«Bu hakimiyyət ya başını itirib, ya da…»

«Görünən budur ki, zülmlə qurduğumuz dövləti məhv eləyirlər»

Aslan Ismayılov: «Zülfüqarlı qardaşlarının başına gələnlər Azərbaycanda yuxarı səviyyədə quldurluğun hökm sürdüyünün sübutudur»

“Zakir Qaralov bu gün hansı vəzifəni icra edir? Əgər o, baş prokurordursa, o zaman cavab versin ki, ölkədə baş verən, hətta beynəlxalq təşkilatların da xəbər tutduğu ağır cinayət hadisəsilə bağlı niyə heç bir tədbir görülmür? Yox, bizneslə məşğul olmaq istəyirsə, bunu da bizə desin ki, işimizi bilək…”, – deyə ölkənin tanınmış vəkillərindən olan Aslan Ismayılov dünən keçirilən mətbuat konfransında baş prokuror Zakir Qaralova müraciət edib.

Mülkiyyətə təcavüz

Azərbaycanda vətəndaşların mülkiyyətinə açıq-aşkar təcavüz olunduğunu deyən Aslan Ismayılov konkret olaraq, Zülfüqarlı qardaşlarının başına gətirilənləri bir daha qısaca danışıb. Bir neçə zavod (“Bakı Elektroştamp”, “Bakı Poladtökmə” və s.) sahibi olan qardaşların ümumiyyətlə, tanımadıqları Afət Əliyeva adlı qadından hədə-qorxu ilə pul tələb etmə adı altında tutulduğunu, həbsxanada olarkən “Bakı Poladtökmə”nin əllərindən alındığını və ardınca azad edildiklərini, həmçinin bütün bunların konkret faktlarla sübuta yetirildiyini diqqətə çatdırıb: “Dəyəri milyonlarla ölçülən zavodun alqı-satqısının bir günə baş verməsi, məhz qondarma cinayət işi əsasında Zülfüqarlı qardaşlarının həbsə atılmasından sonra bu alqı-satqının həyata keçirilməsi, bir gündə – 30 martda həbsxanada Nurəddin Etibarlıdan etibarnamə alınması, zavodun səhmlərinin 79,999 faizinin alqı-satqısına dair Gəray Məmmədovla müqavilə bağlanması və onun guya, bu səhmlərə görə 3 milyon 609 min 200 manat pul ödəməsinin özü də zavodun Zülfüqarlı qardaşlarının əlindən quldurluqla alındığını göstərir. Əvvəla, bir günün içində fiziki baxımdan bu işlərin hamısını çatdırmaq mümkün deyil. Digər tərəfdən, adı zavodun yeni sahibi kimi rəsmiləşdirilən Gəray Məmmədov hazırda Keşlədə, hətta şüşəsi belə olmayan bir gecəqonduda yaşayır.

Zülfüqarlıları Türkiyədə də rahat buraxmırlar…

Onu da qeyd edim ki, Zülfüqarlı qardaşları həbsdən azad ediləndən sonra zavodların fəaliyyətinə başlamaq istəyəndə onların qarşısına Əmlak Komitəsi yeni şərtlər qoyub, onlar da şərtlərə əməl ediblər. Komitədən tapşırıq verilib ki, “Bakı Poladtökmə”də yeni istehsal xətti quraşdırılsın, onlar da 1 milyon manat sərmayə qoyub quraşdırıblar. Bu xətt zavodun istehsal gücünü 2 qat artırmalıymış. Lakin xətt istifadəyə verilən gün “BAKUSTEELCOMPANY”nin direktoru Rasim Məmmədov Zülfüqarlı qardaşlarının ofisinə gələrək, səhmlərin qalan 20 faizini də ona verməyi, həmçinin ölkəni tərk etməyi tələb edib. Bunun yüksək vəzifəli məmurun göstərişi olduğunu bildirərək, yerinə yetirməyəcəkləri halda, qardaşları yenidən həbs oluncaqlarıyla hədələyib. Həmin vaxt Məmmədovun ətrafında olan 18 cangüdən silahlı olub. Onlar silah gücünə zavodun balansında olan, Zülfüqarlılara məxsus 18 milyon manatlıq əmlakı zorla alıb mənimsəyiblər. Bundan sonra çarəsiz vəziyyətdə qalan qardaşlar Türkiyəyə getməyə məcbur olublar. Amma onları Türkiyədə də rahat buraxmırlar”.

Kərəm Həsənovun planı

Aslan Ismayılov deyir ki, Gəray Məmmədovu tapıb, onunla söhbətləşib. Lakin bu görüşdən dərhal xəbər tutaraq, onun söhbəti davam etdirməsinə imkan verməyiblər: “Təxminən 15 dəqiqədən sonra zəng eləyib ona nəsə dedilər, dərhal çıxıb getdi. Bu adam deyir ki, mən yaşadığım daxmanı da verməyə hazıram, təki canım bu işdən qurtarsın”.
Vəkil məlumat alıb ki, zavodu ələ keçirənlər Gəray Məmmədovun artıq bu saxtakarlığa dözmək istəmədiyini bilir və onun adından sui-istifadə olunduğunu etiraf edəcəyindən ehtiyatlanır. Bu səbəbdən də yaxın vaxtlarda zavodun onun adından çıxarılıb Mahir Ağayev adlı şəxsin adına rəsmiləşdiriləcəyi bildirilir. Mahir Ağayev elə Gəray Həsənovun bibisi oğludur, onu bu işə Ağayev qoşub. Vəkilin sözlərinə görə, Mahir Ağayev də öz növbəsində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müavini, eyni zamanda, “sağ əli” sayılan Şahbaz Rüstəmovun sürücüsü olub, hazırda isə komitədə başqa vəzifədə çalışır.
Baş verənlərlə bağlı Korrupsiya üzrə Mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevdən tutmuş, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralova qədər ən müxtəlif instansiyalara müraciət etdiyini deyən Aslan Ismayılovun fikrincə, belə iri miqyaslı cinayətlə bağlı şikayətlərə reaksiya verilməməsi onun arxasında elə iri ranqlı da məmurun dayandığını göstərir: “Bu iş eyni zamanda, Azərbaycanda yuxarı səviyyələrdə necə quldurluğun hökm sürdüyünün sübutudur”.
Vəkil bugünlərdə Sulutəpədə evlərin uçurulması, vətəndaşlara qarşı törədilən vəhşiliklərə də toxundu: “Ya hakimiyyət başını itirib, nə elədiyini bilmir, ya da bilərəkdən ölkəni uçuruma aparır. Görünən budur ki, zülmlə qurduğumuz dövləti məhv eləyirlər. Baş verənlər ölkədə fəlakət yaşanacağından xəbər verir”.

Aytən Məmmədova