İran hökuməti dünyaya doğru, Azərbaycan hökuməti isə dünyadan qaçır
Dünya sürətlə demokratikləşir, avtoritar sistemlər sıradan çıxır, hətta qapalı sistemlər də dünya ilə inteqrasiyaya can atır. Çünki müasir dünyanın tələbi, dövlətin və millətin maraqları inteqrasiyanı zəruri edir. Korrupsiyaya könül vermiş, ölkəni şəxsi təsərrüfatı kimi qəbul edən, hikkəylə siyasət yürüdən hökumətlər isə dövləti məhvə aparır.
Uzun müddət Qərblə münasibətlərdə “buz dövrü” yaşayan ölkələr də başa düşürlər ki, dövlətin və millətin mənafeyi naminə buzları əritmək lazımdır. Ona görə də İran hakimiyyəti ciddi addımlar atdı və dünyadan təcrid siyasətinin effektsiz olduğunu təsdiqlədi. Bəli, artıq İrana qarşı sanksiylar ləğv olundu, İran öhdəliklərə əməl etdi və Qərblə aktiv əməkdaşlığa başladı. Bugünlərdə isə İran prezidenti Həsən Ruhaninin İtaliyaya rəsmi səfəri çərçivəsində ümumi dəyəri 17 milyard dollara yaxın bir sıra sazişlər imzalanıb. BBC-nin məlumatına görə, razılaşmalar əsasən energetika və infrastruktur sahələrinə aiddir. İmzalama mərasimindən sonra Ruhani İtaliyanın baş naziri Matteo Rentsi ilə Kapitoliyada ziyafətdə iştirak edib. Ardınca isə Ruhani Vatikanda Roma Papası Fransisk ilə görüşüb. Bundan sonra İran prezidenti Fransaya səfər edəcək. Parisdə “Airbus” şirkəti ilə 100-dən çox təyyarənin alınmasına dair sazişin imzalanacağı gözlənilir.
Göründüyü kimi uzun illər sanksiyalar altında boğulan İran yranmış fürsətdən istifadə edir və itirdiklərini bərpa etməyə çalışır. Ruhani başa düşür ki, dövlətin iqtisadi qüdrətini artırmaq, gələcəyini sığortalamaq üçün demokratik dünya ilə əməkdaşlığın alternativi yoxdur. Və ilk cəhdlər də göstərir ki, artıq milyardlıq layihələr həyata keçirilir. Yəni, hökumətin siyasi iradəsi kifayət etdi ki, dövlət hamar yola qədəm qoysun.
Bütün bunları xatırlatmaqda məqsədimiz Azərbaycan hakimiyyətinə daha bir nümunəni təqdim etməkdir. İran kimi qapalı, mühafizəkar, demokratik dünya ilə körpüləri yandırmış bir ölkə yenidən dünya ilə əməkdaşlığa can atır. Azərbyacan hökuməti isə hələ də antiQərb kampaniyası aparır, siyasi rəqiblərini iyrənc ittihamlarla həbsə atır, beynəlxalq öhdəliklərə əməl etməmək üçün manevr imkanları axtarır və s. Hələ də vətəndaşı necə aldatmaq, demokratiyadan necə qaçmaq barədə düşnür.
Amma Azərbaycanın uzun illər böyük şansları olub və İrandan fərqli olaraq heç bir sanksiya ilə üzləşməyib. Bugün də gec deyil və dünyaya real açılım etmək şansı var. İran hökuməti siyasi məhbusları azad etdi, nüvə məsələsində ortaq məxrəcə gəldi və bütün bunları qürur probleminə çevirmədi. Əksinə, bu addımlarla ölkə əhalisi də sevindi, dövlət də nəfəslik əldə etdi. Əliyev hakimiyyəti isə hələ də günahsız insanları həbsdə saxlayır, seçki saxtkarlığından imtina etmir, azad sahibkarlıq mühütü yaratmır və s. Amma mühüm olan budur ki, artıq Azərbyacan hökumətinə qarşı sanksiyalar gündəmə gəlib və sanksiyaların tətbiqi real görünür. Yəni, qapalı ölkələrin nəfəslik axtardığı, fürsət gəzdiyi bir vaxtda, Əliyev hakimiyyəti ölkənin bütün nəfəsliklərini qapatmaqla məşğuldu.
Məsələ burasındadır ki, İrandan fərqli olaraq Azərbaycanın iqtisadiyyatı yox səviyyəsindədir, ölkə idxaldan asılıdır və yeganə gəlir yerimiz olan neft də qiymətdən düşüb. Yəni, ölkənin küllü miqdarda xarici borcu var, işsizlik və yoxsulluq pik həddə çatıb, büdcə boşalır. Belə bir vaxtda dünyadan təcrid siyasəti ikiqat fəlakətlə nəticələnə bilər. Amma Azərbaycan hakimiyyəti öhdəliklərə əməl etsə, siyasi islahatlar aparsa, Qərblə 1-2 samballı iqtisadi əməkdaşlıq ölkəni böhrandan çıxarda bilər. İndiki halda isə Azərbaycanın neftsiz ixracı Gürcüstanın ixracından 2 dəfə azdır. Yəni, ölkənin potensialı məhv edilib və bunun səbəbi korrupsiya, avtoritarizm və hikkəylə idarə etməkdir.
Onsuz da bu idarəetməylə ölkə uçurumun kənarına gətirilib. Heç olmasa bundan sonra müsbət nümunələrdən ibrət götürmək lazımdır. İlham Əliyev üçün daha bir nümunəni Həsən Ruhani göstərdi və sübut etdi ki, Qərblə əməkdaşlıq dövlət maraqlarına zidd deyil.
Samir