aliyev-2013musavire2

İlham Əliyev məmurları “NazLifan”da gəzməyə çağırdı

aliyev-2013musavire2

Ölkə başçısı hər müşavirədə məmurlara xəbərdarlıq etsə də, ortada bir nəticə yoxdur

Ölkə başçısı Ilham Əliyev yanvarın 26-da regionların inkişafı proqramının gedişinə dair müşavirə keçirib. Ölkə başçısı çıxışında korrupsiya probleminə də toxunub.

Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. ”ASAN xidmət” mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur”, – deyə o qeyd edib.

Ilham Əliyev daha sonra məmurları xalqa xidmət etməyə çağırıb: “Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. Insanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.

Ölkə başçısı məmurları Naxçıvanda istehsal olunan “NazLifan” maşınlarını almağa çağırıb: “Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.

Qeyd edək ki, “NazLifan” Naxçıvan avtomobil zavodunda Çinin “Lifan” şirkəti ilə birlikdə istehsal olunur. Bu avtomobillər indiyədək əsasən əlillərə dövlət tərəfindən pulsuz paylanırdı. Azərbaycan məmurları isə əsasən “Mercedes”, BMW, “Lexus” və bu kimi başqa bahalı maşınlarda gəzməyi xoşlayırlar.

Onu da bildirək ki, Ilham Əliyev ötən müşavirələrdə də məmurlara hədə-qorxu gəlib, onlara xəbərdarlıq edib. Lakin hər dəfə belə müşavirədən sonra məmurların yenə əvvəlki qaydada işlədiyi bəlli olub. Bu baxımdan artıq cəmiyyətdə Ilham Əliyevin müşavirələri ironiya ilə qarşılanır. Vətəndaşlar düşünür ki, ya ölkə başçısı komandasının öhdəsindən gələ bilmir, ya da o, bu fikirlərində səmimi deyil. Məsələn, ötən müşavirələrdə də Ilham Əliyev məmurları vətəndaşlara, sahibkarlara münasibətdə qanun çərçivəsində davranmağa, onların problemlərini dinləyib həllinə kömək etməyi tapşırmışdı. Amma elə bir neçə gün əvvəl iqtisadiyyat naziri Şahin Mustafayev Saatlıda vətəndaşlarla görüş keçirərkən şikayətə gəlmiş Ramil Hüseynov adlı vətəndaşı qəbul otağından qovdurub. Ramil Hüseynovun atası Əli Hüseynov bununla bağlı media vasitəsilə ölkə başçısına müraciət edib. Bundan başqa artıq neçə müddətdir ki, Qəmbər Səfərov adlı vətəndaş ona məxsus gəminin oğurlandığı barədə ölkə başçısına müraciətlər edir. Bu məsələdə Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovu suçlayır. Dediklərini məhkəmə qərarları ilə sübut edir. Amma hələ də problem həll olunmamış qalıb.

Indi vətəndaşlar müşavirədə səslənən fikirlərə necə inansın?