Direktor və bağça müdirlərinə qan udduran kimdir?
Bakı şəhər Təhsil Idarəsinin dəhlizləri bu günlərdə tıxac sarıdan paytaxt küçələrindən heç də fərqlənmir. Anadolu türklərinin sözlərilə desək, idarədə müdir müavini Müslüm Qəzənfərovun otağının önündə quyruq uzanıb. Bu halın azı 24 dekabra qədər davam edəcəyi bildirilir.
30-a yaxın məktəb və 42 uşaq bağçasının hər birinin rəhbəri artıq 4 ildir hər il dekabrın bu çağında eyni məşəqqətli proseduru keçməyə məcburdur. Bu insanların hər biri rəhbərlərini – Müslüm müəllimi təbrik üçün növbələrdə vaxt keçirirlər. Axı 24 dekabr onun dünyaya göz açdığı gündür…
Təhsil sektorundakı mənbə “Azadlıq”ı bu təbrikləşmə olayının incəlikləri barədə məlumatlandırıb. Mənbənin sözlərinə görə, hər bir insanı necə, hansı qaydada təbrik etmək təbrik edənin ixtiyarında olsa da, 24 dekabrla bağlı özfəaliyyətə qəti qadağa var. Sanki Azərbaycanda insan bir, məmur isə başqa kateqoriyadan olan varlıqdır. Bu səbəbdən də ad günü üçün təbrik məktəb və bağça rəhbərliyinin qabiliyyəti və imkanları həddində müəyyənləşib. Müslüm müəllimə “mübarəkdir” demək üçün onlar heç bir halda xəsislik etməməlidirlər. Bu cür yersiz “xəsislik” cəsarətində bulunanları növbəti iclas və tədbirlərdə töhmət, şiddətli töhmət və başqa sanksiyalar gözləyir.
Mənbənin sözlərinə görə, direktor və bağça müdirləri təkcə ad günlərində yox, çoxsaylı bayram və seyranlarda da Müslüm müəllimin ziyarətinə gəlməyə məcburdular. Artıq bu hal dözülməz olduğundan bir neçə “şirinlik” qurbanı Bakı Təhsil şöbəsinin rəhbəri Nailə Rzaquliyevaya müraciət edib. Bu müraciətdə onlar “təbrikləşmələrin” öhdəsindən gələ bilmədiklərini, lakin buna etiraz etmək imkanlarının olmadıqlarını da göstəriblər. Şikayətçilər ehtiyatlanır ki, “adətdən kənara” çıxmaq onlarda yersiz qurama yoxlamaya və bunun nəticəsində həbsə səbəb yaradar.
“Biz bilirik ki, sizin də onun öhdəsindən gəlmək imkanlarınız geniş deyil. Çünki Müslüm müəllimin Hesablama Palatasında və Maliyyə Nazirliyində topdağıtmaz dayaqları olduğunu yaxşı bilirik. Sadəcə olaraq, xahiş edirik ki, həyatın bahalaşdığı bir anda Müslüm müəllim də bir pedaqoq kimi humanizm göstərərək, bizim əlavə yüklərimizi azaltsın…”, – deyə müraciətdə bildirilir.
Mənbənin sözlərinə görə, kifayət qədər iman və müsbət çaları özündə əks etdirən təhsil məmurunun adını Bakının pedaqoji kollektivi əzazil xasiyyətinə görə “Qəzzafi” ilə əvəzləyib. Hamı ara söhbətlərində onu liviyalı diktatorun adı ilə çağırır.
Natiq


