Pərt olmuş ölkə

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Xalqı olduqca sərt şəkildə tənqid də etmək olar, aşırı tərifləmək də, hərçənd, təcrübə göstərir ki, hər ikisi çox vaxt mənasız və ziyanlı olur. Bəzən faydalı da ola bilir,  bu da niyyətə, əndazəyə, məzmuna, üsluba baxar. Tənqidlər və təriflər aydın düşüncə, yeni yanaşma, faydalı müzakirələr yaradarsa, inam və mütərəqqi dəyərlərə çağırış üçündürsə, ondan vaz keçmək olmaz. Məsələn, bizim elə bir satirik publisistika gələnəyimiz var ki, bir əsr öncə yazılmışları da oxuyanda necə qiymətli bir irs olduğunu anlayırsan. Ümumiyyətlə, bundan qorxmaq yanlışdır. Enində-sonunda “xalq” müzakirələri özümüz haqda bir debatdır, faydalı olmadıqda belə, faciə deyil.

Amma bir də var xalqdan qorxmayanlar – avtoritar siyasi rejimlərin təmsilçiləri və onların yaltaqları. Onlar xalqa zülmlər etməklə bərabər, toplumda zərərli düşüncə və yanaşmalar yaradır, qorxaqlıq, riyakarlıq, yaltaqlıq, savadsızlıq keyfiyyətlərinin yayılmasını gücləndirir. Xalqdan qorxmayanlar qınaqdan qorxmayan abırsızlıq və əxlaqsızlıq hallarını da çoxaldır. Belə dövrlərdə mədəni, mənən sağlam insanların da böyük əksəriyyəti zəif duruma düşür, çəkingən, ürkək hala düşür. Xalqdan qorxmayanların ayağı bundan yer alır, daha da irəli gedir, xalqı həmişə aldada, susdura, tapdalaya biləcəyini düşünürlər. Bu zaman onlar da xalq haqqında bəzi sərt tənqidlərin müəllifləri kimi ciddi yanlış düşüncəyə qapanırlar – guya əbədi qorxaq xalqlar var.

Xalqdan qorxmayanlar toplumları illərlə geri atır, ölkələri talamaqla yanaşı, onları keçmişin girdabında əsir saxlayır. Amma hələ heç bir rejim bir xalqı, bir ölkəni tarixin gəlişindən kənarda saxlaya bilməyib. 40 il quzu kimi yatan toplumlar bir gün qarşısıalınmaz qəhrəman kimi ayağa qalxır və onu əzən güclü rejimləri yerlə-yeksan edir…

Uzun illərdir ki, Ceyms Fenimor Kuper bütün dünyada sevilən “Sonuncu mogikan” əsərindən bir parçanı təbliğ edir, nümunə kimi yazılarda, çıxışlarda təkrar edirəm. Həmin əsərdə oxucuları heyran edən maraqlı təsvir var. Adam büzüşüb oturur, yanındakılardan və ətrafdakılardan heç nə ilə fərqlənmir, zəif və balaca görünür. Amma ayağa duranda, qamətini düzəldəndə onun necə boy-buxunlu, gövdəli və nəhəng biri olduğuna hər kəs heyrət edir. Hər gün ona rast gələnlərin də diqqətini bu qamət özünə çəkmiş olur. Xalqlar da belədir, susub oturanda məzlum, miskin, zəif və xırda görünür. Ayağa qalxanda isə onun gücü hətta lazım olandan artıq və bəzən də qorxulu görünə bilir.

Azərbaycan xalqı ayağa qalxmaqdadır. Bölgələrdəki etiraz aksiyaları ilk qaranquşlardır. Ondan qorxmayanlar ən azı savadsızlardır. Hələ də aldatmaq və qorxutmaq yolu ilə xalqı yerində oturtmaq ümidində olan YAP hakimiyyəti böyük tarixi səhvə yol verir. Görünür ki, Əliyevlər rejimi hansı odla oynadığının fərqində deyil.

Ortada olan sadəcə iqtisadi böhran deyil. Halbuki, Azərbaycanı bürüyən iqtisadi böhran da adisindən deyil, yalançı inkişaf nağıllarının bitib, biabırçı ifşaya çevrilməsidir bu. Necə yəni neft ucuzlaşıb, vəziyyət pisləşib? Neft olmayan ölkələr neyləyir bəs? Xalq pərt və qəzəblidir. Neftdən gələn pulların bu cür əldən çıxması xalqa bir təhqir kimi görünür. Bu cür oğru və bacarıqsız bir hakimiyyətə uzun illər aldanmaq ölkə vətəndaşlarını pərt edib. Hamı özünü dolandırılmış vəziyyətdə hiss edir.

Adamlar təkcə maddi sıxıntı çəkmir, təkcə uğursuz təhsil və səhiyyə ilə üz-üzə deyil, haqsızlıq, bərabərsizlik, ayrı-seçkilik, əngəllər, zərbələr hər yerdə insanları izləyir. Çörəklə aşılası deyil bu durum. Xalqın haqları tezliklə özünə qaytarılmalıdır, başqa çıxış yolu yoxdur. Hər şeydən öncə isə, xalq haqqında doğru düşünmək gərəkdir.