Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı bu ölkədəki hadisələrdən narahatdır
Mirvari Qəhrəmanlı: “Neftçilərin aksiyası pis rəftarın nəticəsidir “
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) İctimai Birliyi Qazaxıstandakı son olaylara münasibət bildirib. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, Qazaxıstanda neftçilərin müxtəlif vaxtlarda keçirilən tətillərinə məhəl qoyulmadığına görə bu cür situasiya yaranıb: “2011-ci ilin əvvəlindən Qazaxstanın Janaozen şəhərində neftçilər əmək haqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması və sosial güzəştlərin tətbiq olunması tələbi ilə tətillər keçirirlər. Bu ilin yayında isə Qazaxıstan neftçilərinin mövcud vəziyyətlə əlaqədar ölkə başçısına müraciəti hazırlanaraq, Astanada prezident aparatına təqdim edilmişdir. Lakin bundan sonra müxtəlif vaxtlarda keçirilən tətillərdə qoyulan əmək, sosial-iqtisadi tələblər yerinə yetirilməmiş, problemlərin həllinə etinasız yanaşma davam etmişdir. Məhz bunların nəticəsidir ki, neftçilərin reallaşdırdığı dinc aksiya faciə ilə nəticələndi. Artıq Janaozendə həlak olanların sayı 15-ə çatıb. Onların əksəriyyəti gənclərdir, öldürülənlər arasında bir qadın və 16 yaşlı bir gənc də var”.
Hazırda Qazaxıstandakı vəziyyətin Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatını da narahat etdiyini vurğulayan M.Qəhrəmanlı əlavə edib ki, təmsil etdiyi təşkilat Janaozen neftçilərinə dəstək verir, onlara qarşı olan zorakılığı pisləyir və buna son qoyulmasını qətiyyətlə tələb edir.
İnformasiya şöbəsi


