Rövnəq Abdullayev toplantı keçirdi; Qiymət Mehdiyev «fotodakı mənim həyat yoldaşım deyil» dedi
SOCAR-da mövcud olan Korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq, şirkətin Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyev barəsində yayılan xəbərlərlə bağlı araşdırma aparılır. Dövlət şirkətindən verilən məlumata görə, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, virtualaz.org saytının yaydığı məlumata əsasən, Q.Mehdiyevin həyat yoldaşı Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı 2014-cü il iyulun 4-də Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. K.Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən əldə edib. K.Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiya K.Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolara da malik olduğunu qeyd edib.

Yazıda eyni zamanda Q.Mehdiyevi şirkətinin vitse-prezidenti Mikayıl Ismayılovun himayə etdiyi vurğulanıb.
SOCAR-da isə şirkətin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə iclas keçirilib.
Iclasda vitse-prezidentlər, idarə və şöbə rəisləri, onların müavinləri, eləcə də digər yüksək vəzifəli şəxslər iştirak edib. Q.Mehdiyev də iclasa qatılanlar arasında olub.

Q.Mehdiyev həmçinin, ictimaiyyət qarşısına çıxaraq barəsində yazılanlara münasibət bildirib. ANS-in “Xəbərçi” verilişinin qonağı olan SOCAR rəsmisi yayılan məıumatların həqiqəti əks etdirmədiyini deyib: “Yayılan məlumatların heç biri həqiqətə uyğun deyil. Bu, mənə və ailəmə qarşı aparılan çirkin kampaniyadır. Mənim xanımım Türkiyədən yalnız 1 villa alıb, onun da qiyməti 60 min dollar civarındadır. Düşünürəm ki, bu qiymətə ev almaq hər bir normal ailənin büdcəsinə uyğundur. Kim mənim xanımımın adına başqa bir ev olduğunu sübut etsə, həmin villanı ona bağışlayacağam”.
Virtualaz.org saytı isə dəqiqləşdirib ki, Q.Mehdiyevin həyat yoldaşı Könül Mehdiyeva 1974-cü ildə Salyanda kasıb musiqiçi ailəsində anadan olub. Salyandakı 7 nömrəli məktəbi və Səttar Bəhlulzadə adına Incəsənət Məktəbini bitirib. Rəssamdır. Q.Mehdiyev özü də Salyanda anadan olub. Onların Türkiyədə daşınmaz əmlaka milyonlarla dollar yatırmasına baxmayaraq mehdiyevlərin çoxsaylı qohumları Salyanda kasıbçılıq şəraitində yaşayır.
Sayt SOCAR-dakı mənbələrə istinadla bildirib ki, hazırda şirkətdə bu qalmaqalla bağlı geniş daxili təhqiqat aparılır. Nəticələri barədə ictimaiyyət məlumatlandırılacaq.
Femida.az saytı isə məlumat yayıb ki, Q.Mehdiyevin oğlu Qismət Mehdiyev Barselonada təhsil alır. Sayt Q.Mehdiyevin həyat yoldaşının və xanımının fotolarını da yayıb.







