merkezibank

İstiqraz çapı kömək edəcəkmi?

merkezibankDollar istiqrazlarına verilən cüzi faiz onların cəlbediciliyini aşağı salır

Samir Əliyev: «Hökumət istiqrazlar yolu ilə əhalidəki dolları geri yığmaq istəyir»

Ölkədə yaşanan böhran hər gün daha da dərinləşir. Cərəyan edən proseslər hökumətdən təcili addımlar tələb edir. Amma hökumətdən zəruri addımların atılması hələ ki görünmür.

Lakin düşülən maliyyə böhranından çıxılma cəhdləri edilməlidir. Belə addımlardan biri kimi istiqraz çapı göstərilir. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, yaxın günlərdə rəhbərlik etdiyi qurum dövriyyəyə manatla istiqrazlar buraxacaq: “Hamını dəvət edirəm ki, yasdığın altında saxladıqları pulları bu istiqrazlarda yerləşdirsinlər. Onların gəlirliliyi inflyasiyadan yüksək olacaq. Əgər qiymət artımı 10%-dirsə, 11-12% dividend ödəniləcək”.

Nazir qeyd edib ki, hökumət dollarla da istiqraz buraxmağı planlaşdırır, amma onların gəlirliliyi elə də yüksək olmayacaq: “Hazırda ölkə daxilində xarici valyuta kütləsi var və bir çox hallarda sahiblərinə gəlir gətirmir. Biz onlar üçün də istiqraz buraxacağıq. Amma bu istiqrazların gəlirliliyi təxminən 3% olacaq. Çünki istəmirik ki, insanlar banklardakı depozitlərini çıxarsınlar. Sadəcə evdə dollarla pul saxlayanlara bu istiqrazları almağı tövsiyə edəcəyik. Istənilən halda pulu evdə saxlamaq riskdir, yanğın və digər xoşagəlməz hadisələr baş verə bilər. Onu da demək istəyirəm ki, artıq vəziyyət sabitləşib, bundan sonra daha da sabitləşəcək və biz müəyyən alətləri bazara təqdim etməyə hazırıq”.

Bəs, hökumətin təklif etdiyi bu addım effektli ola bilərmi? Əhali hökumətin bu siyasətinə inanaraq istiqrazlara pul verəcəkmi? Burada əsas diqqət çəkən məqam dollar istiqrazlarının faiz dərəcəsinin aşağı olmasıdır. Hazırkı şəraitdə bu cür faizin təklifi reallıqdan uzaqdır.

samir-eliyev-iqtisadci

Iqtisadçı Samir Əliyev bildirdi ki, hər bir halda istiqraz çapı müsbət qiymətləndirilməlidir. Ölkənin valyuta bazarında sabitlik yaratmaq, manatın məzənnəsindəki oynamanın qarşısını almaq üçün ölkəyə valyuta lazım olduğunu deyən S.Əliyev bildirdi ki, bunun üçün bir neçə mənbə var. Birinci mənbə valyutanı xaricdən gətirməkdir. Ikinci mənbə Neft Fondu və sonuncu mənbə daxildə, əhalidə olan vəsaitdir: “Mərkəzi Bank 10 milyarddan çox valyuta ehtiyatı əridib. Bu məbləğdə dollar dövriyyə buraxılıb. Onun bir hissəsi xaricə çıxarılsa da, bir hissəsi əhalidədir. Əhalidə olan məbləğin nə qədər olduğunu demək olmur. Həmin pulu əhalidən geri çəkməyin yolu istiqraz buraxaraq onu geri almaqdır”.

Bir qayda olaraq hökumətin istiqrazlarının faizinin aşağı olduğunu deyən S.Əliyev bildirdi ki, amma hazırda banklarda da dollar üzrə depozitlərə verilən faizlər aşağıdır. “Hər bir halda bazarda bu gün faiz aşağı düşüb. Ona görə hökumətin də xəsisliyini nəzərə alsaq, üç faiz onlar üçün son həddir. Amma seçim etməli olsaq, bank zəmanəti, yoxsa dövlət, əlbəttə, dövlət daha etibarlıdır”, deyə S.Əliyev vurğuladı.

Bəs, bu addım nəyisə dəyişəcəkmi? S.Əliyevin fikrincə, əgər əhali istiqrazlara etibar etsə, dövriyyədən kənar qalan kapital yenidən dövriyyəyə qayıtmış olacaq. Ikinci bir üstünlük bu olacaq ki, dövlət bu pulu xaricdən cəlb etsəydi, daha baha faizlə almalı olacaqdı. Daxildən yığılan vəsait isə daha aşağı faizli olacaq: “Istiqrazlardan yığılan vəsait büdcənin icrasına yönələcək. Amma o ayrı məsələdir ki, bu yığılan vəsaiti dövlət qurumları nə dərəcədə səmərəli xərcləyəcək. Amma manat istiqrazlarına ilkin dövrdə təlabat  olmayacaq. Çünki manatın taleyi ilə bağlı bu gün suallar qalmaqdadır”.

Xəyal