Kərəm Həsənovun müavinini təhdid edirlərmiş

Rafiq Cəlilovun saxlanmasının sirri «Azadlıq»da

Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun müavini Rafiq Cəlilovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının səbəbləri barədə redaksiyamıza ilginc məlumatlar daxil olub.
Xatırladaq ki, Rafiq Cəlilov dekabrın 11-də saxlanılıb. Onu  kabinetindən aparıblar və 2 gündən sonra sərbəst buraxıblar. Rafiq Cəlilovun hansı hüquq-mühafizə orqanı tərəfindən və nəyə görə saxlanıldığı bəlli deyil. Yeri gəlmişkən, hələ ki, bu xəbər komitə tərəfindən təkzib edilməyib.
Əldə etdiyimiz məlumatlara görə, Rafiq Cəlilovun saxlanılması bir nəfərin məsuliyyətə cəlb edilməsi ilə bağlı olub. Kərəm Həsənovun müavini həmin şəxsin törətdiyi cinayət epizodlarından biri ilə bağlı dindirilib. Həmin şəxsin adı və törətdiyi əməllər də bizə bəllidir. Sadəcə bəzi dəqiqləşdirmələr apardığımızdan, hələlik adını açıqlamırıq. Məlumatda həmçinin deyilir ki, həbs edilən şəxs Rafiq Cəlilovu təhdid edirmiş. Onun Kərəm Həsənovun müavinini hansı formada təhdid etməsinin ilkin təfərrüatları barədə məlumatlar var. Lakin bütün bunları növbəti saylarımızda oxucuların diqqətinə çatdıracağıq.