Ekspertlərə görə, hazırkı vəziyyətlə 90-cı il arasında paralellər aparılması düzgün deyil
Azər Mehtiyev: «Ötən müddət ərzində iqtisadiyyata iri neft pulları daxil olub, 90-cı ildə iqtisadiyyatda bu faktor yox idi»
Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən dövlət başçısı Ilham Əliyev bir sıra maraqlı bəyanatlat verdi.
Onlar sırasında diqqət çəkən bəyanatlardan biri də I.Əliyevin hazırkı vəziyyəti yenicə müstəqillik qazandığımız dövr ilə müqayisə etməsidir: “Biz özümüz-özümüzü təmin edirik. Düzdür, keçən il çətin il olmuşdur. Amma nə olar, biz çətinliklə də üzləşməliyik. 1990-cı illərdən çətin dövr olmamışdır. Olur, indi dünya iqtisadiyyatı dövri xarakter daşıyır. Biz uzun illər ərzində yüksələn xətlə getmişik. Indi dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərə görə tənəzzül yaşanır. Biz də dünya iqtisadiyyatının bir parçasıyıq”.
Amma dövlət başçısın bu müaqayisəsi bəzi paralellər aparmağa vadar edir. Öncə onu vurğulamaq yerinə düşər ki, 90-cı ildə devalvasiya və inflyasiya hazırkından yüksək olsa da, əhalinin güzaranı və banklardan asılığı hazırkı kimi deyildi. Ərzaq məhsullarının qiyməti də hazırkı sürətlə artmırdı. Ölkə bu dərəcədə idxaldan asılı deyildi.
Eyni zamanda onu da qeyd etmək yerinə düşər ki, hazırkı inhisarçılığın, gömrükdə rüşvət və korrupsiyanın o dövrdə yüksək olmaması iqtisadi situasiyanı tam fərqli edirdi. Digər tərəfdən sahibkarlara qarşı təzyiqlərin geniş vüsət almaması, onların fəaliyyətinin tam məhdudlaşdırılmaması da iqtisadiyyata rahat nəfəs almağa imkan verirdi.
Münasibətini öyrəndiyimiz ekspert Azər Mehtiyev də bildirdi ki, hazırda yaranan iqtisadi vəziyyətlə yeni müstəqillik qazandığımız illəri müqayisə etmək kökündən səhv yanaşmadır. SSRI-nin süqutundan sonra Azərbaycan iqtisadiyyatının ittifaqın tərkibindən tam dağınıq formada çıxdığını deyən A.Mehtiyev vurğuladı ki, həmin illərdə Azərbaycan iqtisayyatında münasibətlər yenidən qurulurdu. Amma həmin zaman kənd təsərrüfatının səviyyəsinin daha normal olduğunu düşünən A.Mehtiyev bildirdi ki, iki dönəmin müqayisəsi həm də son ildə ölkəyə gələn neft pulları baxımından da yanlışdır: “Ötən müddət ərzində iqtisadiyyata iri neft pulları daxil olub. Bu vəsaitlər Azərbaycan vətəndaşının yaşam tərzinə, gəlirlərinə, ümumilikdə iqtisadiyyata təsir edib. Amma 90-cı ildə iqtisadiyyatda bu faktor yox idi. Ona görə hər iki dövrün müqayisə yanlışdır”.
Xəyal