Naxçıvan korpusu ilə bağlı daha bir şok

Zabitlərin əmək haqları, əsgələrin isə yeməyi oğurlanır

Ötən saylarımızda məlumat vermişdik ki, Silahlı Qüvvələrin Naxçıvan korpusunda üsyan ola bilər. Bildirmişdik ki, korpusda uzun illərdir davam edən nizamnamə pozuntuları və korrupsiyanın dərinləşməsi vəziyyəti gərginləşdirib.
Tibb xidmətinə ayrılan vəsait mənimsənilib və xərclər zabitlərin maaşlarından tutulur. Bu da zabit heyətinin narazılığına səbəb olub. 
Dünən isə Naxçıvan korpusu ilə bağlı daha bir şok xəbər yayılıb. Bia.az saytının məlumatına görə, korpusun komandanlığı Müdafiə Nazirliyinin bəzi yüksək çinli məmurları ilə razılaşdırılmış şəkildə zabitlərin əmək haqlarını mənimsəməklə məşğuldurlar. Komandanlıq il ərzində bir neçə dəfə toplantı keçirərək, xidmətlərində qüsurlar tapılan zabit və gizir heyətinin əmək haqlarının kəsilməsinə qərar verir. Hərbi hissələrin komadanlıqları isə düşmənlə üz-üzə olan postları gəzərək zabit və gizirlərin xidmətlərində araşdırmalar aparır. Fəaliyyətlərində qüsur tapılanlar isə dərhal cərimə edilir və aylıq əmək haqları ikiqat tədqiqata endirilir.
Məlumatda həmçinin deyilir ki, əsgərlərin qida məhsulları da mənimsənilir. Bir əsgərə gün ərzində 750 qram çörək verməlidirsə, bu, 500 qrama salınıb. Bu hallar tək çörəklə deyil, başqa ərzaqların bölünməsində də baş verir. Məsələn, bir əsgərə 120 qram makaron düşürsə, bu çəki əksər vaxtlarda 70 qrama qədər düşür. Yaxud, qarabaşağın çəkisi gün ərzində 90 qram olmalıdırsa, bu da 50-60 qram həddindədir. Əgər bir əsgərə 500 qrama qədər toyuq əti düşürsə, ona da rəhbərlik əlac tapıb və çəkisini düz 350 qrama yendirib.