Belə getməz!

Daha dürüstü, belə davam edə bilməz. Amerika-filan kəşf eləmirəm, məntiq diqtə edir bunu. Qanmaz uşaqlar, dərketməsində problemi olanlar və REJIMIN atalıq qayğısına rəğmən kef çəkənlər istisna olmaqla, hər kəsin bu fikirdə olduğu qənaətindəyəm.

Məntiq onu da deyir ki, müxalifət və digər narazı qüvvələr  proseslərə müdaxilə etməsə belə, SON görünür. Beynəlxalq insan haqları təşkilatlarının, siyasi institutların, Avropa Şurasının, ATƏT-in, ABŞ Dövlət Departamentinin və sairlərin bu rejim barədə neqativ açıqlamalarını, rəylərini bir kənara qoyuram, tayfa daxilindəki intriqalara, komanda üzvlərinin bir-birinə anormal münasibətinə də toxunmuram, 20 ildir itirilmiş 20 faiz torpaqlarımız, çiçəklənən rüşvət və korrupsiya, günü-gündən dəyərdən düşən əxlaqi dəyərlər də bir yana dursun, özlərinin uydurduqları yalanları həqiqət kimi qəbul etmələri SONun yaxınlaşdığından xəbər verir.
Bir az xırdalamağa dəyər. 18 ildir xalqın beyninə yeridilir ki, sən yaxşı yaşayırsan və biz də sənin daha da yaxşı yaşamın üçün əlləşirik. Sivil dünyada qəbul olunmuş, Birləşmiş Millətlər Təşkilatının (BMT) insan kimi yaşamaq üçün nəzərdə tutduğu kriteriyaların bunlara əsla dəxli yoxdur.
Bunlar aylıq istehlak sərfinin minimum əmək haqqından və ya təqaüddən artıq olmasına görə utanmırlar. Utanmaları bir yana, qocaların, şikəstlərin gözlərinin içinə deyirlər ki, etirazın əbəsdir, sən rəva bildiyimiz maaşla, təqaüdlə yaxşı yaşayırsan.
Vətəndaşın evini dağıdırlar, mülkünü əlindən alırlar, səsini çıxaranın ağzını-burnunu əzirlər, di gəl ki, bir əcnəbi gələn kimi demokratiyanın bərqərar olmasından, insan hüquqlarına sayğıdan, qayğıdan moizə oxuyurlar.
Acın qulağını doldururlar ki, sən toxsan və “analoqsuz inkişaf” mahnısını oxumalısan, evi başına uçurulana, haqqı tapdanana deyirlər ki, “regionda liderik” rəqsini ifa etməlisən.
Statistik göstəriciləri beynəlxalq standartlara uyğunlaşdırırlar və ona görə də Azərbaycana yaxından bələd olmayanlar quru rəqəmlərə baxanda düşünürlər ki, millət burada kef çəkir. Həqiqəti bildikdən sonra gözlərini bərəldirlər.
Yalan bu rejimin çökməsində əlahiddə rol oynayır. Özləri uydurduqları və cəmiyyətə həqiqət kimi sırımaq istədikləri yalan dağıdacaq bunların tifağını.
Çünki gecə-gündüz utanmadan və usanmadan deyirlər ki:
– Iqtisadiyyat analoqsuz inkişaf edir;
– Korrupsiya və rüşvətə qarşı mübarizə aparılır;
– Təhsilin səviyyəsi yüksəkdir;
– Elmə atalıq qayğısı göstərilir;
– 900 min iş yeri açılıb;
– YAP üzvlərinin sayı 500 mini ötüb;
– Əhali pulsuz tibbi xidmətlə təmin olunub;
– Və sair və ilaxır…
Bütün bunların YALAN olduğunu özləri də bilir, biz də bilirik, dünya da bilir. Və ən dəhşətlisi odur ki, YALAN istehsal edən mexanizmi təkmilləşdirməkdə davam edirlər.
“Əvvəl yalan gəlir, sonra böyük yalan gəlir və sonda statistika təşrif buyurur”. Mark Tven belə deyirdi. Bunlarınkı artıq statistikadır. Statistika ilə Azərbaycanı göylərə qaldırırlar, bir gün o göydəndüşmənin baş verəcəyinin fərqində də deyillər.
Çünki düşünürlər ki, dünyada təzahür edən DƏYIŞMƏ Azərbaycana təşrif buyurmayacaq.
Düşünürlər ki, sülalə hakimiyyəti əbədi olacaq.
Yanılırlar. Azərbaycanın dəyişməz qalması mümkün deyil.
Azərbaycan mütləq dəyişəcək. Və dəyişəcək Azərbaycanda YALAN bir daha qanad açmayacaq.