“Dəyişə bilmirlər, elə bilirlər hələ 30-40-cı illərdir”

Akademik Rafiq Əliyev son olaylarla bağlı «Azadlıq»a danışdı

«Bu eybəcərliklərə dözmək mümkün deyil»

 

Cəmi bir neçə saatlıq ünsiyyət kifayət edir ki, onun əsl ziyalı, əsl vətəndaş və ən başlıcası, əsl insan olduğuna əmin olasan. Saymaqla qurtarmayan elmi nailiyyətlərini, dünyanın nüfuzlu nəşrlərində yer alan saysız məqalələrini bir kənara qoysaq belə, Rafiq Əliyev ziyalı adını daşımağa layiq nadir şəxslərdəndir. Bu qiymətli ziyalıdan bəhs edən bir kitabda maraqlı bir fikrə rastladım: “Onun sadəliyi böyüklüyü qədərdir”. Mübaliğəsiz-filansız bu, həqiqətən də belədir…
Dünən Rafiq müəllimə qonaq olub onun adı ətrafında gedən olaylardan tutmuş, ölkədəki ictimai-siyasi vəziyyətə qədər bir çox məsələlərlə bağlı söhbət etdik.

“Işıq gələn yerə həmişə daş atırlar”

– Rafiq müəllim, bu çaxnaşmadan, bu qədər söz-söhbətdən sonra özünüzü necə hiss edirsiniz?
– Özümü çox yaxşı hiss edirəm. Bu çaxnaşma, bu qədər təlatümlər düzü, mənim üçün o qədər də gözlənilməz deyildi. Təxminən bir il əvvəl yazılarımın birində yazmışdım ki, hələ peyğəmbərin zamanından işıq gələn yerə daş atıblar. Mən o daşlara hazır idim. Yazmışdım ki, məni nələr gözlədiyini bilirəm. Mənim cavabım bir aydan sonra oldu, bir ay susdum. Kafedra müdirliyi, ümumiyyətlə vəzifə elə önəmli bir şey deyil. Mən hər bir vəzifə görmüşəm – rektor da olmuşam, başqa yerlərdə də işləmişəm. Söhbət ondan getmir. Söhbət, ədalətin pozulmasından gedir. Ondan gedir ki, bu qədər şər-böhtan ayaq açıb yeriyə biləcək ya yox? Məni qınayırdılar ki, Rafiq Əliyev özü susur, bir söz demir. Mənim çalışdığım elmi sahə belədir. Lap cavan vaxtımdan həmişə real həyatda olan qeyri-müəyyənlikləri tutmaq istəmişəm. Bütün elmi işlərim də, yazılarım, kitablarım da buna həsr olunub.  Düzgün qərar qəbul etmək üçün baxdığın sahənin xüsusiyyətlərini öyrənməlisən. Cəmiyyət də belədir. Susmağımın səbəbi cəmiyyətin nə vəziyyətdə olduğunu öyrənmək idi. Allaha min şükür ki, gözlədiyimi də aldım. Gördüm ki, cəmiyyət ayaqdadır. Ola bilsin, son on ildə bir balaca öləziyib, amma Allaha şükür ki, o dəyərlər ölməyib, ziyalı ruhu ölməyib. Insanların azadlıq ruhu ölməyib. Mən bunu müəyyən etmək üçün susurdum. Bunları biləndən sonra çox məmnun qaldım. Ona görə də, indi özümü yaxşı hiss edirəm.

– Deyirsiniz ki, təzyiqlərin olacağını əvvəlcədən gözləyirdiniz. Bəs, sizə qarşı kampaniyaya Ziyalılar Forumunun məhz həmin iclasından sonra start veriləcəyini bilirdinizmi?
– Ziyalılar Forumu üç ilə yaxındır yaranıb. Ondan qabaq da həmişə sözümü demişəm. Sizin qəzetdə də, başqa qəzetlərdə də, ekranlarda da. Cəmiyyətdə olan eybəcərliklərə həmişə müxalifətdə olmuşam. Bəzən belə iradlara rast gəlirəm ki, ziyalılar susmuşdu, indi oyanıb. Vallah susmamışdı. Ramiz Rövşən həmişə yazırdı, Rüstəm Ibrahimbəyov cəmiyyəti silkələyən povestlərini çap etdirirdi, Cəmil Həsənli parlamentdə oturanda da, oturmayanda da öz mövqeyini bildirirdi. Yəni susmaq olmayıb. Indi Ziyalılar Forumu bir yerdə deyəndə cəmiyyət müsbət reaksiya verdi. Mən buna çox şadam.

– Yəqin buna qədər hər kəs öz yaradıcılığı səviyyəsində deyirmiş. Bu deyilənlər də mətbuata çıxmadığından cəmiyyət tərəfindən reaksiya olmurmuş.
– Tamamilə doğrudur. Bir az taftalogiya olacaq, bunu bir neçə dəfə demişəm və yazmışam ki, əsl qəhrəmanlar siz jurnalistlərsiniz. Amma müstəqil, sınmayan jurnalistlər. Elm adamlarını çox tez sındırırlar. Istisnalar təbii ki, oldu – Qulu Məhərrəmli, Cəlal Allahverdiyev, Budaq Budaqov, Əkrəm Əylisli, Eldəniz Quliyev. Çoxdur, kiminsə adını unuda bilərəm. Cəmiyyətin durumunu öyrənmək, dinamikasını bilmək üçün gərək ona qıcıq verəsən. Qıcıq olmayanda reaksiya olmur. Bu qıcıqdan sonra bu dediyim adamlardan da, başqa sənət adamlarından da müsbət reaksiyalar gördüm. Əsas da onu gördüm ki, o ruh yaşayır, hələ ölməyib. Bu qıcıq ola bilsin, mənə fərdi baxımdan zərər vurdu, amma cəmiyyətin vəziyyətini öyrənmək baxımından çox faydalı oldu.

“Anlamırlar ki, bir mərhələ gəlir və insan dözə bilmir”

– Bu məsələ qabarmağa başlayanda hökumət qəzetlərində sizin və ümumilikdə Ziyalılar Forumunun əleyhinə silsilə yazılar dərc olunmağa başladı. Həmin yazıların birində bu forumu hakimiyyətdən incik düşənlərin, vəzifə ala bilməyənlərin, hökumət tərəfindən xahişi nəzərə alınmayanların birliyi kimi təqdim etdilər. Işarə vurdular ki, sizin tənqidi fikirlərinizin arxasında böyük iddialar durur.
– Bu, böhtan və şərdir. Rüstəm Ibrahimbəyov nə istəyir? Vəzifə istəyir? Onun adından böyük nə var? Azərbaycan bir də nə vaxt “Oskar” alacaq? Yaxud da Ramiz Rövşən vəzifə istəyir? Əstəğfürullah. Heç kim məndən inciməsin, indi Ramiz Rövşən Azərbaycanın bir nömrəli şairidir. Mən bir yazımda da yazmışdım ki, əgər ədəbiyyat sahəsində “Nobel” mükafatı olarsa, mən birinci Ramiz Rövşəni görürəm. Çünki onun tamam başqa yaradıcılıq manerası, məntiqi, dərinliyi var. Bu insan dünyada heç bir şey istəmir. Yaxud da Əkrəm Əylisli və ya Cəmil Həsənli. Tək 2011-ci ildə Cəmil Həsənlinin dünyanın müxtəlif ölkələrində 5 kitabı çıxıb. Ikisi də “Harvard” universitetində. Cəmil Həsənli nə istəyir? Ya anlayırlar, ya da… Mənə elə gəlir ki, anlayırlar. Tək bu deyil, o qədər böhtanlar var idi ki. Bir dənə düz olanı yox idi ki, deyəsən, biri həqiqətdir. Bu böhtanlar, qarayaxmalar – hamısı bilərəkdən idi. Amma vallah, yaxılmadı. O insanlara qara yaxmaq mümkün deyil. O cümlədən mən. Mən nəsə bir şey istəyirəm? Əstəğfürullah. Cəmiyyətdə olan bu eybəcərliklərə dözmək mümkün deyil. Bunlar anlamırlar ki, insan bir mərhələyə çatır və bu zaman onun əxlaq sipəri möhkəmdirsə, dözə bilmir. Bunlar ya anlayıb qəsdən belə edirlər, ya anlamırlar. Dəfələrlə demişik ki, Ziyalı Forumunda heç bir siyasi iddia yoxdur. Heç bir şeyə də can atmır. Ancaq cəmiyyətdə olan ağrıları göstərməyi özünə vicdan borcu sayır.

“O yazılardan 37-nin iyi gəlirdi”

– Deyirsiz ki, qara yaxmaq istədilər, amma alınmadı. O zaman sizin əleyhinizə başlatdıqları kampaniya nəyə hesablanmışdı? Onsuz da həmin qəzetlərin auditoriyası çox məhduddur. Belə çıxır ki, bu yolla sizə cavab veriblər.
– Mən yazımda da yazmışdım ki, dünya dəyişir, biz isə dəyişmirik. Biz dəyişməsək, onsuz da dəyişdirəcəklər. Bunu edənlər elə bilirlər ki, hələ 30-40-cı illərdir. Dəyişə bilmirlər. Mənim tanışlarımın arasında da çox belə adam var ki, professordur, akademikdir, böyük vəzifə tutub, amma kompüterə yaxın gedə bilmir. Onlar bilmirlər ki, bu gün virtual həyatla real həyat arasında məsafə çox qısadır. Çox şeyləri virtual həyat həll edir. Yəni dəyişə bilmirlər. Həmin o yazılardan da 37-nin iyi gəlirdi. Nə qədər iftiralar, böhtanlar, yalanlar oldu… Başqa üsulları yoxdur. Mən o adamların birinə də cavab vermədim. Cavab versəm, çox xırdalanaram. Bunlar dialoqa getməkdən çəkinirlər. Dialoqa getmək, insanlarla söhbət etmək lazımdır. Söhbət etməmək köhnə dövrlərdən qalmış üsuldur, o üsul da indi yerimir.

– Dialoqdan niyə çəkinirlər ki?
– Mənim bir yazım var idi, adı da belə idi – Allahın yanında ən böyük qüsur mənəm-mənəmlikdir. Nə qədər mənəm-mənəmlik olar? Bu yaramaz. Bu yəqin ki, təkəbbürdən irəli gəlir. Insanlara sayğı azdır. Hələ ki, bu cəmiyyətdə insana böyük sayğı yoxdur. Gərək, insanı insan kimi görsünlər. Mən bilən, dialoqa getməmək də oradan doğur.

– Sizinlə bağlı məsələdə Prezident Administrasiyasının da mövqeyi maraqlı olmuşdu. Ziyalılar Forumu Eldar Namazovun seçkiyə hazırlaşan qrupu kimi təqdim olunmuşdu. Sizcə, bu fikri də bilərəkdən ortaya atmışdılar?
– Əlbəttə bilərəkdən. Onlar bilirlər ki, bu, Eldar Namazovun qrupu ola bilməz. Milli kitab müsabiqəsi keçiriləndə Pərviz qalib olmuşdu. Orada müstəqil olmayan münsiflər dedilər ki, niyə mükafatı Pərvizə verirlər? Pərvizi birinci dəfə mükafatı ona təqdim edəndə görmüşdüm. Mən bilmirdim ki, o, köşə yazarı Pərvizdir. Biz müəllifə yox, onun əsərinə qiymət verdik. Rüstəm Ibrahimbəyov da, mən də, Cəmil Həsənli də, Elçin Şıxlı da – hamımız Pərvizə on bal vermişdik. Bu, ən yüksək bal idi. Orada da bu söhbət oldu ki, niyə iqtidardan olan yazara vermədilər? Mən heç bilmirdim ki, hökumət tərəfindən olan yazar kim idi. O vaxt mən cavab verəndə, dedim, özünüz düşünün. Əstəğfürullah, bu, təkəbbür deyil. Qəti təkəbbür deyil. Məndə təkəbbür yoxdur. Hər şeyə tolerantlıq var. Xədicə Ismayılova bir dəfə mənə sual verdi ki, deyirsiz, professor tələbəsindən rüşvət alır, o adamlara salam verərsiz? Dedim, salam verməsə, insan təklənər. Çünki çoxdular. Sonra belə bir sual verdi ki, sizin əleyhinizə yazanlara salam verəcəksiniz? Dedim, əlbəttə verəcəm. Əvvəla ona görə ki, yazıqdılar, onları o günə salıblar. Ikincisi də, salam Allahın adıdır. Bununla onları bir az da xəcalət təri basar.

“Imza atan professorlardan biri üç gecə yata bilməyib”

– Bəlkə də belə etməsəniz, özlərinə az da olsa bəraət qazandırarlar…
– Tamamilə haqlısınız. Sonra eşitdim ki, mənim əleyhimə  imza atan professorlardan biri üç gecə yata bilməyib. Amma nə faydası var? Bayaqkı fikrimi ona gətirirəm ki, kim Rüstəm Ibrahimbəyova təsir edə bilər ki, Pərvizə səs ver və ya başqasına? Təkəbbür kimi qəbul etməyin, amma kim mənə deyə bilər ki, filan adama səs ver. Hətta ən yaxın dostum da deyə bilməz. Mənim Amerikada çıxan bir kitabıma Zadə ön söz yazıb. Amma mən onu üç-dörd səhifəmdə tənqid etmişəm. Həyatda çox kompromisə gedərəm, o tolerantlıq var. Amma elmdə, publisistikamda kompromis olmur. Indi də bunlar başa düşürlər ki, başqa yolla təsir etmək mümkün deyil. Istədilər qara yaxalar ki, bu, kiminsə qrupudur, hətta iqtidarda olan adamlarla əlaqəsi var. Hamısı böhtandır. Şayiə də bir üsuldur, amma onu kobud eləyəndə yerimir. Rüstəm Ibrahimbəyovun, Əkrəm Əylislinin, Cəmil Həsənlinin arxasında çox şey durub axı. Əsərləri durub, adı durub, imicləri durub. Bu, ancaq və ancaq müstəqil, öz sözünü deyən, ziyalı adını daşıya biləcək şəxslərin könüllü yığıncağıdır. Əsas məqsədi də cəmiyyətdə bir aydınlıq yaratmaqdır. Biz cəmiyyətə ağrıyan yeri göstərmək istəyirik. Bunu vicdan borcu bilirik. Heç bir demokratik ölkədə ictimaiyyətin təsiri olmadan böyük qərarlar qəbul olunmur. Ictimaiyyəti oyatmaq lazımdır ki, öz haqqını tələb etsin. Bu, heç kimin qrupu ola bilməz. Nə Rüstəm Ibrahimbəyovun, nə Rafiq Əliyevin, nə də heç kimin.

– Bu kampaniyada BDU-nun müəllimlərini, Neft Akademiyasının rəhbər şəxslərini qabağa verdilər. Bütün bunlardan sonra cəmiyyət yalana imza atan o elm adamlarını necə ziyalı kimi qəbul edə bilər? Ziyalı onlardır, yoxsa heç bir elmi statusu olmayan, amma haqqın tərəfində olub, əsl ziyalı mövqeyi nümayiş etdirənlər?

ardı var

Gültəkin Knyazqızı