Jurnalistin ölümünə görə həbs olunan futbolçunun azadlığa buraxılması haqda vəsatət təmin olunmadı
Adəm Məmmədov: “O işin nəticəsi bəlli olmadan Cavid Hüseynovu həbs etməklə istintaq orqanı qanunsuzluq edib“
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsilə əlaqədar həbs olunan futbolçu Cavid Hüseynov məhkəmə qarşısına çıxarılıb. CM–nin 307-ci (cinayəti bilib xəbər verməmə və ya gizlətmə) maddəsilə ittiham olunan Cavid Hüseynovun işinə Səbail rayon Məhkəməsində hakim Elmar Rəhimov baxır.
Yanvarın 27-də bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Amma prosesi izləməyə gələn media nümayəndələri məhkəmə zalına buraxılmayıb. Hakimin göstərişilə Cavid Hüseynovun yaxınları içəri daxil olandan sonra məhkəmə nəzarətçiləri zalın qapısını bağlayıb.
Hazırlıq iclasında baş verənlərə gəlincə, futbolçunun vəkili Adəm Məmmədov iki vəsatət qaldırıb. Bunlardan biri məhkəmə prosesinin dayandırılması və Cavid Hüseynovun barəsində həbs–qətimkan tədbirinin dəyişdirilməsi haqda olub. Digər vəsatətdə isə vəkil jurnalisti döyüb öldürməkdə ittiham olunan əlaqədar beş nəfərin işi üzrə məhkəmə prosesinin hansı mərhələdə olduğunu müəyyənləşdirmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinə sorğu göndərilməsini xahiş edib.
Qısa müşavirədən sonra hakim hazırlıq iclasının qərarını elan edib. Qərara əsasən, vəsatətlərin heç biri təmin olunmayıb, iş məhkəmə baxışına verilib. Məhkəmə baxışı fevralın 10-na təyin edilib.
Xatırladaq ki, Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və ertəsi gün Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu iş üzrə Cavid Hüseynov da daxil olmaqla, altı nəfər həbs olunub. Futbolçunun bibisi oğlu Elşən İsmayılov da daxil olmaqla, digər beş nəfər jurnalisti döyüb öldürməkdə təqsirləndirilir və onların işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Cavid Hüseynovun işi üzrə icraat isə istintaqın sonunda ayrılıb.
Məhkəmədən sonra vəkil Adəm Məmmədov media nümayəndələrinin suallarını cavablandırıb:
– Hesab edirəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan digər iş üzrə yekun qərar qəbul olunmadığına və hökm qüvvəyə minmədiyinə görə bu işin araşdırılması obyektiv ola bilməz. Çünki bu işə baxılması o biri işin nəticəsindən asılıdır. O biri iş üzrə hökmdən narazı qalan tərəflər apellyasiya şikayəti verə bilər. Yəni o işin hökmü qüvvəyə minənə qədər xeyli vaxt keçə bilər. Cavid Hüseynova verilən ittiham az ağır cinayət hesab olunur. Bu müddətdə hüquqlarını müdafiə etdiyim şəxsin həbsdə saxlanılması doğru deyil. Həmin hadisənin cinayət olduğunu məhkəmənin hökmü təsdiqləyir. Belə bir hökm də hələ ki, yoxdur. O işin nəticəsi bəlli olmadan Cavid Hüseynovu həbs etməklə istintaq orqanı qanunsuzluq edib. Məhkəmə təcrübəsində ilk haldır bu.
– Məhkəmə faktiki qapalı keçirilir, səbəb nədir?
– Buna hakim özü qərar verib, bizim belə bir vəsatətimiz, xahişimiz olmayıb.
– Prosesdən əvvəl də ehtimallar səsləndirilirdi ki, Cavid Hüseynovun işinin ayrılmasında məqsəd məhkəməni gizli keçirib, onun xeyrinə qərar verməkdir…
– Mən istərdim ki, bütün jurnalistlər iştirak eləsin. Hövbəti məhkəmə iclasında bu barədə vəsatət də verəcəm. Biz özümüz də maraqlıyıq ki, həqiqət üzə çıxsın və hamı görsün. Çünki iş materiallarından görünür ki, Cavid Hüseynovun baş vermiş hadisəyə heç bir aidiyyəti yoxdur. Mətbuat nümayəndələrinin buraxılmaması şübhə yaradır. Bu da bizim üçün yaxşı hal deyil. Qohumları da, müdafiəçi olaraq, mən də prosesin açıq keçirilməsini istəyirik.
Çalışacağam ki, cinayət işinin materiallarını mediaya təqdim edim. Oradakı “Whatsapp” yazışmalarından da görünür ki, Cavid Hüseynov “sənlik deyil” məzmununda mesac yazıb. Elşən də ona bildirir ki, “o, mənə ana söyüşü söyüb, bunun sənə aidiyyəti yoxdur“. Hətta mesajların birində yazır ki, “gedin, polisə təslim olun“.
– Cavid Hüseynovun işi istintaq başa çatandan, tərəflər iş materialları ilə tanış olandan sonra birdən–birə ayrıldı. Buna nə zərurət vardı?
– Tərəflər cinayət işinin materialları ilə tanış olanda artıq Cavid Hüseynovun işi ayrılmışdı. Mən də bunu bilirdim. Sadəcə, zərərçəkmişin nümayəndəsi buna diqqət yetirməyib.
– Bəs niyə Cavid Hüseynovun barəsindəki cinayət işinin materialları başqa bir işdə zərərçəkmiş olan tərəfə tanış olmaq üçün təqdim olunub?
– Cinayət işinin materiallarını hamısı birlikdə təqdim ediblər. Onların arasında işin icraatının ayrılması barədə qərar da olub. Amma müdafiəçi onu oxumayıb.
– Konkret nə vaxt ayrılıb?
– Dəqiq tarix yadımda deyil. Amma dəqiq bilirəm ki, zərərçəkmişin nümayəndəsi iş materialları ilə tanış olarkən Cavid Hüseynovun işi ayrılmışdı.
Aytən Məmmədova