«Lənkəran xanının vəziri» ilə açılan səhnə
Bugünkü Milli Dram Teatrının tarixi milli peşəkar teatrımızın yaranması ilə bir günə təsadüf edir. Görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı realnı məktəbinin şagirdləri 1873-cü il martın 10-da “Nəciblər klubu”nda M.F.Axundovun “Lənkəran xanının vəziri” komediyasını tamaşaya qoydular. Bununla professional Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram Teatrının (AMDT) bünövrəsi qoyuldu. Teatr yetmiş iki il ərzində (1919-1991) öz adını dəfələrlə dəyişdirmək məcburiyyətində qalıb.
Bakı şəhərində yaranıb fəaliyyət göstərən bu teatr 1919-cu ildə dövlət himayəsinə keçib. Bununla da kollektiv “Hökumət Teatrosu” adlanıb. Eyni zamanda, afişalarda, proqramlarda, qəzet məqalələrində sənət ocağının adı “Azərbaycan Dövlət Türk Teatrosu”, “Dövlət Türk Teatrosu”, “Dövlət Teatrosu” kimi də yazılıb. Rəsmi olaraq, 24 oktyabr 1919-cu ildən 27 aprel 1920-ci ilə kimi bu adla (adlarla) fəaliyyət göstərən teatrın öz binası olmayıb. Kollektiv hazırladığı tamaşalarını əsasən opera teatrının binasında oynayıb.
1920-ci ilin 28 aprelindən sonra yeni ictimai-siyasi tələblərlə, həmçinin yeni xətlə fəaliyyətə başlayan kollektivə yeni ad verilib: “Birləşmiş Dövlət Teatrosu. Müstəqil Azərbaycan Hökumətinin Türk Teatr Truppası”.
Teatr 1920-ci il mayın 4-də Şəmsəddin Saminin “Dəmirçi Gavə” faciəsi ilə yeni yaradıcılıq mərhələsinə qədəm qoyub. Tamaşalar Opera Teatrında və fəhlə klublarında (daha çox Mərkəzi Fəhlə klubunda – hazırkı Konstitusiya Məhkəməsinin yerləşdiyi bina) göstərilib. Birləşmiş Dövlət Teatrına opera teatrının kollektivi və müxtəlif millətlərin müvəqqəti teatrları da daxil idilər. Tağıyev teatrının binası 1920-ci ildə rəsmi sənədlə Türk Teatr Truppasına (Milli Dram Teatrına) verilib. Hökumət iki il əvvəl yanmış binanın əsaslı təmirinə və bərpasına başlayıb.
Azərbaycan SSR Xalq Maarif komissarlığının 1 mart 1922-ci il tarixli qərarı ilə Azərbaycan (türk) teatr truppası müstəqil elan edilib. Yəni rus, yəhudi, Ukrayna… truppalarından və rus operası dəstəsindən ayrılıb. Üç nəfərdən, Əbdürrəhim bəy Haqverdiyev, Ağakərim Şərifov və Əzimovdan ibarət Repertuar Şurası yaradılıb.
Mart ayındakı qərardan bir müddət sonra hökumət rəsmi sənədlə teatrın adını yenə dəyişib. Bu dəfə kollektiv “Türk Dövlət Teatrosu” adlanıb. Az müddət keçib və teatra inqilabçı Dadaş Bünyadzadənin adı verilib. Hazırlanan tamaşalar üçün dərc olunan proqramların və afişaların yuxarı hissəsində sənət ocağı belə təqdim edilib: Yoldaş Dadaş Bünyadzadə adına Türk Dövlət Teatrosu.
1922-ci ilin ilk günlərində Birləşmiş Dövlət Teatrı yenidən bərpa edilib. Lakin ciddi cəhdlərdən sonra Azərbaycan truppası öz müstəqilliyini saxlaya bilib və birləşmiş teatrın (rus operası və rus operettası kollektivlərinin) ümumi tabeliyindən çıxıb. Kollektiv özü rəmzi mənada birləşmiş teatr adlanıb, çünki opera və operetta truppaları da onun nəzdində idi. Həmin il yanvar ayının 17-də Türk Dövlət Teatrosu öz binasında (Tağıyev teatrında) Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (rejissor Aleksandr Ivanov) komediyası ilə pərdələrini açıb. Kollektiv bu binada 1960-cı ilin avqust ayına kimi çalışıb. Avqustda çağdaş memarlıq üslubunda təzəcə tikilmiş və Füzuli meydanında yerləşən indiki binasına köçüb.
Sonda Akademik Milli Dram Teatrı…
Azərbaycan SSR Xalq Maarif Komissarlığının kollegiyası 24 aprel 1923-cü ildə Bakıdakı mövcud teatrların adlarının dəyişdirilməsi barədə qərar verib. Həmin qərardan sonra Rus Operası Teatrı “Böyük Dövlət Teatrı” (BDT), Dadaş Bünyadzadə adına Türk Dövlət Teatrosu “Dövlət Malı Teatrosu” (DMT), Rus Dram Teatrı isə “Dövlət Teatrosu” adlandırılıb. Əslində, bu adlar kollektivlərin yaradıcılıq məzmununa deyil, daha çox binalara aid idi.
Növbəti ildə kollektiv bu adla fəaliyyətini davam etdirib: Dadaş Bünyadzadə adına Dövlət Türk Akademik Dram Teatrosu (DTAT). Teatr özünə yeni rəmz-emblem müəyyənləşdirib. Həmin dövrdə mətbuat “teatr” sözünü “teatro” və hətta “tiyatro” kimi yazıb. Xalq Maarif Komissarlığı kollegiyası 1929-cu il oktyabr ayının 21-də teatrın adının dəyişdirilməsi barədə daha bir təzə qərar verib. Dadaş Bünyadzadənin adı yenə saxlanılıb. Lakin DTAT sözlərini “Türk Bədaye Teatrosu” (TBT) deyimi əvəzləyib. “Bədaye” sözü “xudojestvennoye” kəlməsinin (Moskvanın MXAT kollektivi) analoqu kimi götürülüb.
Milli teatrımız 1933-cü ildə özünün yaranmasının 60 illiyini bayram edib. Bu münasibətlə martın 5-də teatrın adının dəyişdirilməsi barədə Azərbaycan Xalq Komissarları Sovetinin xüsusi qərarı çıxıb. Azərbaycan Dövlət Dram Teatrı inqilabçı Məşədi Əzizbəyovun adını daşımağa başlayıb.
1959-cu ildə Dövlət Dram Teatrı Moskvada keçirilən Azərbaycan Ədəbiyyat və Incəsənəti Dekadasında (ongünlüyündə) böyük sənət nailiyyətləri nümayiş etdirib. Qastrol müddətində kollektivin repertuar siyasəti, romantik və realist aktyor məktəblərinin formalaşması, rejissor üslubunun ciddi təkamül prosesi keçirdiyi SSRI-nin mərkəzi qəzetlərində çox yüksək qiymətləndirilib. Hətta teatrın baş rejissoru Ədil Isgəndərov SSRI xalq artisti fəxri adı ilə təltif edilib.
Bunu nəzərə alan Azərbaycan Nazirlər Sovetinin qərarı ilə 16 dekabr 1959-cu ildə teatra “Akademik” adı verilib. Təxminən otuz iki il teatr yaradıcılıq yolunu bu adla inkişaf etdirib: “Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı”.
Bakı şəhər Sovetinin 27 dekabr 1991-ci il tarixli qərarı ilə “Akademik” sözü saxlanılmaqla, teatrın adı dəyişdirildi. Həmin gündən kollektiv bu adla fəaliyyətdədir: “Akademik Milli Dram Teatrı”.
Böyük sənətkarlar yetişdirən məktəb
Teatrın 125 illik tarixində Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Əbülhəsən Anaplı kimi aktyor məktəbi yaradanlardan sonra, böyük aktyor və rejissor nəsli yetişmişdir: SSRI xalq artistləri Mirzağa Əliyev, Sidqi Ruhulla, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Ədil Isgəndərov, Hökumə Qurbanova, Ismayıl Dağıstanlı, Ismayıl Osmanlı, Möhsün Sənani, Rza Təhmasib (aktyor və rejissor), Əjdər Sultanov, Sona Hacıyeva, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Kazım Ziya, Məmmədəli Vəlixanlı, Əliağa Ağayev, Məlik Dadaşov, Əli Zeynalov, Tofiq Kazımov (rejissor), Ələsgər Şərifov (rejissor), Nəcibə Məlikova, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov, Rza Əfqanlı.
M.F.Axundovun, N.B. Vəzirovun, Ə.B.Haqverdiyevin, N..Nərimanovun, C.Cabbarlının, H.Cavidin, S.Rəhmanın, I.Əfəndiyevin pyesləri ilə pərvəriş tapan AMDT müxtəlif illərdə dünya klassiklərindən Şekspirin, Şillerin, Molyerin, Lope de Veqanın, Karlo Haldoninin, A.Dümanın, V.Hüqonun, H.Hauptmanın, Moris Meterlinkin, Balzakın, Yujin O Nilin, B.Nuşiçin, M.Sebastianın, H.Heynenin, Volterin, A.Ostrovskinin, A.Puşkinin, M.Lermontovun, L.Tolstoyun, N.Qoqolun, A.Çexovun və onlarca bu kimi dramaturqların əsərlərini repertuarına daxil edib. Əsrimizin əvvəllərində dəstələr halında Türkiyədə, Iranda, Volqaboyu şəhərlərdə, Orta Asiyada qastrol səfərlərində olmuş teatr, Dövlət Statusu aldıqdan sonra, Moskvada, Sankt-Peterburqda, Kazanda, Irəvanda, Tiflisdə, Daşkənddə, Aşqabadda, Türkiyədə, Kiprdə, Almaniyada qastrollarda olub. Teatrın 50, 75, 100 illik yubileyləri təntənə ilə keçirilib. “Şərqin səhəri” (Ə.Məmmədxanlı) tamaşası SSRI Dövlət mükafatına, “Antoni və Kleopatra” (Şekspir), “Mahnı dağlarda qaldı” (I.Əfəndiyev), “Şəhərin yay günləri”(Anar) və “Iblis” (Cavid) tamaşaları Respublika Dövlət mükafatlarına layiq görülüb.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir