlə satışdadır. Vaxtilə özüm bu kəsmiyin daimi müştərilərindən olmuşam. Yediyimiz qidanın sağlamlığımıza təsiri bəllidir. Bu gün, dünyanın bir çox qabaqcıl ölkələrində etiketlərdə insan sağlamlığına təsir edən maddələr haqqında daha müfəssəl məlumat verilməsi tələb olunur.
Bu ölkələrdə trans yağlara məhdudiyyətlər qoyulduğu vaxtda Azərbaycanda satılan ərzağın əksəriyyətinin üzərində bu haqda məlumatın olmaması təəssüf doğurur. Çünki tərkibində xolesterin olan heyvan mənşəli doymuş yağlar və xüsusilə də bitkilərdən hidrogenləşmə yolu ilə alınan trans yağlar ürək-damar xəstəliklərinə səbəb olan əsas amillərdən sayılır. Nəzərə alsaq ki, ölkəmizdə son illərdə ölənlərin 60 faizi (2010-cu ildə 32 min 554 nəfər) ürək-qan damar xəstəliklərindən vəfat edib, bu problemin ölkəmiz üçün aktuallığı daha aydın nəzərə çarpar.
Bu gün Azərbaycanda satışda olan onlarla yerli və xarici şirniyyat növlərinin üstündə onların bitki yağından və ya xususi tərkibli yağdan hazırlandığı iddia olunsa da, bu yağların mənşəyi və emalı haqqında məlumat verilmir. Mağazalarda müşahidə etdiyim 50 şirniyyat məhsulundan yalnız “Ülker” firmasının məhsullarının üzərində yağların ümumi miqdarı ilə yanaşı, doymuş və trans yağlar haqqında da məlumat vardı. Hərçənd, bir çox inkişaf etmiş ölkələrdə məhsulların tərkibindəki xolesterinin miqdarının da etiketdə göstərilməsi tələb olunur. Danimarkada isə ümumilikdə trans yağların istifadəsinə qadağa qoyulub.
Inkişaf etmiş ölkələrdə ərzağın etiketində onun tərkibinin göstərilməsilə bağlı tələblərin qoyulmasında əhalinin sağlamlığı üçün narahat olan bir sıra nüfuzlu qeyri-hökumət təşkilatlarının, alimlərin, universitetlərin böyük rolu var. Bu cür təşkilatlar əhalinin maarifləndirilməsi və onun sağlamlığına xidmət edən qanunların qəbulu istiqamətində dayanmadan iş görürlər. Azərbaycanda bu sahədə çalışan mütəxəssislərin, qeyri-hökumət təşkilatlarının və ən əsas da biz istehlakçıların görəcəyi çox iş var. Ona qədər etiketlərə diqqətlə baxın, sizi çaşdırmaq istəyən həmişə var. Özü də o, uzaqda deyil.
Nailə Əliyeva Kress


