Mirşahin Teleradio Şurası üzərində qismən qələbə qazandı

mirsahin-agayevANS-in cərimələnməsi üzrə qərarların ləğvi tələbilə iş yenidən birinci instansiya məhkəməsinə qaytarıldı

 

“ANS” Yayım və Media Şirkətilə Milli Televiziya və Radio Şurası arasında xeyli məhkəmə çəkişməsi var. Onların bir qismi də Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Dünən həmin işlərdən ikisi üzrə məhkəmə iclasları keçirilib. Hərçənd, ANS rəhbərliyi Bakı Apellyasiya Məhkəməsinə vəsatətlə müraciət edərək, şirkətin baş direktoru Mirşahin Ağayevin səhhətindəki problemlərlə əlaqədar prosesin təxirə salınmasını istəmişdi. Mirşahin Ağayev yanvarın 23-də ürək problemilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Dünən baxılan apellyasiya şikayətləri Mirşahin Ağayevin Teleradio Şurasına qarşı qaldırdığı iddialar üzrə Səbayel Rayon Məhkəməsinin çıxardığı qərarlardan verilib. Lakin ayrı-ayrılıqda apellyasiya şikayətlərinə baxan hakimlər Qədim Babayev və Sahibxan Mirzəyevin heç biri prosesin təxirə salınması barədə AHS-in vəsatətini təmin etmədilər. Sahibxan Mirzəyev bildirdi ki, ona ümumiyyətlə, belə bir vəsatət daxil olmayıb. Qədim Babayev isə bunu məhkəmənin təxirə salınması üçün tutarlı səbəb hesab etmədi.

Məhkəmədə ANS-i Ramin Əliyev, Teleradio Şurasını isə Toğrul Mirzəzadə təmsil edirdi.

Qeyd edək ki, Teleradio Şurası 13 oktyabr 2015-ci ildə verdiyi qərarla ANS-də müxtəlif verilişlər zamanı “Reklam haqqında” qanunun pozulmasını əsas gətirərək, şirkəti hər verilişə görə ayrı-ayrılıqda cərimələmişdi. Mirşahin Ağayev də məhkəməyə müraciət edərək, hər bir veriliş üzrə cərimə qərarlarının ləğvini tələb edib. Lakin Səbayel Rayon Məhkəməsi onun iddiasını təmin etməyib.

Dünənki məhkəmə iclaslarında ANS-in nümayəndəsi Ramin Əliyev bildirdi ki, qərar verilərkən qanunvericiliyin tələblərinə əməl olunmayıb. Onun sözlərinə görə, inzibati xəta aşkar olunarkən protokollaşdırılmalıdır, lakin Teleradio Şurası bu addımı atmayıb: “Bizə yalnız Teleradio Şurasının iclasının protokolundan çıxarış verilib”.

Teleradio Şurasının nümayəndəsi Toğrul Mirzəzadə isə bildirib ki, hər bir inzibati xəta protokollaşdırılıb. Həm həmin protokollar, həm də Şuranın iclas protokolları iş materiallarına daxil edilib. Lakin hər iki məhkəmə iclasında məlum olub ki, işin içində inzibati xəta protokolları yoxdur.

Hər iki hakim apellyasiya şikayətini qismən təmin edib. Səbayel Rayon Məhkəməsinin qərarları ləğv edilib və hər iki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.

 

Aytən