natiqedilov

İlham Əliyev və soğançılıq

natiqedilovNatiq Güləhmədoğlu

İranın üzərindən beynəlxalq sanksiyalar götürldüyü günlərdə heç birimizin fikir vermədiyi balaca bir xəbər yayıldı. Deyilirdi ki, İlham Əliyev sanksiyarın yığışdırıldığı üçün İranı təbrik edib. Bunu oxuyub, fikrə daldım. İranın sevincini başa düşüləndir, bəs sənə nə olub, rəhmətliyin oğlu? Gəlin birgə cavab tapaq.

Qibleyi aləm doğrudan da hesab edirsə ki, dövlətin sanksiyasız, izolyasiya edilmədən yaşaması yaxşı haldır, sanksiya, izolyasiya pisdir, bəs Azərbaycanı özü niyə bu cürə idarə edir? Niyə dünyanın ölkəmizə sanksiya tətbiq eləməsi üçün əlindən gələni də edir, gəlməyəni də?

Əlimizə 5-10 manat pul gəlmişdi, hər tərəfə kəllə atırdıq, indi budur, quru yurdda qalmışıq, o tərəfdən də sanksiyalar qapımızı döyür. Hakimiyyət isə hələ də ərköyünlüyünü yerə qoymur. Belə olan halda o, gərək İranın sanksiyasız qalmasına sevinməyib, kədərlənəydi. Çünki indiki zəmanədə bəxt yoldaşı itirməkdən böyük müsibət yoxdur.

Uzun illər hökumət xalqın başın belə tovlayırdı ki, əsas iqtisadiyyatdır, dolanışıqdı, aclıq olan yerdə demokratiya boş şeydir. Yadımdadır ki, hətta 2006-da Ramiz Mehdiyev bu tezisi gücləndirmək üçün məqalə də yazmışdı. Məqalədə göstərilirdi ki, Azərbaycan 2008-ci ilə qədər bütün iqtisadi problemləri həll edəcək, maddi sərvətlər bolluğu yaradacaq və ondan sonra demokratiya məsələlərinin həllinə girişəcək. Hələ o vaxt ağıllı adamlar bunun cəfəngiyyat olduğun vurğuladılar, Azərbaycanda sosial və siyasi inkişafın bir-birindən əlahiddə mümkün olmadığını əsaslandırdılar. Ancaq neftin şırıltısı altında bu tənqidi səslər eşidilməz idi. İndi isə heç gur səslə həmin tənqidləri təkrarlamağa da ehtiyac qalmayıb. Əlahəzrət zaman özü İlham Əliyevlə Ramiz Mehdiyevin ixtira etmək istədiyi kəşfi puç bir şey kimi ifşa elədi. Neftin qiymətinin hörmətsiz bir səviyyəyə endiyi şəraitdə görnüdü ki, ölkədə nə demokratiya var, nə də işlək sosial-iqtisadi mexanizim. İndi bu sınıq- salxaq dövlət aparatı ilə əlahəzrət Avropa və ABŞ-la müharibəyə girişmək istəyir.

Belə sərkərdənin Aqil Abbas kimi də əsgəri olması çox məntiqidir. “Aqil Abbas və soğan” mövzusu bir az boyat olsa da, əlahəzrətin bu gün əyanlarına Naxçıvan istehsalı avtomobil almalarını tövsiyyə eləməsi söhbəti aktuallaşdırır. Aqil Abbasın Davos iqtisadi forumunun getdiyi günlərdə camaatı soğan əkməyə yollaması, İlham Əliyevin isə Davosdan qayıdandan sonra iqtisadi canlanma üçün Naxçıvan avtomobillərinin alış-satışına ümid bağlanması bir daha sübut edir ki, Azərbaycan yer kürəsində bir dövlət deyil. O, ayrıca bir planetdir, bəlkə də başqa qalaktikadır. Çünki dünyada olub keçənlərin, yeni iqtisadi-siyasi meyillərin, istiqamətlərin bizə dəxili yoxdur.

Davos forumunda əsas mövzu nə idi, bilirsinizmi? 4-cü sənaye inqilabı! Dünya 4-cü sənaye inqilabının gətirəcəyi üstünlükləri, zərərləri müzakirə etdiyi bir halda biz ibtidai icma quruluşuna, natural təsərrüfata göndərilirik.

4-cü sənaye inqilabı (İndustry 4.0 ) robortlar, sürücüsüz avtomobillər, xəyal belə eləmədiyimiz kommunikasiya vasitələrinin icadı dövrüdür. Qabaqcıl ölkələr artıq indidən narahatlıq içindədir ki, sabah-biri gün bu inqilab nəticəsində bir robort, yeni maşın yüz adamın gördüyü işi bacaracaq. Nə qədər işsiz kütlə yaranacaq, bunlar necəsə həll olunmalıdır. Bir yandan fiziki işləri azaldan, məhbusdarlığı sonsuz sayda artıran texnologiya, o biri yandan isə yeni inqilabın gətirəcəyi işsizlik. Dünya bunun giriftarıdır, bizim sərkərdə isə hələ soğan sahəsinin kvadratını ölçür. Nə acı!