Beynəlxalq Valyuta Fondu və Dünya Bankından vəsait istəyən hakimiyyət niyə öyündüyü neft pullarına dəymir?
Azərbaycan düşdüyü maliyyə böhranından çıxmaq üçün xarici borcalmaya gedir. Beynəlxalq Valyuta Fonduÿ və Dünya Bankının ucuz neft qiymətləri ilə mübarizə aparan Azərbaycana 4 milyard dollarlıq yardım paketi ayırmağı nəzərdən keçirdiyi barədə xəbər yayıb. Hökumətin müraciəti əsasında “potensial texniki yardım” məsələsini müzakirə etmək üçün Fondun və Dünya Bankının nümayəndə heyətlərinin yanvarın 28-dən fevralın 4-nə kimi Bakıda görüşlər keçirəcəyini deyib.
Amma baş verənlərlə bağlı bir neçə sual meydana çıxır. Birinci yaranan sual odur ki, Azərbaycan hökuməti nəyə görə daxili resurslardan, Neft Fondunun vəsaitindən istifadə etmir. Həmişə Neft Fondunun imkanları ilə fəxr edən Azərbaycan hakimiyyəti nədən hazırda bu imkanlardan yararlanmır.
Digər tərəfdən, daha bir mühüm məqam odur ki, beynəlxalq kredit təşkilatları verdikləri maliyyənin müqabilində Azərbaycandan bir sıra addımlar atmağı tələb edə bilər. Onlar sırasında kommunal xərclərin artırılması belə ola bilər.
“Ölkənin gələcəyini riskə atan borclanma”
Iqtisadçı Nemət Əliyev hesab edir ki, hökumətin bu müraciəti Azərbaycanın düşdüyü hazırkı vəziyyətin nə dərəcədə ağır olduğunu göstərir. Ekspert də haqlı olaraq sual edir ki, nədən hakimiyyət borc üçün müraciət edir, amma öz daxili imkanları hesabına problemi həll etmək istəmir: “Görünür, daxili resurslar o qədər tükənib ki, xaricdə Neft Fondunun yerləşdirilən əmanətlərinin ölkəyə gətirilməsi mümkünsüzdür. Ona görə iri beynəlxalq maliyyə təşkilatlarına müraciət edirlər. Ümumiyyətlə, hökumətin bu təşkilatlara müraciəti həm əsassızdır, həm də ümid yoxdur ki, o dörd milyardlıq maliyyə vəsaitlərini səmərəli istifadə edib, Azərbaycanın düşdüyü maliyyə böhranını çözə bilsinlər. Azərbaycan hökuməti Neft Fondunda toplanan maliyyə vəsaitlərinin təxminən 90 milyardlıq hissəsini xərcləyib. Əgər 90 milyardlıq maliyyə vəsaitini xərcləyən hökumət qeyri-neft sektorunda normal vəziyyət yarada bilməyibsə, bu vəzifənin öhdəsindən növbəti 4 milyardla gələcəyi inandırıcı deyil. Bəlkə də həmin 4 milyardın fakturası artıq kəsilib. Azərbaycan hakimiyyətinin idarəçilyində əsaslı islahatlar aparmadan o maliyyə vəsaitini bunlara vermək çox təhlükəlidir”.
Azərbaycanın bu dərəcədə xarici borclanmaya getməsinin ölkənin gələcəyini böyük zərbə altına qoyduğunu düşünən N.Əliyev vurğuladı ki, ölkənin birbaşa özünün borcu 7 milyarda yaxındır. Ölkənin bank sektorunun da təxminən 6, ARDNŞ-in isə 8 milyardlıq borcu var: “Bu mənbələr hesabına Azərbaycanın 21 milyardlıq xarici borcu yaranıb. Hələ biz bura digər dövlət şirkətlərinin aldığı xarici borcları əlavə etmirik. Əgər bunu etsək, o zaman bunun ÜDM-də payı əhəmiyyətli dərəcədə artır. Bu hökumətin səhvlərini, çətinliklərini gələcək nəsillərin çiyninə yükləmək nə dərəcədə doğrudur. Xarici borcumuz kifayət qədər böyük ikən yenidən borclanmaya getmək məqbul deyil. Milli Şuranın sədri Cəmil Həsənli demişkən, əgər dövlət başçısı ətrafında oturan məmurları yaxşıca silkələsəydilər, onlardan tökülən pullar hesabına çox böyük nəticələr əldə etmək mümkün olardı. Əlbətdə vəsaitdən düzgün yararlanılardısa…
N.Əliyev hesab edir ki, əgər xaricdən alınan vəsaitə görə ödəniləcək faiz Neft Fondunun xaricdəki vəsaitlərindən gələn gəlirdən yüksək olarsa, daha məntiqli həmin vəsaitləri ölkəyə gətirmək ola bilər.
Xarici təşkilatların Azərbaycandan tələb edəcəyi islahatlara gəlincə, N.Əliyev qeyd etdi ki, borc verən maliyyə təşkilatları həmin vəsaitin geri qaytarılmasını qiymətləndirirlər. “Amma Azərbaycan hökuməti onda maraqlı olmalıdır ki, cəlb olunmuş maliyyə vəsaitləri daha effekt verən sahələrə xərclənsin. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı verəcəkləri maliyyənin hansı sahələrə qoyulacağına xüsusi əhəmiyyət verməyəcəklər. Çünki 4 milyardlıq maliyyə vəsaitini Azərbaycanın hesablarına həbs qoymaqla əldə etmək onlar üçün çətinlik törətmir. Xalq narahat olmalıdır ki, Mərkəzi Bank qısa müddətə 10 milyarddan artıq valyutanı itiribsə, 4 milyard o qədər böyük vəsait deyil”, deyə N.Əliyev vurğuladı.
Hökumətin üzləşdiyi çətinliklər artdıqca kommunal xərclərin artırıla biləcəyini istisna etməyən N.Əliyev bildirdi ki, amma Azərbaycanı yalnız müxtəlif sahələrdə islahatlar aparmaqla düzəltmək mümkün deyil. “Hətta o ola bilər ki, kommunal sahələr özəlləşdirilərək beynəlxalq təşkilatların öhdəsinə verilsin”, deyə N.Əliyev vurğuladı.
Xəyal