“Təzəxan Mirələmlini təxribata çəkmək istəyirlər”

Həbsdə olan AXCP funksioneri və azyaşlı övladı onlara hansı formada təzyiq göstərildiyini açıqladı

“Azadlıq”ın ötən sayında xəbər verdiyimiz kimi, hüquq-müdafiəçiləri və jurnalistlərdən ibarət qrup AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli və onun oğlunun həbsdə saxlanma şəraitilə tanış olmaq məqsədilə cənub bölgəsinə səfər edib.
Xatırladaq ki, Təzəxan Mirələmli ötən həftə keçirilən məhkəmə iclası zamanı 15 yaşlı oğlu Vasifin hüquqlarının pozulmasına etiraz etdikdən sonra həbs olunub. Lənkəran şəhər məhkəməsi dekabrın 16-da onun barəsində “xuliqanlıq” ittihamıyla 10 sutkalıq həbs qərarı verib. Məsələ burasındadır ki, Vasif Mirələmlidən atasının əleyhinə ifadə almağa cəhd göstərilir.
“Təzəxan Mirələmlini təxribata çəkirlər”
Hüquq müdafiəçiləri və jurnalistlərdən ibarət qrup əvvəlcə Vasif Mirələmlinin saxlanıldığı Masallı Rayon Polis Şöbəsinə baş çəkdi. Lakin rəis müavini qrup üzvlərindən yalnız Işgəncələr Əleyhinə Komitənin müavini Elçin Behbudov və komitənin digər işçilərinə görüş üçün icazə verdi. Bunu da belə əsaslandırdı ki, qrupa daxil olan şəxslərdən yalnız Elçin Behbudovun hələ uzun illər əvvəldən polis idarələrində monitorinq keçirməyə icazəsi var. Digərlərinin isə idarənin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxslə görüşməsi üçün mütləq işi aparan müstəntiq, prokuror və hakimin icazəsi olmalıdır. Vasif Mərələmlinin işi üzrə hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsində proses getdiyindən onunla görüşə də işə baxan hakim icazə verməlidir.
“Görüşə icazə verilməsi haqda qərar gətirilsə, heç bir problem olmayacaq”, – deyə rəis müavini bildirdi.
Yeri gəlmişkən, Ictimai Palatanın Cəlilabad rayon şöbəsinin üzvü Rza Təhməzli də dəstək məqsədilə polis şöbəsinin qarşısında idi. Vasif Mirələmlinin işi üzrə ötən məhkəmə iclasında baş verənlərdən danışan Rza Təhməzli bildirdi ki, yeniyetmə məhkəmədə olduqca narahat idi: “Atası da uşağın həyəcanlı olduğunu hiss elədi və təbii ki, Təzəxan Mirələmlinin özü də narahatlıq keçirməyə başladı. Qarşı tərəf də bundan istifadə edib Təzəxan Mirələmlini təxribata çəkdi. Onun üzünə adam qoyaraq, inzibati qaydada cəzalandırdılar. Məhkəmə də çox ədalətsiz qərar çıxardı”.
Rza Təhməzli bir daha vurğuladı ki, AXCP funksionerinə qarşı təzyiqlər birbaşa onun ictimai-siyasi fəaliyyətilə bağlıdır.
Elçin Behbudov və köməkçilərinin polis şöbəsində 15 yaşlı Vasiflə görüşü təxminən yarım saat çəkdi. Hüquq müdafiəçisi bildirdi ki, azyaşlının vəziyyəti normaldır, o, iki nəfərlik kamerada saxlanılır: “Polis şöbəsində ona qarşı heç bir təzyiq göstərilmədiyini dedi”.
Vasif Mirələmli Elçin Behbudova deyib ki, hadisədən dərhal sonra Cəlilabad Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini ona təzyiq göstərib. Rəis müavininin tələbi bu olub ki, Vasif bu cinayəti qarşı tərəfin onun atasını söydüyünə görə törətdiyi haqda məlumatların yalan olduğunu desin.
Qeyd edək ki, Təzəxan Mirələmli Ictimai Palatanın 2 aprel mitinqində polis vəhşiliyinə məruz qalıb, onun sifəti tanınmaz hala düşüb və bu səbəbdən bir müddət xəstəxanada müalicə olunub. Həmin vaxt Cəlilabadda məktəbdə bir neçə nəfər övladlarının yanında Təzəxan Mirələmlinin ünvanına xoşagəlməz ifadələr işlədiblər.
Hər evdə aclıq!
Masallı rayon Polis Şöbəsinin qarşısında, üzərində “Polis bulağı” yazılmış əl-üz yuyan var. Hüquq müdafiəçiləri və jurnalistlər bulağın ətrafında şəkil də çəkdirdilər…
Daha sonra qrup Masallının Musaküçə kəndində aclıq aksiyası keçirən YAP üzvləri Məmmədağa Eynullayev, Ramin Ibadullayev və Hikmət Babayevə baş çəkdi. Aclıq edənlərdən ikisi buz kimi soyuq otaqda olsalar da, Hikmət Babayev yerində yox idi. Aksiyaçılar Masallının icra başçısı Qəzənfər Ağayevin onlara təzyiqlər göstərdiyini dedilər.
“Hər evdə aclıq!” şüarı ilə keçirilən aksiya dekabrın 18-də başlayıb: “Aksiyada rayonun səkkiz kəndinin təxminən 40 sakini iştirak edir. Əhalinin narazılığının əsas səbəbi icra başçısı Qəzənfər Ağayevin özbaşınalığıdır. Bu şəxs bütün rayonu ələ keçirməyə çalışır. Onun adamları yerli sahibkarların əmlakını əllərindən alırlar”.
Rayon icra hakimiyyətinin nümayəndəsi Seyfəddin Əliyev “Turan”a açıqlamasında isə heç bir etiraz aksiyasının olmadığını bildirib. Amma aksiyanı müxbirlərin öz gözü ilə gördüyünü biləndə yalnız üç nəfərin etiraz etdiyini etiraf edib. Aksiya keçirənləri isə “yeniliklərin və inkişafın düşməni” adlandırıb. O, rayonda vətəndaşların mülkiyyət hüququnun pozulması barədə məlumatları da təkzib edib.
Gözlə qaş arasında…
Daha sonra hüquq müdafiəçiləri Təzəxan Mirələmlinin saxlanıldığı Lənkəran şəhər Polis Şöbəsinə getdi. Elçin Behbudov şöbənin rəisi Elxan Əliyevin diqqətinə çatdırdı ki, ictimaiyyət Təzəxan Mirələmlinin saxlanma şəraitindən narahatdır. Bu səbəbdən də hüquq müdafiəçiləri, jurnalistlər onunla görüşmək istəyir.
Burada da polis rəisi bildirdi ki, yalnız Elçin Behbudovun polis şöbələrində monitorinq keçirməyə icazəsi olduğunu bildirdi. Rəis ən yaxşı halda, əlavə olaraq, bir nəfəri də buraxa biləcəyini dedi. Elçin Behbudov öz işçisilə getmək istəyəndə, qrupun digər üzvləri köməkçinin əvəzinə, Eynulla Fətullayevin görüşməsini məqsədəuyğun saydı. Lakin polis rəisi buna razı olmadı.
Təzəxan Mirələmli ilə görüş təxminən 15 dəqiqə çəkdi. Görüşdən sonra Elçin Behbudov bildirdi ki, Təzəxan Mirələmlinin saxlanma şəraitindən narazılığı yoxdur: “Təzəxan Mirələmli səhhətindən və saxlanma şəraitindən narazı deyil. Onu təkadamlıq kamerada saxlayırlar. Amma bildirdi ki, oğlunun məhkəməsi qərəzli aparılır, verdiyi vəsatətlər təmin olunmur. Dedi ki, məhkəmə zamanı zərərçəkən şəxslər oğluna qarşı kobudluq ediblər. Bundan əlavə, məhkəmə iclasında zərərçəkmişlər onun oğluna təzyiqlər göstərir, hakimlər isə buna mane olmurlar”.
Ramin DEKO