Azərbaycan Mərkəzi Bankının (AMB) dünən keçirdiyi növbəti valyuta hərracında da hərraca çıxarılan dollar kütləsinin böyük hissəsi satılmamış qalıb. AMB-dən verilən məlumata görə, 27 yanvar 2016-cı il tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.Hərracda iştirak edən 18 bank tərəfindən məcmu tələb 67,161 mln ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.
Mərkəzi Bankın bu məlumatı inandırıcı görünmür. Çünki ölkədə dollara ciddi tələbat olduğu halda bankların yarısının hərracda iştirak etməməsi real deyil. Nəzərə alaq ki, bankların Mərkızi Bankdan aldığı dolları 4 faiz baha satmaq hüququ var. Indiki məqamda hər hansı bankın bu imkandan imtina etməsi də inandırıcı deyil. Banklara dolların nə səbəbdən satılmadığına isə heç bir aydınlıq gətirilmir.
Bəzi ehtimallara görə, bu bankların konsolidasiyası ilə bağlıdır. Hökumət bəzi bankları iri banklara birləşdirmək istəyir. Ölkə başçısı Ilham Əliyev də son müşavirəsində bunu xüsusi vurğuladı.
Bu arada məlumat yayılıb ki, yaxın vaxtlarda Azərbaycanda başlayan bankların konsolidasiya prosesi çərçivəsində “Paşa Bank”, “Kapital Bank” və “AtaBank” ASC-lərin birləşəcəyi gözlənilir. “Report” bildirir ki, bu barədə bank mənbələrindən məlumat verilib. Lakin saytın müvafiq sorğularına bu bankların rəsmiləri mümkün konsolidasiya ilə bağlı konkret cavab verməyiblər.
“Paşa Bank”da məlumatı nə təsdiq, nə də təkzib ediblər. Bankdan rəsmi olaraq bu barədə məlumatsız olduqlarını açıqlayıblar. “Kapital Bank”da isə məlumatı təkzib ediblər.
“AtaBank”da da məlumatı nə təsdiq, nə də təkzib ediblər.
“AtaHolding”də bu barədə hər hansı məlumatın olmadığı bildirilib.
Hazırda ölkədə 37 bank fəaliyyət göstərir. Bu il ərzində Mərkəzi Bank tərəfindən 6 bankın -“Bank of Azerbaican”, “Gəncəbank”, “United Credit Bank”, “NBC Bank”, “Qafqaz Inkişaf Bankı” və “Atrabank” ASC-lərin bank lisenziyaları ləğv edilib. Bu, yüzlərlə insanın işsiz qalması deməkdir. Təkcə “Atrabank”ın 13 filialı, 3 şöbəsi və 28 valyutadəyişmə məntəqsi var idi.
Marja.az isə xəbər verir ki, “NBC Bank”ın bağlanması 200 nəfərin işsiz qalması deməkdir.
Azərbaycanda manatın təkrar devalvasiyasından sonra bank olmayan kredit təşkilatları xərclərin optimallaşdırılması istiqamətində tədbirlər görməyə başlayıb. Bunu isə fins.az-a Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib. Onun sözlərinə görə, hazırda BOKT-lar gəlirliliyi aşağı olan filiallarını bağlayır, işçi heyətində ixtisarlar aparır: “Bundan başqa, krediti qaytarmaqda çətinliyi olan müştərilərə onların cari vəziyyətdə ödəmə imkanlarına uyğunlaşdırılmış ödəniş qrafiki təqdim olunur. Müştərilərin kredit tarixçəsi və ödəmə qabiliyyəti əsasında kreditləşmə də az da olsa davam edir. Üstünlük uzunmüddətli müştərilərə verilir”.




