Hökumət Xədicə İsmayıla görə yenə sorgu-suala tutuldu

xedice-ismayil2Azərbaycan hökuməti  “Səs”in jurnalisti təhqir edən məqaləsinə görə Avropa Məhkəməsinə cavab verməlidir

Avropa Məhkəməsi araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıla görə Azərbaycan hökumətinə yenə sorğu göndərib. Bu dəfə hökumət Xədicə İsmayıla qarşı qarayaxma kampaniyası başlayan vaxtlarda “Səs” qəzetində dərc olunmuş təhqiramiz yazıya görə cavab verməlidir. 2012-ci il noyabrın 6-da “Səs”də “Tarixi deputatxana” sərlövhəli məqalə ilə əlaqədar Xədicə İsmayılın Avropa Məhkəməsinə göndərdiyi şikayət üzrə kommunikasiya mərhələsi başlayıb. Bu iş üzrə jurnalistin hüquqlarını həm yerli məhkəmələrdə, həm də Avropa Məhkəməsində Media Hüququ İnstitutu müdafiə edib. Bu barədə “Azadlıq”a Xədicə İsmayılın vəkili Fariz Hamazlı məlumat verib.

Xədicə İsmayıl “Tarixi deputatxana” adlı məqalədə şərəf və ləyaqətinin alçaldılmasına görə məhkəməyə müraciət edərək, “Səs” qəzetinin üzr istəməsi və mənəvi zərərə görə 50 min manat kompensasiya ödənilməsini tələb edib. Ölkədaxili məhkəmələr jurnalistin şikayətlərini təmin etməyib və belə olan halda, iş Avropa Məhkəməsi müstəvisinə çıxarılıb. Strasburqa göndərilən ərizədə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi və ailə həyatına hörmət) və 10-cu (ifadə azadlığı) maddələrində nəzərdə tutulan hüquqların pozuntusunun tanınması xahiş olunub.

Bu iş üzrə kommunikasiya mərhələsi yanvarın 7-də başlayıb. Avropa Məhkəməsi tərəflərdən “Səs” qəzetində dərc olunmuş “Tarixi deputatxana” məqaləsinin ingilis dilinə tərcümə olunmasını istəyib. Həmçinin hökumətə aşağıdakı suallar ünvanlanıb:

  1. Ərizəçinin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan şəxsi həyata hörmət hüququ pozulubmu?
  2. Ərizəçinin Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan ifadə azadlığı, xüsusən informasiya almaq və yaymaq hüququ pozulubmu?
  3. Ərizəçi Konvensiyanın 6.1-ci maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququna malik olubmu?

 

Aytən