Bunlar Iraqın da neftini oğurlayırmışlar ki…

Azərbaycanın adının növbəti dəfə layiq olduğu yerə – avtoritar rejimlərin siyahısına salınmasını yenə “qərəzli, hansısa dövlətlərin sifarişi” adlandırdılar. Ümumiyyətlə, hər dəfə beynəlxalq təşkilatlardan tənqidi bir hesabat gələndə, bunların korrupsioner, yırtıcı, basqıçı rejimi üzündən Azərbaycanın adı dünyanın ən geridəqalmış ölkələri ilə birgə çəkiləndə öyrəşmişik bunların “xarici sifarişçi” axtarmalarına. Sevindirici odur ki, artıq şiti-şoru çıxarılmış belə yalanlar yerimir, hakimiyyətə qarşı nifrət və ikrahı daha da artırır, onu gülünc vəziyyətdə qoyur.

Adamdan soruşarlar: kimdir o sifarişçi? Kimdən qorxursunuz, niyə ad çəkmirsiniz? Ermənilərmi? Bəs onda özlərinin adını niyə babat yerə yazdırmırlar? Bir halda ki, Ermənistanın özünün də bu siyahıdakı yeri demokratiyanın can verdiyi, hüququn yerlərdə süründüyü ölkələrin yanıdır, onda sifarişçinin erməni olmasına hansı ağlı başında adam inanar?
Bəlkə Irandır sifarişçi? Bəlkə Rusiyadır? Axı elə həmin siyahıda bu ölkələri də ala itdən urvatsız eləyiblər. Belə də sifarişçi olar? Azərbaycanın adını siyahıda biabırçı yerə qoymağı sifariş edənədək niyə gedib özünə siyahıda normal yer sifariş etmir?
Əlbəttə, söhbəti bu qədər uzatmamaq da olar. Əgər bunlar 5 yaşlı uşağın “Azadlıq” qışqırdı deyə polis maşınına basıldığı, vətəndaşın gözünün yaşına baxmadan mülkünün başına uçurulduğu, məhkəmələrin məzhəkələrə çevrildiyi, quruca “Istefa!” şüarına görə insanların dəmir barmaqlıqlar ardına göndərildiyi, doğruları söyləməyin suç olduğu, məmləkətin sərvətlərini bir ovuc adam dədə malı kimi sümürdüyü halda, ataların övladlarına pul tapa bilməyib intihar etdiyi, uşaqların yatağına ac girdiyi bir ölkənin adının demokratik ölkələr sırasında çəkilməsini istəyirlərsə, ovuclarını yalayarlar. Ağılları özlərinə getməsin, hələ dünya ədalət və vicdan duyğusunu, obyektivlik hissini o qədər itirməyib.
Indi isə gəlin, mövzunu azacıq dəyişək, çünki ortada daha ciddi söhbət var. “Qafqazinfo” saytında oxudum dünən –   Iraqın energetika üzrə baş nazir müavini Hüseyn Əl-Şaxristani sensasiya sayıla biləcək bəyanat verib. Buna bəyanat demək də doğru deyil. Bu, əslində, Azərbaycana ittihamdır, orada deyilir ki, Iraq nefti qaçaqmal yolu ilə ölkəmizə daşınır. Sitat: “Bütün bunları sübut etmək üçün sənədləşdirilmiş fotolar mövcuddur”.
Buyurun, biz də elə bilirdik ki, bunlar yalnız Azərbaycan neftini oğurlayırlar, sən demə, artıq Iraq neftini də sümürməklə məşğul imişlər. Düzdür, Şaxristani ölkəsinin neftini əyri yollarla daşıyanların kürdlər olduğuna işarə vurub, amma bu heç nəyi dəyişmir: onlar oğurladıqları nefti sərbəstcə Azərbaycana keçirə bilirlərsə, deməli, burada əməlli-başlı işbirlikçiləri var, şübhəsiz, həm də hakimiyyətin yüksək postlarında otururlar. Bəs necə, ölkəyə bir neçə adamdan xəbərsiz heç neft çırağı gətirmək mümkün deyil, qalmışdı neftin özü ola…
Açığı, mən bilmirəm Iraq rəsmisinin sözlərindən qəzəblənmək, yoxsa sevinmək lazımdır. Bir yandan qəzəblənirsən ki, ay zalım uşağı, bu ölkənin neftini basıb yeməyiniz, buruqların altından girib üstündən çıxmağınız azdırmı ki, indi də onun-bunun neftinə göz dikib ölkənin adını el-aləmdə rüsvay edirsiniz? O biri yandan da fikirləşirsən ki, islanmışın yağışdan nə qorxusu, onsuz da Azərbaycanın adı biabırçı hesabatlardan, siyahılardan düşmür, indi bunun üstünə “neft oğrusu” gəlsə nə olacaq, dünyamı qopacaq?
Əslinə qalsa, mən bunu sevindirici hadisə sayıram. Təsəvvür edin, ABŞ Iraqa girib Səddamı devirəndə hamı bir-birinin ağzına tüpürübmüş kimi deyirdi ki, demokratiya-zad boş şeydir, Amerikanın davası neft üstündədir. Indi isə məlum olur ki, ətək-ətək pulu gedən, əsgəri qırılan, üzünə itin sözü deyilən ABŞ-dır, amma Iraqın neftini bizimkilər çırpışdırırlar. Adam belə fərasətli hakimiyyətlə öyünməsin, qürur hissi keçirməsin, neyləsin?
Məncə, amerikalılar Iraqı-miraqı boş versinlər, vaxt itirmədən gedib Texasda-zadda gələcək üçün saxladıqları, hələ ağzını açmadıqları neft yataqlarından göz-qulaq olsunlar.
Məndən söyləməsi, sonra deməsinlər ki, deməmişdiniz…