“Vergi yükünün artması sahibkara böyük zərbədir”

nemet-eliyev1Tanınmış iqtisadçı, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev rəsmi məlumatlara istinad edərək, ölkədə sahibkarların vergi yükünün artırıldığına diqqət çəkib və bunu yanlış siyasət adlandırıb. Nemət Əliyev feysbuk səhifəsində yazıb:

“Ümumi dövriyyənin 4,7% artması qarşılığında vergi yükünün 16,5% artması sahibkara böyük zərbədir.

Üstündə oturduğumuz budağı baltalamaq bağışlanmaz səhvdir. Onsuz da çox imkanlar əldən verilib. Vaxt gözləmir. Sahibkara, vətəndaşa sözdə deyil, əməldə dəstək vermək lazımdır. Onu bütün əlavə yüklərdən azad etmək çox vacibdir. Bunu dövr tələb edir. Zamanın ziddinə getmək olmaz!

Maliyyə Nazirliyinin yaydığı operativ məlumata görə qeyri-neft sahələrindən vergi daxilolmaları 16,5% artıb. Açması budur ki, Vergilər Nazirliyi 2015-ci ildə qeyri-neft sektorundan büdcəyə 712 milyon manat əlavə vəsait cəlb edib. DSK-nın yaydığı məlumata görə isə, həmin dövrdə qeyri-neft sektoru fiziki həcmdə 1,1 %, nominal bazar qiymətləri ilə 4,7% artıb. Hətta qeyri-neft sektorunda bu qədər artımın olmasını şübhə altına almasaq belə, dərhal sual doğur. Əgər ümumi dövriyyə 4,7% artıbsa, vergi ödəyicisini 11,8% əlavə vergi yükü ilə yükləmək hansı sağlam məntiqə sığır? Maliyyə durumunun daha da pisləşməsinin qarşısını almaq naminə vergi ödəyicisindən ən yaxşı halda 202 milyon manat əlavə vəsait büdcəyə cəlb olunmalı idi. Sahibkara, elə həm də əhaliyə imkan verilməliydi ki, (712 – 202) 510 milyon manat maliyyə vəsaitini yenidən qeyri-neft sahəsinə – istehsala, ticarətə, xidmətə yönəltsin ki, heç olmasa bu böhranlı dövrdə özünü tuta, biznes fəaliyyətini genişləndirə və növbəti dəfə büdcə öhdəliklərini yerinə yetirmək gücünü qoruya bilsin. Hazırkı münasibət isə, sahibkarı sərbəst maliyyə vəsaitlərindən məhrum etməklə qeyri-neft sektorunun gələcək inkişafını sual altında qoyur”.